Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5496/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) "xx.xx.2022-ci ildə vəfat etmiş X1 xx.xx.1952-ci ildə doğulmuş Maraqlı şəxs1 bacısı olması faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla "xx.xx.2022-ci ildə vəfat etmiş X1 xx.xx.1952-ci ildə doğulmuş Maraqlı şəxs1 bacısı olması faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X3 xx.xx.2022-ci ildə vəfat etmişdir. Maraqlı şəxs1 onun xalası, yəni X1 bacısıdır. O və xalası Maraqlı şəxs1 sonuncuya məxsus olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi ev 18 mənzil 44-də yaşayırlar. Maraqlı şəxs1 həmin mənzili ona bağışlamaq istəyir. Notariat ofisi tərəfindən X1 doğum haqqında şəhadətnaməsi və yaxud valideynləri barədə sənəd tələb olunmuşdur. O, anası X1 doğum tarixi və valideynləri barədə məlumat əldə etmək üçün dövlət arxivinə müraciət etmiş, lakin müvafiq məlumat aşkarlanmamışdır. Doğum haqqında akt qeydinin bərpası üçün Maraqlı şəxs2nə müraciət etsə də, ona imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsində deyilir ki, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 1.2-ci bəndində deyilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.7-ci bəndinə görə, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Göründüyü kimi, hər hansı faktı müəyyən etməzdən əvvəl məhkəmənin araşdırmalı olduğu məsələlərdən biri həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olması və həmin faktın hüquqi əhəmiyyətinin olub-olmamasıdır. Ərizəçi həm ərizəsindən, həm də izahatından görünür ki, Maraqlı şəxs1 özünə məxsus olan mənzili ərizəçiyə bağışlamaq istəyir, lakin onun ərizəçinin xalası olmasını təsdiq edən sənəd mövcud olmadığına görə o, bunu edə bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2***-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 13-1-ci bəndindən görünür ki, "Elektron notariat" informasiya sistemi vasitəsilə tərtib edilən notariat sənədlərində barəsində notariat hərəkəti aparılan şəxslər, müqavilənin predmeti, daşınmaz əmlakın növündən asılı olaraq müqavilə şərtləri müəyyən edilməli, özgəninkiləşdirilən daşınmaz əmlak və ya onun hissələri barədə məlumat, bağışlama müqaviləsi qohumlar arasında bağlandıqda qohumluq əlaqəsi göstərilməlidir. Göründüyü kimi, mövcud qanunvericilikdə şəxsin özünə məxsus olan əmlakı, o cümlədən mənzili başqa şəxsə bağışlaması üçün həmin şəxslərin qohum olması şərti mövcud deyil. Sadəcə olaraq, bağışlama müqaviləsi qohumlar arasında bağlandıqda, "Elektron notariat" informasiya sistemi vasitəsilə tərtib edilən notariat sənədlərində qohumluq əlaqəsi göstərilməlidir. Müqavilə bağlayan şəxslərin qohum olmaması, yaxud onların qohum olmasını təsdiq edən sənədin mövcud olmaması müqavilənin bağlanmasına mane olmur. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin anası X1 Maraqlı şəxs1 bacısı olması faktının hüquqi əhəmiyyəti yoxdur. Belə olan halda, hazırkı ərizəyə məhkəmədə baxılmalı deyil, bu hal isə iş üzrə icraata xitam verilməsi üçün əsaslardan biridir. Bundan başqa, iş üzrə icraata xitam verildiyinə görə ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla "xx.xx.2022-ci ildə vəfat etmiş X1 xx.xx.1952-ci ildə doğulmuş Maraqlı şəxs1 bacısı olması faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X6.
Məhkəmə qərarları › İş №2(008)-5496/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5496/2024
20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver