Məhkəmə qərarları › İş №2(008)-560/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-560/2024

05.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-560/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Quliyeva Mətanət İsa qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-dən çıxarılması, 51 manat dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 55 manat rüsumun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, 1995-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsində yerləşən ev 14, mənzil 14 almışdır. Mənzilin sənədi olmadığına görə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamış, sadəcə mənzilin əvvəlki sahibinə ödəniş edib mənzili ondan almışdır. Həmin vaxtdan o, əri X2 və qızı Quliyeva (Məmmədova) Mətanət İsa qızı mənzildə yaşamağa başlamışdılar. 2004-cü ildə qızı Quliyeva (Məmmədova) Mətanət Cavabdeh ilə ailə qurmuşdur. Ailə qurduqdan bir müddət sonra yaşamağa evləri olmadığından onlara öz mənzilində müvəqqəti yaşamağa izacə verməsini xahiş etmişlər. Həmçinin Cavabdeh söz vermişdir ki, onların mənzilində yaşamaqları çox çəkməyəcək. Ev tapana kimi iddiaçı onlara ünvan 1-də yaşamağa icazə vermişdir. Quliyeva (Məmmədova) Mətanət İsa qızı ilə Cavabdeh arasında münasibətlər getdikcə pisləşməyə başlamış və qızı nikahın pozumlası barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə Quliyeva (Məmmədova) Mətanət İsa qızı arasında olan nikah pozulmuşdur. Nikahın pozulmasına baxmayaraq Cavabdeh hələ də onun mənzilində yaşamağa davam edir və uzun müddətdir ki cavabdeh ona mənzilində rahat yaşamağa imkan vermir. Hər gün iddiaçı ilə səbəbsiz yerə mübahisə edərək, dava-dalaş salır, ona təhqir edir, evində olan əşyaları sındırır, aldığı ərzaqları bilərəkdən məhv edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, qeyd olunan mənzildə əsaslı təmir etdiyini onun da mənzildə yaşamaq hüququnun olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil X1 148 saylı Mənzil Komunal İstismar Sahəsinin 01 aprel 2024-cü il tarixli 16 nömrəli cavabına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Zevin küçəsi ev 14, mənzil 14-də uzun illər qeydiyyatsız yaşamış, xx.xx.2013-cü ildən qeydiyyatda olan İddiaçı yaşadığı bina Bakı şəhər Mənzil Komunal Təsərrüfatı Departamentinin balansındadır. Vətəndaş İddiaçı halhazırda yaşadığı mənzil Dövlət mülkiyyətindədir. İddia ərizəsindən göründüyü kimi İddiaçı 2004-cü il tarixdə qızı Quliyeva (Məmmədova) Mətanəti və Cavabdeh yaşamağa evləri olmadığından öz mənzilində müvəqqəti yaşamalarına izacə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından göründüyü kimi mübahisəli mənzil hazırda dövlət mülkiyyətində olduğundan və tərəflər arasında mənzillə bağlı münasibətlər 2004-cü ildə yarandığından hazırki mübahisəyə 01 oktyabr 2009-cü il tarixinə kimi qüvvədə olan Mənzil Məcəlləsinin nomaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qanunun tələblərindən göründüyü kimi Cavabdeh icarədar ilə birlikdə hazırki vaxta kimi yaşayır və onunla birlikdə birgə təsərüfat aparmışdır. Həmçinin icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Yəni Cavabdeh icarədəar İddiaçı qızı ilə ailə üzvü sırasından çıxsa da, onunla birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Zevin küçəsi ev 14, mənzil 14-də yaşamaqda davam etdiyindən icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda iş materiallarından göründüyü kimi nə iddiaçının, nə də cavabdehin hüquqi statusuna görə mübahisəli mənzil üzərində mülkiyyət hüququnun elementləri olan sahiblik, istifadə və sərəncam vermə səlahiyyətləri mövcud deyildir. Onlar hər ikisi evə münasibətdə faktiki olaraq bərabər statusdadırlar, iddia tələbi isə bilavasitə ev üzərində sərəncam vermə və sahiblik hüququ ilə bağlıdır. Məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz, bu isə o deməkdir ki, cavabdehin həmin evdən çıxarılması barədə iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. İddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, tərəflərin irəli sürdükləri digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İş materiallarından da göründüyü kimi İddiaçı ünvan 1 dair hər hansı hüququnun olması barədə sübut təqdim etməmişdir. İddiaçı hazırda belə bir iddia ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Qanun tələbindən də göründüyü kimi bu hüquq mülkiyyətçiyə məxsusdur. Məhkəmə araşırılması zamanı işin mübahisəsiz halı ondan ibarət olduğu müəyyən edilir ki, İddiaçı ünvan 1 dair mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 mart 2021-ci il tarixli Qərarında qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ər-arvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlakın ona məxsus olduğunu təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından İddiaçı ünvan 1 dair hər hansı hüququnun olduğu məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olmaması müəyyən edildiyinə görə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Göstərilən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanından çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzaliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar