Məhkəmə qərarları › İş №2(008)-5417/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5417/2021

07.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5417/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 Məhərrəm oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı evə köçürülmə və yaradılan maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh3, X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə giriş-çıxış məqsədilə ayrıca darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(008) 1166/21 №-li iş üzrə qəbul etdiyi 18.05.2021-ci il tarixli qətnamə ilə X1 iddiası rədd etmişdir. Həmin icraatda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı eyni cavabdehlərə qarşı eyni tələblə, eyni zamanda evə köçürülməsi və həyətdən istifadələrinə, evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə eyni tarixli qərardadla onun ərizəsini baxılmamış saxlamışdır. Sonradan məhkəmə İddiaçı şikayəti əsasında 18.05.2021-ci il tarixli qərardadı ləğv etmiş, işin baxılmasını təzələmiş, onun iddia tələbini ayrıca icraata ayırmışdır. Hazırda məhkəmə ayrı icraatda İddiaçı cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı üç iddia tələbinə baxır: ünvan 1 ünvanında öz vəsaiti hesabına inşa etdiyi və ailəsinin yaşadığı fərdi yaşayış evə köçürülməsini; Həmin evin həyətinə daxil olması üçün cavabdehlər tərəfindən evin kənarında əlavə giriş-çıxış daravazasının quraşdırılmasına yaradılan maneələrin qadağan olunması; Həmin evin yerləşdiyi həyətindən istifadəsinə, habelə həmin evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlərə qadağan olunmusı. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə nikaha daxil olmuş, iki övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra, Cavabdeh1 Məhərrəm oğlu ilə qarşılıqlı razılaşmaya əsasən adıçəkilən ünvanda öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmişdir. Sonradan cavabdehlərələ münasibətləri pisləşmiş, onlar problemlər yaratmağa başlamışlar. Cavabdehlər iddiaçının yaşadığı evə ailəsinin yanına buraxmırlar, kirayədə yaşamağı məcbur olub. Cavabdehlər həyətə girməyə kommunal xəttlərindən istifadəsinə maneələr yaradırlar, Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər Cavabdeh3, Cavabdeh4 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 Məhərrəm oğlu iş üzrə izahat verərək qeyd etdi ki, o, həqiqətən idiaçını evə buraxmır və buraxmayacaq, iddiaçı qanunsuz olaraq bütün kommunal xidmətləri öz adına rəsmiləşdirib, o buna yol verməyəcək və hamısnı ləğv etdirəcək. İddiaçı və ailəsi ilə bir həyətdə yaşamaq mümkün deyil, onlar ordan çıxmalıdılar. İş üzrə Cavabdeh2 eyni məzmunlu izahat verdi, hər iki cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Məhkəmə 2(008) 1166/21 №-li iş üzrə qəbul etdiyi 18.05.2021-ci il tarixli qətnamə ilə aşağıdakıları müəyyən etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 Məhərrəm oğlunun və Cavabdeh2 qızı Yeganin əridir. Mübahisəli ev özbaşına tikilidir. Cavabdehlər 11.06.2002-ci il tarixdən həmin evdə qeydiyyatdadılar. Mübahisəli evin yerləşdiyi torpağın vergi ödəyicisi kimi Bakıxanov Bələdiyyəsində şəxsi hesab vərəqəsi Cavabdeh1 Məhərrəm oğlunun adına açılmış, onun həmin torpaq sahəsi üzrə 01.01.2021-ci il tarixədək torpaq vergisi borcunun olmaması barədə həmin bələdiyyə tərəfindən 15.09.2020-ci il tarixli 114/A №-li arayış verilmişdir. Bakı Elektrikşəbəkə tərəfindən texniki şərt 05.04.2012-ci il tarixdə Cavabdeh1 Məhərrəm oğlunun adına verilmişdir. Məhkəmə mübahisəli evə tərəflərin iştirakı ilə baxış keçirtmiş və aşağıdakıları müəyyən etmişdir. Darvazadan həyətə daxil olunur, həyətin içində bir birindən təcrid olunmuş yanaşı iki ev mövcuddur – cavabdehlərin yaşadığı ev və iddiaçının ailəsi ilə yaşadığı ev. İddiaçı faktiki həyətin iki yerə bölünməsini, aradan hasarın çəkilməsini və özünə yeni darvazının quraşdırılmasını istəyir, cavabdehlər isə bunun qətiyyən əleyhinədilər. İddiaçı X4 əvvələr də qardaşlarına və anasına qarşı məhkəmədə iddia qaldıraraq «evdən istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması» barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə qarşılıqlı iddia verərək Yeganənin evi boşaldaraq qaytarması, özünün tikdiyi evin onun tərəfindən sökülməsini istəmişlər. Sabunçu rayon məhkəməsinin 30.09.2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmiş, Bakı Apellyasiya məhkəməsi tərəfindən 19.02.2021-ci il tarixdə dəyişdirilmədən saxlanılmışdır. İlk iddianın rədd edilməsi iddiaçının torpağa və evə mülkiyyət hüququnun olmaması ilə əsaslandırılmışdır. Məhkəmə eyni əsasla 2(008) 1166/21 №-li iş üzrə qəbul etdiyi 18.05.2021-ci il tarixli qətnamə ilə X1 iddiasını rədd etmişdir. Hazırki iş üzrə iddiaçı olan İddiaçı da həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığından məhkəmə hesab edir ki, iddia evin həyətinə daxil olması üçün cavabdehlər tərəfindən evin kənarında əlavə giriş-çıxış daravazasının quraşdırılmasına yaradılan maneələrin qadağan olunması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edildiyi kimi, mübahisəli ev və torpaq iddiaçının adına dövlət qeydiyyatından keçməmişdir. Belə bir iddianın qaldırılması üçün iddiaçının mülkiyyətçi və ya qanuni sahib olması vacibdi. Lakin, məhkəmə hesab edir ki, iddia ünvan 1 ünvanında öz vəsaiti hesabına inşa etdiyi və ailəsinin yaşadığı fərdi yaşayış evinə köçürülməsi və həmin evin yerləşdiyi həyətindən istifadəsinə, habelə həmin evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlərə qadağan olunmusı hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, iddiaçının ailəsi həmin evdə yaşayır, onun ailəsi ilə birlikdə yaşamaq huquq var, eyni zamanda artıq ayrılmış kommunal xidmətlərdən müstəqil istfadə etmək hüququ var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə olunur. 6.1-ci maddəsinə əsasən vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Lakin, adıçəkilən bu iddialar «öz vəsaiti hesabına inşa etdiyi» hissəsində rədd edilməlidir, belə ki, iddiaçı həmin evin onun vəsaiti hesabına inşa edildiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında ailəsinin yaşadığı fərdi yaşayış evinə köçürülsün. Həmin evin yerləşdiyi həyətindən istifadəsinə, habelə həmin evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılması cavabdehlərə qadağan olunsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar