Məhkəmə qərarları › İş №2(008)-540/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-540/2022

31.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-540/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X13, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin cavabdehin qanunsuz sahibliyindən alınıb təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsinə ailəsi ilə birlikdə yaşayır. ünvan 1 ynvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi (sonradan – mübahisəli ev) ona məxsusdur. Həmin evi 2005-ci ildə aldığı torpaq sahəsinin üzərində 2006-2007-ci illərdə özü tikdirmişdir. 28.01.2006-cı il tarixində X6 ilə toy mərasimi keçirmiş, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün rəsmi nikah bağlaya bilməmişdir. Mübahisəli evin yerləşdiyi 1 sot torpaq sahəsini 4000 dollara almış, üzərində 2 otaq və zaldan ibarət ev tikmişdir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün evin qaz, işıq və su sayğaclarını X2 adına rəsmiləşdirmişdir. Onlar 2011-ci ilədək mehriban yaşamışdılar. Lakin, uşaqları olmadığından Zəhra ayrılmağı özü təklif etmiş və rəfiqəsi ilə ailə qurmağı məsləhət görmüşdür. O, Həsənova Gülgəz ilə 2012-ci ildə rəsmi nikah bağlamış, bir yerdə yaşamaq etik olmadığından o, arvadı ilə kirayədə yaşamış, Zəhra isə ev tapana qədər mübahisəli evdə qalmışdır. Onlar həmişə mehriban olmuş, bir birilərinə gedib gəlmişlər. 2021-ci ilin mart-aprel aylarında o, ürək-damar xəstəlyindən evdə yataq xəstəsi olmuş, Zəhra isə kovidə yoluxmuşdur. İddiaçı birax sağalanandan sonra Zəhranı xəstəxanada ziyarət etmək qərarına gəlmiş, ona zəng çatmadığı üçün yaşadığı evə getmiş, evi onda olan açarla aça bilməmiş və evin qıfılının dəyişdiyini görmüşdür. Qonşular Zəhranın öldüyünü, qardaşı Müşfiqin evin qıfılının dəyişdirdirb evi zəbt etdiyini bildirmişdilər. O, Müşfiqi görəndə evin qıfılını niyə dəyişdirdiyini soruşmuş, Müşfiq isə evin ona çatacağını bildirmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, torpaq alınan zaman verilən pulların seriya və nömrələri qeyd olunan kağız evdə qalığından və həmin ev hazırda cavabdehin sahibliyində olduğundan, cavabdeh həmin kağızı sübut kimi məhkəməyə təqdim edir. Həmin pulların siyahısı Zəhra tərəfindən onun iştirakı ilə tərtib edilmişdir. Onlar 2005-ci ilin əvvəllərində nişanlanmış, elə həmin ildə torpağı almış və evin tikintisinə başlamışdılar. Ev hazır olana qədər onlar kirayədə yaşamışdılar. Təxminən 2007-ci ildə evə köçmüşdülər. Özü usta olduğundan evin ona aid hissələrini özü inşa etmiş, qalan işləri onun usta və fəhlə yoldaşları güzəştli qiymətlə hissə-hissə ödəmək şərtilə etmişdilər. Onlar Zəhra ilə həmişə mehriban olmuşdular, hətta oğlunun Zəhra tərəfindən övladlığa götürülməsinə dair onların arasında razılıq var idi, oğlu on günlərlə Zəhranın yanında qalırdı, sadəcə Zəhranın qəfl ölümü səbəbindən bunu həyata keçirə bilməmişdilər. Həmin evdə Zəhranın anası da onlarla birlikdə yaşamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə eyni izahat verərək iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək qeyd etdi ki, iddiaçı ilə cavabdeh 2005-ci ilin əvvəlrində nişanlanmış, 2006-cı ilin əvvəlində evlənmişdilər. Cavabdehin şəxsiyyət vəsiqəsi olmadığından onlar nikahlarını rəsmiləşdirə bilməmişdilər. Torpağı bacısı üçün o, almış, mübahisəli evi də o, tikdirmişdir. Sonra bacısı iddiaçı ilə ayrılmış və Elman adlı bir iş adamı ilə qeyri-rəsmi evlənmişdir. Elman həmin evin təmir işlərini başa çatdırmışdır. Daimi bacısının evinə gedib gəlmişdir. Bacısı öləndən sonra xəstəxanadan meyiti o, almış və dəfn etmişdir. Xəstəxanada evin açarını ona vermişdilər. Ev dezinfeksiya olandan sonra o, evi 100 manata kirayəyə vermiş, özü isə 250 manat verməklə başqa bir kirayə evdə yaşayır. Evin qıfılını kirayəçilər dəyişdirmişdir. Hesab edir ki, bacısının yeganə vərəsəsi o, olduğundan ev də ona qalmalıdır. 19 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X14 ifadə verərək bildirdi ki, mübahisəli evin tikintisində şəxsən İddiaçı xahişi ilə fəhlə olaraq iştirak edib, 2003-cü ildən həmin ərazidə yaşayır, cavabdehi heç tanımır, tikintidə onu görməyib. Evin tikinitisi sıfırdan başlanılıb, o axşamlar evə gedib həyətdə kolluğu təmizləyirdi. Həmin məhkəmə iclasında iştirak etmiş şahid X18 ifadə verərək qeyd etdi ki, o, inşaat materiallarının satışı ilə məşğul olur, Mənsura tikinti materiallarını nisyə satıb, pulu isə gəlib Zabrat qəsəbəsindən ondan alırdı. Həmin məhkəmə iclasında iştirak etmiş şahid X11 ifadə verərək qeyd etdi ki, o, Mənsurun qonşusudur, Müşfiqi tanımır. Evin tikintisində şəxsən özü iştirak edib, santexnik işlərini görüb, qaz çəkib. Evin tikintisi ilə yalnız Mənsur maraqlanıb, Müşfiqi orada heç bir zaman görməyib. Həmin məhkəmə iclasında iştirak etmiş şahid X10 ifadə verərək qeyd etdi ki, o, Mənsurun iş yoldaşıdır, cavabdehi tanımır. Evin tikintisində iştirak edib, hörgü və suvaq işləri ilə məşğul olub. Mənsurdan başqa tikinti ilə heç kim məşğul olmayıb. Həmin məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadə verərək qeyd etdi ki, o, cavabdehin mərhum bacısı Zəhranın rəfiqəsi idi, onu iddiaçıdan ayırılandan sonra tanımışdır. Evin tikintisində şəxsən özü iştirak etməyib, lakin mərhum rəfiqəsinin dediyinə görə, ev Zəhranın, onun qardaşının (hazırki iş üzrə cavbadehin) və analarının birgə vəsaiti ilə tikilmişdir. O, ərzaq mallarının satışı ilə məşğul olur, Zəhra daima ondan Mənsur və onun ailəsi üçün ərzaq alırdı. Mənsurla ayrılsalar da, daima bir-birilərinin evlərinə gedibgəliblər. X19 arasında olan razılaşmaya görə, Zəhra Mənsurun bir uşağını övladlığa götürmək niyyətində idi. 28 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadə verərək qeyd etdi ki, o, cavabdehin keçmiş arvadıdır, iddiaçını da tanıyır, evin tikintisini də görüb. Mənsur orada usta kimi pul müqabilində işləyib, ev Zəhranın vəsaiti ilə tikilib, hətta Zəhraya tikinti üçün müəyyən qədər pul da verib. Ümumiyyətlə Mənsur evə heç bir vəsait sərf etməyib, Mənsur ilə ayrılandan sonra Zəhra Elman adlı şəxs ilə ailə qurmuş, evin təmiri ilə o məşğul olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin mübahisə edilməyən faktiki halları aşağıdakılardır. Mübahisəli ev özbaşına tikili olmuşdur. Evin yerləşdiyi 1 sot sənədsiz torpaq sahəsi 23.03.2005-ci il tarixdə A.P.Dyaçenko tərəfindən 1900 ABŞ dolları müqabilində X.Z.Cəfərova, sonradan isə X.Z.Cəfərov tərəfindən X1. Həmin evin işıq və qaz sayğacları X2 adına rəsmiləşdirmişdir. İddiaçının həmin vaxt şəxsiyyət vəsiqəsi olmamış və müəyyən səbəblərdən o, şəxsiyyət vəsiqəsini ala bilmirdi. İddiaçı ilə X5 2005-ci ilin əvvələrində nişanlanmış, 2006-cı ilin əvvəlində qeyri-rəsmi evlənmişdilər. Evin inşasına 2005-ci ildə başlanılmış, təxmini 2007-ci ildə iddiaçı ilə Allahverdiyeva Zəhra həmin evdə yaşamağa başlamışdılar. Evin inşasında iddiaçı iştirak etmişdir. İddiaçı ilə Allahverdiyeva Zəhra müəyyən vaxtdan sonra ayrılmış, iddiaçı rəsmi nikah bağlamış, lakin onların aralarında dostluq münasibəti davatm etmiş, iddiaçı, onun arvadı, uşaqları və Allahverdiyeva Zəhra bir-birilərinə gedib gəlmişdilər (fotoşəkillər). Hətta iddiaçı ilə Allahverdiyeva Zəhranın arasında iddiaçının oğlunun ona övladlığa verilməsinə dair razılıq olmuşdur. X5 26.04.2021-ci il tarixdə ölmüşdür. Mübahisəli evin bir açarı cavabdehdə olmuşdur. Cavabdeh Allahverdiyeva Zəhranın qardaşı olmaqla tək yaxın qohumudur. Xüsusi notarius H.Mirzəyev tərəfindən cavabdehə Allahverdiyeva Zəhranın qanun üzrə vərəsəsi kimi "xxxx" MMC-nin məktubuna əsasən müəyyən qızıl-zinyət əşyalarına dair 28.10.2021ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Hazırda mübahisəli ev cavabdeh tərəfindən kirayəyə verilmişdir. Cavabdeh bacısının yeganə varisi olduğundan hesab edir ki, ev ona qalmalıdır. İşin mübahisə edilən halları aşağıdakılardır. Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli, 212 №-li məktubdan görünür ki, araşdırma nəticəsində qonşuların imzası ilə tərtib edilmiş 14.07.2021-ci il tarixli akta əsasən heç bir hüquqi sənədi olmayan mübahisəli ev 2006-2007-ci illər ərzində İddiaçı tərəfindən tikilmişdir. Sabunçu rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsinə dair verilmiş 23.06.2021-ci il tarixli 07711504H nömrəli məktubdan görünür ki, qonşuların deməsinə görə mübahisəli evin qıfılı Cavabdeh tərəfindən dəyişdirilmiş, Cavabdeh izahatının alınması üçün müxtəlif vaxtlarda ünvan polis tərəfindən yoxlanılıb və həmin evdə yaşayışın olmadığı müəyyən edilib. İddiaçı hesab edir ki, ev onun tərəfindən inşa edildiyindən ona məxsusdur. Cavabdeh isə hesab edir ki, evi o, inşa etdirdiyindən və yeganə varis olduğundan ev ona məxsusdur. Hazırda iddiaçı mübahisəli evin cavabdehin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, mübahisəli ev qanunsuz tikili olduğundan vərəsəlik münasibətləri, iddiaçı ilə Allahverdiyeva Zəhra rəsmi nikah bağlamadıqlarından ailə münasibətləri hazırki işə şamil edilə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli ev Allahverdiyeva Zəhra ilə iddiaçının birgə vəsaitləri və əməkləri hesabına inşa edilmişdir. Belə ki, evin iddiaçı tərəfindən inşa edilməsi şahid ifadələri ilə təsdiq edilir. Bundan başqa, qeyd edildiyi kimi, Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin araqşdırması nəticəsində də bu hal aşkar edilmişdir. İddiaçı ilə Allahverdiyeva Zəhranın münasibətlərinin son günə qədər normal olması şahid X12 ifadəsindən də görünür. İddiaçının pul müqabilində evin inşasında iştirak etməsi barədə şahid Allahverdiyeva Nəhayətin ifadəsini məhkəmə inandırıcı hesab etmir. Belə ki, həmin ev iddiaçının arvadı ilə birlikdə yaşanılması üçün inşa edilirdi və iddiaçının pul müqabilində öz evinin inşasında iştirak etməsi inandırıcı deyil. Bundan başqa, Allahverdiyeva Zəhranın maddi durumunun yüksək olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Allahverdiyeva Zəhra iddiaçının uşağının övladlığa götürmək, onun həmin evdə yaşamağını təmin etmək niyyətində olmuşdur. Cavabdehin evin inşasında iştirak etməsi nə şahid ifadələri, nə də hər hansı digər bir sənədlə sübuta yetirilməmişdir. Evə dair sənədlərin (torpağa dair, pulların seriya və nömrələrinə dair) cavabdehdə olmasının səbəbi də evin hazırda cavabdehin sahibliyində və sənədlərin də həmin evdə olmasıdır. Cavabdehin yeganə vərəsə olması qeyd edildiyi kimi bu münasibətlərə şamil edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, özbaşına tikili olan mübahisəli ev iddiaçı ilə Allahverdiyeva Zəhranın vəsaiti və əməyi hesabına inşa edilmişdir, Allahverdiyeva Zəhra öldüyündən bir tək iddiaçının həmin evə hüququ qalmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh qanunsuz sahibliyindən alınıb İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar