Məhkəmə qərarları › İş №2(008)-5589/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5589/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5589/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı İddiaçı nümayəndəsi X8 oğlunun, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikinti işlərinin dayandırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ünvanında ona məxsus fərdi yaşayış evindən birbaşa Şəhər şossesinə çıxışla bağlı apardığı tikinti işlərinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində yolun genişləndirilməsi ilə əlaqədar Cavabdeh məxsus ev yolun tikintisi altına düşdüyündən evin sökülərək yenidən tikilməsi ilə əlaqədar qarşılıqlı razılığa gəlinmişdir. İddiaçı Başçısının sərəncamı ilə həmin ünvanda Cavabdeh iki mərtəbəli evin sökülərək təqdim olunmuş layihə əsasında arxaya çəkilməklə yenidən tikintisinə razılıq verilmişdir. Lakin, cavabdeh fərdi yaşıyış evinin tikintisini başa çatdırdıqdan sonra layihədə tutulmadığı halda Şəhər şossesinə birbaşa çıxış əldə etmək məqsədilə tikiti işlərini davam etdirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, cavabdehə evinin tikintisinə icazə verilən zaman cavabdehin evi ilə Şəhər şossesi arasındakı hasar möcud deyildi. Həmin hasar Avropa oyunları ərəfəsində inşa edilmişdir, kimin tərəfindən inşa edildiyini bilmir, İddiaçı tərəfindən inşa edilməmişdir. İddialarının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X2 iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin yaktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı Başçısının 17.02.2016-cı il tarixli 47 №-li sərəncamı ilə cavabdehin evinin qəsəbənin ümumi görünüşünə uyğun gəlmədiyindən, eyni zamanda yolun genişlənməsi ilə əlaqədar sökülməsi zərurəti yarandığından Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində həmin ünvanda Cavabdeh qızına iki mərtəbəli evin sökülərək təqdim olunmuş layihə əsasında arxaya çəkilməklə yenidən tikintisinə razılıq verilmiş, evin layihəsi təsdiq edilmişdir. Evin tikintisinə icazə verilən zaman mübahisəli hasar mövcud deyildi. Ev hazır olanadan sonra hasar çəkilmiş, lakin hasarı çəkən fiziki və ya hüquqi şəxs və ya hər hansı dövlət orqanı barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı ilə evə və əraziyə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Cavabdeh tərəfindən iki mərtəbəli ev inşa edilmişdir, hazırda evdə yaşayış yoxdur. Evlə Şəhər Şossesi arasında primitiv üsulla standatlara uyğun olmayan hasar inşa edilmişdir. Cavabdeh faktiki olaraq süni şəkildə əsas küçədən təcrid vəziyyətdə qalmışdır. Cavabdeh çox uzun bir piyada yolundan istifadə etməklə küçədəki avtobus dayanacağına, marketə və ya digər yerə çıxa bilir. Cavabdeh tərəfindən onun evi ilə əsas küçənin arasında olan hasarın bir qismi sökülmüş və hasarın qalan hissəsi aqlay daşı ilə müasir üslubla üzlənir. Hazırda iddiaçı bu işlərin görülməsinin cavabdehə qadağan edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərabycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsini qeyd etmişdir. Həmin maddəyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən hər hansı əsaslı tikinti işləri aparılmır. Cavabdeh kim tərəfindən inşa edilməsi bilinməyən hasarı bahalı aqlay daşı ilə öz şəxsi vəsaiti hesabına üzləyir və müasirədə qalmış evindən küçəyə yol açır. Cavabdeh evini inşa etdirən zaman həmin hasar mövcud olmamış, həmin zaman küçə ilə cavabdehin evini birləşdirən yol açıq olmuş, həmin hasar qanuni yolla inşa edilmiş hər hansı bir tikili deyil və onun məhkəmə yolu ilə sökülməsi üçün ən azından iddianın kimə yönəlməsi bilinməlidir ki, bu da hətta rayona nəzarət edən İcra Hakimyyətinə bəlli deyil. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 365 №-li Qərarı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzaritinin həyata keçirilməsi Qaydaları»-na istinad etmişdir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir, 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Göründüyü kimi, iddiaçının qanunsuz tikinti aşkar etdiyi halda yerli icra hakimiyyəti orqanının nəzarəti tikinti işlərinin dayandırılması barədə yazılı tövsiyyə verməkdən ibarət ola bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə əsasən tikinti obyektlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı əsasında sökülməsi və ya həmin orqan tərəfindən məhkəməyə verilən iddialar üzrə nəzərdə tutulub. Odur ki, məhkəmə hesab edir ki, ümumiyyətlə qanunsuz tikinti möcud deyil və olsa belə İddiaçı belə bir iddia qaldırmağa dair subyektiv hüququ yoxdur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ünvanında Cavabdeh məxsus fərdi yaşayış evindən birbaşa Şəhər şossesinə çıxışla bağlı apardığı tikinti işlərinin dayandırılması barədə İddiaçı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar