Məhkəmə qərarları › İş №2(008)-5580/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5580/2023

24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5580/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X5 27 iyul 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X10 15 fevral 2023-cü il tarixdən insult xəstəliyindən əziyyət çəkmiş və ev şəraitində müalicə olunurdu. 27 iyul 2023-ci ildə atasının səhhətində qəflətən dəyişkənlik baş vermiş və təcili tibbi yardım gələnədək atası vəfat etmişdir. Bundan sonra atasını Sabunçu rayonu Nardaran kəndində yerləşən qəbristanlığında dəfn etmişlər. Atasının xx.xx.2023-cü ildə vəfat etməsi dəfn olunduğu qəbirstanlıq tərəfindən təsdiq olunmuş və bu barədə QMİ-nin Sabunçu və Pirallahı rayonlar üzrə qazısı Nardaran kəndinin axundu X7 tərəfindən arayış verilmişdir. Tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək atasının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi Aynaz Şıxəliyevanın imzası ilə verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-10-1444/2023 saylı cavab məktubuna əsasən atasının ölümünü təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığından ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu faktı təsdiq etdirməkdə məqsədi atasının əmlakı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ibarətdir. Lakin atasının ölümünü təsdiq edən şəhadətnamə olmadığından ondan qalmış miras əmlak üzrə heç bir hüquqi hərəkətlər etmək mümkün deyildir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşı ilə həm iş yoldaşı, həm də ailəvi dostdur. Ərizəçinin qardaşı ona zəng edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdir. Ərizəçinin atası 2023-cü ilin iyul ayının 26-dan 27-nə keçən gecə rəhmətə getmişdir. Mərhumun Nardaranda dəfn olunduğunu bildirmişdir. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşı ilə dostdur. Ərizəçinin atası xəstə yatırdı. O, rəhmətə getməmişdən 1 saat öncə hadisə yerində idi. Ərizəçinin atası 2023-cü ilin iyul ayının 26dan 27-nə keçən gecə rəhmətə getmişdir. Ona saat 12-1 radələrində ərizəçinin qardaşı tərəfindən zəng gəlmiş və o, ərizəçinin evinə getmişdir. Gəldiyi zaman təcili yardım maşınının orada olduğunu görmüşdür. Mərhumun Nardaranda dəfn olunduğunu bildirmişdir. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi ilə Maştağa qəsəbəsində qonşudur. Ərizəçinin atasını rəhmətə getməmişdən öncə tanıyıb, adı Salman idi. Salmanın iki övladı vardı, bir oğlu və bir qızı. Salmanı paralic vurmuşdu, yataq xəstəsi idi. O, 2023-cü ilin iyul ayının 26-dan 27-nə keçən gecə saat 2-3 radələrində rəhmətə getmişdir. Təcili yardım çağırılmışdı. Salmanın vəziyyəti ağır idi. Ərizəçi ona zəng vurub atasının rəhmətə getdiyini bildirmişdir. Salman Nardaranda dəfn olunmuşdur. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Vİİİ-ЖГ seriyalı 285565 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X10, anası X1r. - Təcili və X2 Stansiyası 14 saylı bölmənin 27 iyul 2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X10 Təcili və X2 gələnə qədər ölmüşdür. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-10-1444/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması mümkün deyildir. Bu səbəbdən ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Vİ-ЖГ seriyalı 462300 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 xx.xx.1998-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra arvada Rüstəmova soyadı verilmişdir. - QMİ-nin Sabunçu və Pirallahı rayonları üzrə qazısı Nardaran kəndinin axundu X13 tərəfindən verilmiş arayışdan görünür ki, X9 xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Nardaran kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X5 27 iyul 2023-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X5 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 iyun 1952-ci il təvəllüdlü X5 27 iyul 2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 11 iyun 1952-ci il təvəllüdlü X5 27 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar