Məhkəmə qərarları › İş №2(008)-5534/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5534/2023

16.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5534/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı1, onun vəkili Vəkil2 Vagif oğlu, İddiaçı2, Cavabdehin nümayəndələri (qardaşı) X13, (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi verərək Cavabdeh iddiaçılara məxsus olan ünvan 1 ünvanda yerləşən 20A №-li yaşayış evindən ona məxsus əşyalarla birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdılar ki, 1994-cü ildə ünvan 2 ünvanda yerləşən torpaq sahəsini və natamam evi ailə olaraq almışlar. Həmin evdə mərhum ataları X3, anaları mərhum X7, üç qardaş yaşamışdılar. Yaşayış evi yarımçıq olduğundan həmin evi yenidən tikdirərək abadlaşdırmış və həmin evdə yaşamışlar. Evə dair sənəd əldə edə bilməmişlər. 2001-ci ildə qardaşları X2, 2004-cü ldə anaları X7 həmin evdə vəfat etmişdir. Sonradan həmin evdə yaşamağa başlamışlar. 2005-ci ildə məcburiyyət qarşısında ataları iş üzrə cavabdeh olan dul qadın Cavabdeh iddiaçılara qulluq etmək üçün həmin evə gətirmişdir. Cavabdeh övladı olmamışdır. Normal olaraq iddiaçılar həmin evdə yaşamış, həmin evdə ailə qurmuşlar. Lakin iş üzrə Cavabdeh iddiaçıların ata evinə saxta sənədlər düzəltməklə həmin evə qeydiyyata alınmış, hazırda həmin evdən çıxmır və yersiz mübahisələr yaradır. İddiaçılar daima ona qulluq göstərsələr də o, öz çirkin niyyətini həyata keçirməklə iddiaçıların evini mənimsəmək istəyir. Hətta evdən oğurluq belə təşkil etmiş, iddiaçılara qarşı ağır cinayət işlətmiş, hazırda həmin işlər üzrə araşdırmalar davam edir. Dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsələr də, heç bir müsbət nəticə hasil edə bilməmişlər. Həmin evin iddiaçılar tərəfindən alınmasına dair kifayət qədər sənədlər, akt, şahidlər, video görüntülər və qətnamə və hökm vardır. Lakin cavabdeh olan Cavabdeh onların hüquqlarını pozur və pozmaqda da davam edir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. xx.xx.2020-ci il tarixdə bu iş üzrə iddiaçılar və X10 cavabdeh olan Cavabdeh və onun mərhum həyat yoldaşı X1 qarşı ünvan 1 ( 28 May küçəsi), 20A saylı evə köçürülmək və həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair iddia tələbi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(008)- 2024/2020 №-li qətnaməsi ilə onların iddiası qismən təmin edilərək, iddiaçılardan yalnız İddiaçı1 həmin evə köçürülməsi təmin edilmiş, lakin hər üç iddiaçının yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə iddiaları təmin edilməmişdir. Lakin bu iş üzrə Cavabdeh həyat yoldaşı ağır xəstə olduğuna görə həmin qətnamədən apellyasiya şikayəti verə bilməmiş, bu səbəbdən qətnamə ilə İddiaçı1 mübahisəli evə köçürülmüş, yəni qətnamə icra olunmuşdur. Sonradan Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzürlü hesab edib, müddətin bərpası barədə ərizə vermişdir. Onun ərizəsi təmin olunaraq, qətnamədən verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 №-li qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbləri rədd edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh icrada dönüş edilməsi barədə ərizəsi təmin edilmiş və İddiaçı1 mübahisəli evə köçürülməsi ilə bağlı Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi (İddiaçı1 qeyd edilən yaşayış sahəsindən çıxarılması) qərara alınmışdır. İddia əsassızdır, iddiada heç bir hüquqi normaya istinad edilməmişdir, hansı əsaslarla iddiaçıların cavabdehin öz evindən çıxarılmasının tələb etmələri ağıla sığmır. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunan sübutlara yuxarı instansiya məhkəmələri tərəfindən qiymət verilmişdir və yenidən onlara məhkəmədə sübut kimi təqdim etmək qeyri-qanunidir. İddiaçıların həmin evə heç bir hüququları yoxdur. İddiaçı1, onun vəkili Vəkil2 Vagif oğlu, İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndələri (qardaşı) X13, (vəkili) Vəkil1 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçılar doğma qardaşdılar, cavabdeh onların ögey analarıdır. Tərəflərin arasında başqa bir məhkəmə mübahisəsi olmuşdur. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X10 (İddiaçı2 arvadı) cavabdeh X1 (hazırki iddiaçıların mərhum ataları) və Cavabdeh qarşı "istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı1, İddiaçı2, X5 və himayələrindəki azyaşlı uşaqlarının ünvan 1 (28 May küçəsi), ev 20A-ya köçürülməsi və həmin evə istifadə hüquqlarınnı tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, İddiaçı1 ünvan 1 (28 May küçəsi), 20A saylı evə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni "İddiaçı1 ünvan 1 (28 May küçəsi), 20A saylı evə köçürülməsi” hissəsində ləğv edilsin, iddia həmin hissədə rədd olunmuşdur (Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli ilə adıçəkilən qətnamə dəyişdirilmədən saxlanılmışdır). Beləliklə, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 mübahisəli mənzilə köçürülməmişlər. Bakı Apellyasiya Məhkəməsi həmin mübahisəyə baxaraq aşağıdakıları müəyyən etmişdir. xx.xx.1960-cı il tarixdə doğulmuş Cavabdeh ünvan 3 ünvanda qeydiyyatdadır. İddiaçı2 və X10 təqribən 2005-ci il tarixdən etibarən başqa ünvanda yaşayırlar və mübahisəli yaşayış sahəsi ilə bağlılıqları yoxdur, onlar uzun müddətdir ki, Xırdalan şəhəri, Hökməli qəsəbəsi, ev 60, mənzil 1444 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı1 mübahisəli evdə yaşamış, orta məktəbin İX sinfini həmin ünvanda yaşarkən bitirmiş və qeyd olunan ünvandan 2010-cu ildə hərbi xidmətə getmişdir. Lakin, onun mülkiyyətində Abşeron rayonu, Hökməli qəsəbəsində 0,004 ha həyətyanı torpaq sahəsi, onun üzərində inşa edilmiş ikimərtəbəli evi, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0,12 ha torpaq sahəsi vardır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən («icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır») iddiaçların uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaması və başqa yaşayış məntəqəsinə köçməsi, eyni zamanda hazırda da mübahisəli yaşayış sahəsinə zəruri ehtiyacın mövcudluğunun olmaması əsasından iddianı rədd etmişdir. Məhkəmə kollegiyası, xüsusilə müddətin həddindən artıq olmasını və işin qeyd edilən digər faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıların mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır (eyni zamanda iddiaçılar mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata da alınmamışlar). Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında münasibətlər gərgin olmaqla, bir-birinə qarşı zorakı hərəkətləri mövcuddur. İddiaçıların hər hansı qanuni əsas olmadan mübahisəli yaşayış sahəsinə köçürülməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, gələcəkdə ictimai təhlükəli əməllərin törədilməsi ilə nəticələnə bilər. Hazırda da tərəflərin aralarındakı münaqişəli münasibət daha da qabarıq formada davam edir. Hazırda iddiaçılar caabdehin həmin mənzildən çıxarılmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edirlər ki, hazırki iddia əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, adıçəkilən maddədə göstərilən hallar çəkişmə prinsipini istisna edir. Qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırki iş üzrə iddiçıların mübahisəli mənzilə aidiyyətlərinin olmaması müəyyən edilmişdir. İddiaçılar müxtəlif sənədlər təqdim edərək onların həmin evdə vaxtilə yaşadıqlarını sübut etməyə çalışmışdılar. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçıların həmin evdə nə vaxtsa yaşayıbyaşamamaları hazırki iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçıların mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçıların mübahisəli yaşayış sahəsinə hüquqları tanınmamış, onların hazırki iddianı qaldırmağa subyektiv hüquqları mövcud deyil. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda qeyd etmək istəyir ki, iddiaçıların öz mövqelərində də ziddiyət mövcud olmuşdur. Belə ki, məhkəmənin icraatında olmuş digər iş üzrə (5545/2023 №-li) iddiaçı X8 (İddiaçı1 aradı) cavabdehlər İddiaçı1 və Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə eyni gündə iddia verərək, 2022-ci ildə gəlin köçdüyü ünvan 5 ünvanda yerləşən yaşayış evinə istifadə hüququnun verilməsi və evə köçürülməsini istəmiş, bununla da Cavabdeh həmin evə hüququnu tanımışdılar (Məmmədova Nərgiz hazırki iş üzrə iddiaçıların ailə üzvüdür və onlar hamısı bir maraqdan çıxış edirlər). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına məcmu qaydada qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar