Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5267/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 Saylı Bakı Ərazi qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev (əvvəlki H.Hacıyev) küçəsi 22 saylı evə aid Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən 1963-cü ildə verilmiş Texniki pasportun xx.xx.1975-ci il tarixdə vəfat etmiş atası-Mustafa-zadə X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-cı maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllələnin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Lakin, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş maraqlı şəxsin ərizəçinin müraciətinə cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X1 (sənəddə olduğu kimi) adı ilə bağlı tərtib edilmiş 1963-cü il tarixli texniki pasport idarənin arxivində mövcuddur. Buna görə mərhumla bağlı vərəsələrin dairəsinin müəyyən edilməsi ilə əlaqədar notariat orqanı tərəfindən təqdim olunmuş sənəd sorğuya əlavə edilməklə müraciət edildiyi təqdirdə müvafiq sənədlərin təsdiq edilmiş surətinin verilməsi mümkündür. Göründüyü kimi, mərhum Mustafa-zadə Əbdül-Həsən Mustafa oğluna məxsus sənədlərin surətlərinin verilməsi üçün notariusun vərəsələrin dairəsinin müəyyən edilməsi ilə əlaqədar sənədin reyestr orqanına təqdim edilməsinin vacibliyi qeyd edilir. Ərizəçi isə notariusun soyad və adda uyğunsuzluq olması səbəbilə notariat əməliyyatı aparmaqdan imtina etdiyini qeyd edir. Belə olan halda ərizəçi notariusun həmin imtinasını yazılı sənəd şəklində hazırki ərizəsinə əlavə etməli, həmçinin maraqlı şəxs olan daşınmaz əmlakın reyestr orqanına texniki pasportun mərhum Mustafa-zadə Əbdül-Həsən Mustafa oğluna məxsus olması ilə bağlı müraciət etməli, müvafiq imtinanı aldıqdan və hazırki ərizəyə əlavə etdikdən sonra məhkəməyə müraciət etməlidir. Çünki, ərizəyə əlavə edilmiş maraqlı şəxsin məktubunda ad və soyad uyğunsuzluğu ilə bağlı heç bir qeyd yazılmayıb. Azərbaycan Respublikası MPM-nin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş rüsum da ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268- 269-cu və 310-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, **********nömrəli qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-5267/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5267/2025
14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver