Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5309/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi (anası) X4 iştirakları ilə İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək 961,71 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 14 sentyabr 2023-cü il tarixdə Çıxarış verilmişdir. Həmin sahədə elektrik enerjisinin sərfıyyatına görə iddiaçıya qədər babası X2 (rəhmətə gedib 2006-cı il, sonradan atası X3 (rəhmətə gedib 2014-cü il) adına olduğundan onlar, istifadə etdiyi elektrik enerjisinə görə ödəniş həyata keçirirdilər. Lakin babası və atası dünyasını dəyişdikdən sonra onların adına olan abonent kodu üzrə borc yaranmışdır. Cavabdeh tərəf yaranmış işıq borcunu vaxtında almadığı üçün, həmin borcu iddiaçıdan almağa çalışır. Bu səbəbdən daim işıqları söndürməklə müəyyən miqdarda pul ödənişi etməyə məcbur edirlər. Torpağın mülkiyyətçisi olduqdan sonra ASAN kommunal müraciət edərək, öz adına yeni sayğacın qoyulmasını xahiş etdi. Lakin qurum tərəfindən şifahi qaydada imtina verildi. Cavabdeh tərəf işıqları kəsərək borcun ödənilməsini tələb edirlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı mülkiyyətində ünvan 1 torpaq sahəsi var (daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023). Həmin ünvanda yerləşən ev 0144, mənzil 002A abonent kodu üzrə qeydiyyatda X5 **********4002A kod ilə abonent kimi qeydiyyat alınmışdır. X5 iddiaçının atasıdır (AZ-İ seriyao=lı 033460 №-li doğum haqqında şəhadətnamə). İddiaçının atası X5 xx.xx.2013-cü il tarixdə ölmüşdür (603973 №-li ölüm haqqında şəhadətnamə). X1 adına olan abunə haqqında sənəddən aşağıdakılar görünür (**********4002A abonent kodu üzrə): xx.xx.2008-ci il tarixdən xx.xx.2024-cü il tarixədək sayğac üzrə göstərici 2239,11 manat, ödəniş isə 2248,96 manat olmuşdur; abonent barədə xx.xx.2008-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 865,49 manat məbləğində zərərlə bağlı aktlar tərtib edilmişdir: hazırda 855,64 manat borc var. Hazırda iddiaçı 961,71 manat borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.1-ci bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsi abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Cavabdeh iddia ərizəsinə etiraz verməmiş, tərtib edilmiş aktları məhkəməyə təqdim etməmiş, iddiaya münasibət bildirməmiş, nümayəndəsinin iştirakını keçirilmiş dörd iclasda təmin etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh 855,64 manat məbləğində borcun yaranma mənbəyinə dair sübut təqdim etmədiyindən iddia qismən təmin edilməli, həmin borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. 855,64 manat məbləğində borc **********4002A №-li abonent kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5309/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5309/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver