Məhkəmə qərarları › İş №2(008)-5571/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5571/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5571/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun hesab koduna yazılmış 1000 manat məbləğində borcun hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən 2015-ci ildə yaşadığı ünvan 1 ünvanda G4 1002AQ**********2 markalı olan qaz sayğacı quraşdırılmışdır. Qeyd olunan prosedurların zədələnmiş qaz sayğaclarında da eyni qaydada tətbiq olunduğu Cavabdeh əməkdaşları tərəfindən ona bildirilmədiyi və məlumatlandırılmadığı üçün vaxtında sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarını Cavabdehnə təqdim etməsi mümkün olmamışdır. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki belə olacağı reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 №-li Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli 258 №-li Fərmanı ilə SOCAR-ın nizamnaməsinə edilmiş dəyişiklikərə görə, istehsalın səmərəliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi müəyyən edilsə də cərimələrin tətbiq edilməsi barədə qeyd göstərilməmişdir. “İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li qərarında “Qazdan istifadə qaydaları”nın, alqı-satqı müqaviləsinin 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə əsasən yaranmış mübahisə münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq məhkəməyə müraciət edə bilmələri qeyd olunmuşdur. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır və həmçinin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılmasının qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair cavabdehin heç bir sübutu yoxdur. Ona məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktı da cavabdeh tərəfindən sübut edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilərkən sonuncunun təbii qazdan qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmişdir. Qeyd olunan fakt barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Tərtib olunmuş akta əsasən dəymiş ziyan hesablanmışdır. Qeyd olunanlara və iddiaçının subyektiv hüququ olmamasına əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 166741 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzim Dostəli oğlu xx.xx.2005-ci il tarixdə ölmüşdür. - AZ-İ seriyalı 796804 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. - Cavabdeh ilə X2 arasında bağlanmış 10111 nömrəli xx.xx.2015-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Cavabdeh ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Əzim Dostəli oğlunun adına tərtib edilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, sonuncunun Cavabdehnə 1045.60 manat borcu vardır. - AZ-İ seriyalı 282608 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizə Əhsən qızı xx.xx.2007-ci il tarixdə ölmüşdür. - ИЕ seriyalı 952784 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1953-cü ildə Bakı şəhərində doğulmuşdur, atası Əzim Dostəli oğlu, anası Əzizə Əhsən qızıdır. - İ-ИЕ seriyalı 375542 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cəfər Dostəli oğlu, anası Böyükxanım Şahbala qızıdır. - İİ-ЖГ seriyalı 316101 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı xx.xx.1979-cu il tarixdə nikah bağlamışlar. - abonent saldosundan görünür ki, abonent Əzim Dostəli oğlunun yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə qalıq və aktlar bölməsində 2016-cı il üzrə 469.10 manat, 2017-ci il üzrə isə 677.20 manat məbləğində zərər hesablanmışdır. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktın surətindən görünür ki, Əzim Dostəli oğlunun evində quraşdırılmış sayğaca baxış keçirilmiş və mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 659 kub metr müəyyən edilmişdir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktın surətindən görünür ki, Əzim Dostəli oğlunun evində quraşdırılmış sayğaca baxış keçirilmiş və mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 1066 kub metr müəyyən edilmişdir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktın surətindən görünür ki, Əzim Dostəli oğlunun evində quraşdırılmış sayğaca baxış keçirilmiş və mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 1238 kub metr müəyyən edilmişdir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Əzim Dostəli oğlunun evində quraşdırılmış sayğaca baxış keçirilmiş və mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 1588 kub metr müəyyən edilmişdir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Əzim Dostəli oğlunun evində quraşdırılmış sayğaca baxış keçirilmiş və mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 1798 kub metr müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onun tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair alqı-satqı müqaviləsi Cavabdeh ilə iddiaçının əri X2 arasında bağlanmışdır. X2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair abonent saldosunda isə abonent kimi iddiaçının qaynatası Əzim Dostəli oğlu qeyd edilmişdir. Əzim Dostəli oğlu xx.xx.2005-ci il tarixdə ölmüşdür. İddiaçı qeyd olunan ünvanın təbii qazla təchiz edilməsinə dair Cavabdeh ilə yeni müqavilə bağlamamış, abonent kodu iddiaçının adına keçməmişdir. Belə olan halda, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar