Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5567/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, ata qrafasında X1 ana qrafasında isə X2 qeyd olunması və anadan olduğu xx.xx.1945- ci il tarixdə Ermənistan İrəvan şəhərində anada olması barədə doğum haqqında akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, atası X5 xx.xx.1945-ci il tarixdə Ermənistan İrəvan şəhərində anadan olmuşdur. Bildirir ki, atası dünyasını dəyişməmişdən qabağ doğum şəhdətnaməsini itirmişdir. Atası beyin ödəmi xəstəliyi ilə xx.xx.2025-ci il tarixdə dünyasını dəyişib. Atasının mülkiyyətində olan daşınmaz əmlakı vərəsəliklə adına sənədləşdirilməsi ilə bağlı atasının doğum şəhadətnaməsi tələb olunur. Doğum şəhadənaməni təkrar almaqla bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbədən doğum akt qeydinin bərpa edilməsi üçün xx.xx.2025-ci il tarixli № 3-16-5/7-15- 633/25 imtina məktubuna əsasən məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Məhkəmə tərəfindən Sabunçu Rayon Polis İdarəsinə verilmiş sorğunun nnəticəsində təqdim edilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, vətəndaş X5 xx.xx.1945-ci il tarixdə Yerevan şəhərində doğulmuşdur. Evli, Bakı, Bakıxanov Qəs.,Sülh Küç.,ev 14/1,mənzil 31 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin AZ-İİ 508457 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə beyin ödemi səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixli 466 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında şəhadətnamə ilə təmin olunacaqdır. Məhkəmə iclasında şahidlər X7 (ərizəçinin qardaşı), X8 (ərizəçinin qardaşı) ataları X3 xx.xx.1945-ci ildə Ermənistanın Yerevan şəhərində doğulması, mərhumun atasının X4 olduğunu, anasının isə X6 olmasını təsdiq etdilər. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi atasına məxsus olan doğum haqqında şəhadətnaməni hazırda əldə etmək mümkün olmadığından və həmin şəhadətnamə ərizəçiyə sosial hüquq hüquqlarının həyata keçirməsi və vərəsəlik hüququnun təminatı üçün vacib olduğundan ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum atası X3 xx.xx.1945-ci ildə Ermənistan Res.Yerevan şəhərində doğulması, atasının X4, anasının X6 olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə ərizəni doğum akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi kimi deyil, doğum faktının müəyyən edilməsi kimi qət edir. Belə ki, MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır və belə faktları müəyyən edir. Yəni MPM-ə əsasən doğum akt qeydinin bərpa edilməsi faktı müəyyən edilmir. Bundan başqa doğum akt qeydi o zaman bərpa oluna bilər ki, bununla bağlı akt qeydinin mövcudluğu təsdiq edilsin. Lakin, təqdim edilmiş iş materialları ilə belə qeydin olması və bərpasının mümkün olmaması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, maraqlı şəxsdən tələb edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X3 xx.xx.1945-ci ildə Ermənistan Respublikasının Yerevan şəhərində doğulması, atasının X4, anasının X6 olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-5567/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5567/2025
15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver