Məhkəmə qərarları › İş №2(008)-5617/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5617/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5617/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka Cavabdeh ASC tərəfindən hesablanmış 374.83 (üç yüz yetmiş dörd manat səksən üç qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat №li, **********15-11301 reyestr №-li çıxarışdan göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivi 328b saylı bağ evi onun xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli Cavabdeh ASC Sabunçu Sukanal İdarəsi tərəfindən tərtib olunan qəbzdən göründüyü kimi, ünvan 1 sahəsində yerləşən əmlaka 374.83 (üç yüz yetmiş dörd manat səksən üç qəpik) manat borc qeyd edilmişdir. Mülkiyyətində olan əmlaka Cavabdeh ASC tərəfindən hesablanan borc onun həmin əmlakdan istifadə etdiyi dövrə uyğun gəlmir, buna görə də borc qismində hesablanan pul məbləği əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən əmlaka su ehtiyatlarından istifadə ilə bağlı Cavabdeh ASC tərəfindən hesablanmış 374.83 (üç yüz yetmiş dörd manat səksən üç qəpik) manat borc silinməlidir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. İddiaçı 374.83 (üç yüz yetmiş dörd manat səksən üç qəpik) manat məbləğində borcun hesablanmasının əsassız olduğunu iddia edir. Cavabdeh ASC ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviləyə (müqavilə: ********) əsasən İddiaçı (ünvan: Sabunçu rayonu Pirşağı bağı ev 0/Q, mənzil 14) su ilə təchiz edilmişdir (abonent kodu: **********140). Abonentin istifadə etdiyi suyun dəyəri sayğac quraşdırılan tarixə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 7.4 və 7.5-ci bəndlərinə əsasən 3 (üç) nəfər olmaqla ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən aparılmışdır (3 nəfər x 5 m3 = 15 m3, 2 sot x 5 m3 = 10 m3, 15 m3 + 10 m3 = 25 m3, 25 m3 x 0.35 manat = 8.75 manat və 25 m3 x 0.70 manat = 17.50 manat). xx.xx.2022-ci il tarixdən hesabat su xətti üzərində quraşdırılmış İSS-20M-2 markalı 22029791 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılır. O, əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində sudan mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi suyun dəyərini tam ödəməmiş, nəticədə 374.83 manat borcu yaranmışdır. Hazırda sayğac göstəricisi 177 m3 olmaqla abonentin hesabında sudan istifadəyə görə 479.83 manat borc vardır. “X3”nın: 7.11-ci və 7.12-ci bəndlərinə əsasən istehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. 7.12. STKM bu Qaydaların 7.11-ci bəndinə əsasən daxil olmuş müraciətə ən geci 5 (beş) iş günü müddətində baxaraq, istehlakçıya yazılı cavab verməlidir. Ərizə əsaslı hesab edildikdə, artıq hesablanmış vəsait növbəti ödənişlərdə nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Göründüyü kimi iddiaçı tərəfindən bununla bağlı Cavabdeh ASC-nə heç bir müraciət ünvanlanmamışdır. “X3”nın 4.1-ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. Bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. Göründüyü kimi iddiaçı “Su təchizatı və tullantı suları haqqında” Qanunun, “X3”nın, eləcə də tərəflər arasında bağlanmış müqavilənin tələblərini pozmuş, “X3”na uyğun olaraq hesablanmış 479.83 (dörd yüz yetmiş doqquz manat səksən üç qəpik) manat borcun ödənilməsini təmin etməmişdir. “X3”nın 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Göründüyü kimi İddiaçı suyun verilməsinin dayandırılması barədə də Cavabdeh ASC-nə heç bir müraciət ünvanlamamışdır. Bu səbəbdən “X3”na müvafiq olaraq hesablanmış 479.83 (dörd yüz yetmiş doqquz manat səksən üç qəpik) manat borc iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi borc məbləği 374.83 manatdır. Həmin məbləğin 356.63 manatı sayğac quraşdırılanadək ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən hesablanmış borcdur, 18.2 manatı isə sayğac göstəricisinə əsasən yaranmış borcdur. Azərbaycan Respublikası Tarif Şurasının Cavabdeh ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” xx.xx.2011-ci il tarixli 01 nömrəli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.15 manat müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.30 manat müəyyən edilmişdir. Buna uyğun olaraq müqavilə bağlandığı (xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə edilmiş suyun dəyəri 0.35 manatla, xx.xx.2021-ci il tarixdən 0.70 manatla hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivi 328b saylı bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. -hesab fakturadan görünür ki, İddiaçı Cavabdeh ASC-nə xx.xx.2022-ci il tarixə 374.83 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 50 manat pul ödənilmişdir. -abonent kartından görünür ki, İddiaçı su təchizatına görə 479.83 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın: 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.11-ci bəndinə əsasən istehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. 7.12-ci bəndinə əsasən STKM bu Qaydaların 7.11-ci bəndinə əsasən daxil olmuş müraciətə ən geci 5 (beş) iş günü müddətində baxaraq, istehlakçıya yazılı cavab verməlidir. Ərizə əsaslı hesab edildikdə, artıq hesablanmış vəsait növbəti ödənişlərdə nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. İddiaçı cavabdeh tərəfindən onun abonent koduna əsassız olaraq 374.83 manat borcun hesablandığını iddia edərək, həmin borcun silinməsini məhkəmədən xahiş etsə də, işin faktiki halları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, həmin borc iddiaçının sudan istifadəyə görə yaranmış debitor borcudur. Belə ki, iddiaçının silinməsini tələb etdiyi 374.83 manat borcun 356.63 manatı sayğac quraşdırılanadək ailə tərkibinə və suvarılan torpaq sahəsinə, 18.2 manatı isə sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Göründüyü kimi iddiaçının qeyd olunan borcun əsassız olaraq hesablanmasına dair yalnız mülahizə xarakterli izahatı mövcuddur. Onun izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı isə qeyd olunan hal öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun silinməsi barədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur, odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar