Məhkəmə qərarları › İş №2(008)-5339/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5339/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5339/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azəriqaz İB-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” İ.B-nin nümayəndələri tərəfindən tərtib olunmuş 30.04.2021 -ci il tarixli ******* saylı aktın ləğvi və akt əsasında tətbiq edilmiş 2721 (iki min yeddi yüz iyirmi bir) manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin nümayəndələri 13.04.2021-ci il tarixdə, ona məxsus ünvan 1 ünvanının qaz təssərüfatına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması barədə akt tərtib olunmuşdur. Bundan sonra Cavabdeh İB-nin nümayəndələri ona məlumat vermədən 30.04.2021-ci il tarixdə, ******* saylı akt tərtib edərək hesab koduna əssasız olaraq 2721 (iki min yeddi yüz iyirmi bir manat) manat dəymiş zərərin əvəzinin ödənilməsi barədə cərimə hesablamışdır. Qeyd olunan ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmamış, bununla bağlı tərtib olunan akt qanunsuz və əsassızdır. Belə ki, həmin qaz xətti qonşunun hasarının yanında olduğunda onun evinə heç bir aidiyyatı olmamışdır. Maliyyə arayışında göründüyü kimi o hər ay hesab koduna pul vurmaqla təbii qazdan istifadə etmişdir. Bildirmək istəyir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib olunarkən onun imzası və iştirakı olmamışdır. Cavabdeh İB arasında imzalanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısı barədə müqavilə” əsasında fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 23.04.2021-ci il tarixdə G-4 markalı **********4 saylı qaz sayğaçı quraşdırılmışdır. Nəzərinizə çatdırır ki, qeyd olunan evə qaz sayğac qoyulan vaxtdan maliyyə arayışında göründüyü kimi ödəniş olunmaqla təbii qazdan istifadə olunmuşdur. Eyni zamanda qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il 80 nömrəli qərarın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır.” Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi hesabın qaz paylayıcı tərəfindən istehlakçıya təqdim edilməsi tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh İB-yi ilə bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞnin Şurasının 14 mart 2011-ci il tarixli İİ nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək akt əsasında tətbiq edilmiş 2721 (iki min yeddi yüz iyirmi bir) manat məbləğində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi ünvanına baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması aşkarlanmışdır. - X2 30.04.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki qaydalarının pozulması haqqında 30 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, ünvan 2 ünvanında istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 270 gün, kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin 1,2x24x270=7776 m3; 3x24x270=19440 m3; olmaqla, cəmi 27216 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 30.04.2021-ci il tarixli ******* saylı akt olmuşdur. - **********00052 nömrəli abonentin saldosundan görünür ki, 2021-ci ilin aprel ayı üçün abonent İddiaçı akt üzrə 2721.6 manat borc hesablanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2021 ci il tarixli, 10/4699 nömrəli rəyinə əsasən ekspertə təqdim edilmiş ünvan 3 ünvanında İddiaçı istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilməmiş, qeyd edilmiş daşıyıcı qaz xəttinin üzərində olan borucuğun sonluğu qaynaqla bağlanmış vəziyyətdədir və qeyd olunan borucuğun sonluğunun açıq olduğu halda, həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, iddiaçının, yaxud digər abonentin kənar təbii qazdan istifadə edib –etməməsi məhkəmə tərəfindən araşdırılmalarla müəyyən edilə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərar ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Azəriqaz İB iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və Azəriqaz İB ziyan vurmuşdur. Lakin, məhkəmə kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi PQ4-ü və Kombinin 24 saat deyil, 12 saat, 270 günlük sərfiyyatı deyil, 60 gün üçün sərfiyyatı hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 1.2x12x60=864 m3, 3x24x60=2160 m3, olmaqla, cəmi 3024 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 302.4 manat məbələğində olması müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli akta əsasən artık hesablanmış 2419.2 manat dəymiş zərər silinməlidir. (27216 m3- 3024 m3= 24192 m3 ) Azərbaycn Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.04.2021-ci il tarixli akta əsasən **********00052 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 2419.2 (iki min dörd yüz on doqquz manat, iyirmi qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar