Məhkəmə qərarları › İş №2(008)-5318/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5318/2021

15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5318/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onların nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, keçmiş Vişnyovka, indiki Albalı yaşayış massivində yerləşən 1453 saylı bağ sahəsinin tərəflərindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, mərhum ataları X6 ilə anaları Maraqlı şəxs1 Bakı şəhəri Səadət Sarayında 01.10.1977-ci il tarixdə, 4079 saylı akt qeydi ilə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.1979-cu il təvəllüdlü X5 anadan olmuşlar. X6 17.11.2013-cü il tarixdə vəfat etmişdir. 2021-ci ilin mart ayında evdə olan sənədləri araşdırarkən, mərhum atalarının sağlığında ailələrinin sahibliyində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, keçmiş Vişnyovka, indiki Albalı yaşayış massivində yerləşən 1453 saylı bağ sahəsinə dair “icarəyə verən” “X2 və istismarı Birliyi” ilə “icarəçi” mərhum atası X6 arasında bağlanmış 20.03.2003-cü il tarixli, 1880 saylı “Bağın icarəyə verilməsi haqqında” müqaviləni aşkar etmişlər. Həmin müqavilənin məzmunundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 1970-ci il tarixli sərəncamının 1 saylı protokoluna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, keçmiş Vişnyovka, indiki Albalı yaşayış massivində 1453 saylı bağ sahəsinin sahibi X6 olmuşdur. X6 vəfat etdikdən sonra, yəni 2013-cü ildən, miras açıldığı gündən yuxarıda qeyd edilən bağ sahəsi faktiki olaraq onların birgə sahibliyinə və istifadəsinə keçmiş, bağa qulluq etmiş və bütün kommunal xərclərini ödəmişlər. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli, 420 saylı arayışla da bu fakt öz təsdiqini tapmışdır. Onlar 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, mərhum atalarından miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, keçmiş Vişnyovka indiki Albalı yaşayış massivində yerləşən 1453 saylı bağ sahəsini faktiki olaraq miras açıldığı gündən sahiblik və faktiki idarəetməyə qəbul etmələrini nəzərə alaraq, üzərində vərəsəlik hüququnun tanınması və onlara vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Lakin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən onlara ünvanlanmış 03.05.2021-ci il tarixli, 710 saylı məktubda X1 adına V-262/2021 saylı vərəsəlik işi açıldığını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrindən irəli gələn tələblərə istinad edilərək mirasın qəbuluna dair müddətin ötürüldüyünü əsas gətirmiş və mirasın qəbuluna dair müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Yalnız qeyd edilən “icarə müqaviləsi” aşkar olunandan sonra bilmişlər ki, mərhum ataları 1453 saylı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almamışdır. Həmin bağ sahəsi ilə bağlı hər hansı mübahisə mövcud olmadığından, bağ sahəsinə miras açıldığı gündən faktiki sahiblik etməyə və idarə etməyə başladıqları nəzərə aınlaraq, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili X7 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatını, şahid ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi1 ünvanlanmış 03.05.2021-ci il tarixli, 710 saylı məktubundan görünür ki, 17.12.2013-cü il tarixdə vəfat etmiş atası X1 adına V-262/2021 saylı vərəsəlik işi açılmışdır. Məktubda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinə istinad edilərək, müraciət edənə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan “icarəyə verən” “X2 və İstismarı Birliyi” ilə “icarəçi” X6 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 20.03.2003-cü il tarixli, 1880 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, keçmiş Vişnyovka qəsəbəsində yerləşən 0.25 hektarlıq bağ sahəsi, 56.97 kv.m sahəsi olan 4 otaqdan ibarət bina və yardımçı binaları ilə icarə üçün X4 verilmiş, müqavilənin müddəti 23.02.2010-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17.12.2013-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X6, anası Maraqlı şəxs1dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X6, anası Maraqlı şəxs1dır. İş materiallarında olan Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 420 saylı, 18.05.2021-ci il tarixli arayışından görünür ki, mərhum X6 vəfat etdiyi gündən ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka bağ massivi, sahə 1453 ünvanda yerləşən torpaq sahəsindən oğlu Ərizəçi1 istifadə etmiş, torpaq və əmlak vergisi də onun tərəfindən ödənilmişdir. İş materiallarında olan 2017-2019-cu illəri əhatə edən ödəniş qəbzlərinin surətlərindən müəyyən olunur ki, Ərizəçi1 tərəfindən "xxxx" ASC-yə, “Azəriqaz” İB-nin smartkartına kommunal ödənişlər edilmişdir. Həmçinin, iş materiallarında olan 18.05.2021-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, Ərizəçi1 tərəfindən bələdiyyə əmlak vergisi və bələdiyyə torpaq vergisi ödənilmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 008570 saylı tədiyyə (vergi) bildirişindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-1 bağ massivində yerləşən 1453 saylı bağ evindən və bağ sahəsindən istifadəyə görə Maraqlı şəxs1 2013-2017-ci illər üçün 16 manat əmlak vergisi, 45 manat torpaq vergisi tələb edilmişdir. Lakin qeyd olunan bildirişdə iki yerdə “2015-ci il” tarixinin “2013-cü il” tarixinə düzəliş edildiyi aşkar surətdə görünür. Halbuki, həmin bələdiyyənin vergi ödənişlərinin qeydiyyatının aparıldığı müvafiq kitabının Albalı-1 bağ massivində yerləşən 1453 saylı bağ sahəsinin vergi ödənişlərinə aid vərəqəsinə məhkəmə iclasında baxış keçirilən zaman müvafiq tarixlərin “2015-2017-ci il” kimi qeyd olunduğu müəyyən edildi (vərəqənin surəti iş materiallarına əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 012141 saylı tədiyyə (vergi) bildirişindən görünür ki, Maraqlı şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-1 bağ massivində yerləşən 1453 saylı bağ evindən və bağ sahəsindən istifadəyə görə 2018-2019-cu illər üçün 15 manat torpaq vergisi tələb edilmişdir. Lakin həmin bildirişdə də iki yerdə “2019-cu il” tarixinə düzəliş edildiyi aşkar surətdə görünür. Halbuki, həmin bələdiyyənin vergi ödənişlərinin qeydiyyatının aparıldığı müvafiq kitabının Albalı-1 bağ massivində yerləşən 1453 saylı bağ sahəsinin vergi ödənişlərinə aid vərəqəsinə məhkəmə iclasında baxış keçirilən zaman müvafiq tarixin “2018-ci il” kimi qeyd olunduğu müəyyən edildi (vərəqənin surəti iş materiallarına əlavə edilmişdir). Həmin halla əlaqədar, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayonu Maştağa Bələdiyyəsinin hüquqşünası X8 ifadəsində bildirdi ki, bələdiyyənin vergi ödənişlərinin qeydiyyatının aparıldığı ayrıca kitabında Maraqlı şəxs1 tərəfindən əmlak və torpaq vergisinin ödənilməsinə dair qeydlər aparıldıqdan sonra bu barədə tədiyyə (vergi) bildirişləri vətəndaşa təqdim olunmuş, bildirişlərin kötükləri isə bələdiyyədə saxlanılmışdır. Bələdiyyənin əməkdaşları tərəfindən sonradan həmin tədiyyə (vergi) bildirişlərində düzəlişlər edilməsi qeyri-mümkündür və istisna olunur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi ilə bağlı işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəyə baxılarkən ilk növbədə mübahisə edilən əmlakın mərhum X1 miras əmlakına daxil olub-olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146.1-ci maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bununla bağlı qeyd olunmalıdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka bağ massivi, sahə 1453 ünvanda yerləşən bağ evi və bağ sahəsi mərhum X16 mülkiyyət hüququ əsasında deyil, icarə hüququ ilə məxsus olmuşdur. İcarə müqaviləsinin müddəti mərhum X14 sağlığında, yəni 2010-cu ildə başa çatmış, sonuncu isə 2013-cü il tarixdə vəfat etmişdir. İcarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı iş materiallarına hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.2-cu maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən ərizəçiyə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinə istinad edilərək, ona Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən, mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun izah olunmasına baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər məhkəməyə həmin tələblə müraciət etmədən, bilavasitə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə hazırkı ərizə ilə müraciət etmişlər. Bundan başqa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1-ci bəndə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə hazırkı ərizənin təmin edilməsi üçün qanuni əsaslar olmadığından, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təmin olunmamasını nəzərə alaraq hesab edir ki, ərizəçilər tərəfindən ödənilmiş dövlət rüsumu onlara aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar