Məhkəmə qərarları › İş №2(008)-5637/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5637/2025

27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5637/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il təvəllüdlü X3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz ünvanında 16 iyul 2025-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X6 xx.xx.1941-ci ildə Şəki şəhəri, Kiçik Dəhnə kəndində anadan olmuşdur. X6 anasıdır, bunu doğum haqqında şəhadətnamə də təsdiq edir. 16 iyul 2025-ci il tarixdə 08:00 radələrində anasının vəziyyətinin kəskinləşdiyini görüb təcili yardım çağırmışdır. Təcili yardım təqribən saat 09:00 dəqiqədə gəlib anasının artıq öldüyünü bildirmişdir. Bu barədə bizə təcili yardım tərəfindən bir ədəd ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Təcili və X12 Stansiyası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16 iyul 2025-ci il tarixdə saat 09:00 dəqiqədə təcili yardım gəlmiş, həkimə qədər qadın cinsinə mənsub meyid olduğu qeyd aparılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün 21 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Həmin poliklinika tərəfindən ona xx.xx.2025-ci il tarixində imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, xx.xx.1941-ci təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar poliklinikaya heç bir müraciəti olmadığından və ambulator kartası olmadığından ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. Əlindəki mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı Asan Xidmət X9 müraciət etsə də, xx.xx.2025-ci il tarixli № 3-16-5/8-15-659/25 saylı cavab məktubunda bildirilmişdir ki, ölümü təsdiq edən sənəd (tibbi şəhadətnamə) olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. X1 Şəki şəhərinin Cəfərabad kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs2 Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, o, ərizəçi Sevinc xanımla hasar qonşusu olmuşdur. Sovxoz Ramana qəsəbəsində yaşayırlar. Sevincin anası Yulduz onunla birgə yaşayırdı. Ölümündən bir neçə gün əvvəl həyətə çıxırdı, amma sanki ağlını itirmiş kimiydi, evdən çıxıb gedirdi. 2-3 gün halı ağır keçdi, təcili yardım çağırdılar. Ölən günü həkim çağırmışdılar, özü də getmişdir. 2025-ci ilin iyul ayının 12-i və ya 17-i olardı. Bildiyi qədərilə dəfn üçün Şəkiyə aparmışlar. Burda da yas mərasimləri olmuşdur. Yas mərasimlərində qonşularla birgə olmuşdur, dəfn mərasimi uzaq olduğu üçün getməmişdir. Məhkəmə iclasında şahid X20 ifadəsində bildirmişdir ki, o, Sevinc xanımla qonşudur. Ramana qəsəbəsində yaşayırlar. Onun anasının adını bilməmişdir. Sevinc xanımla bir yerdə yaşayırdı. Mərhum anası bildiyi qədərilə 2025-ci il 16 iyulda ölmüşdür. Öləndə səhər saatları idi, bir gün əvvəl də daxil olmaqla bir neçə dəfə təcili yardım çağırmışdılar. Elə də ciddi xəstəliyi yox idi, ağlını itirmişdi. Dəfn üçün Şəkiyə aparmışlar, dəfn mərasimində olmamış, yas mərasimində isə iştirak etmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, Sevinc xanım onun böyük qardaşının yoldaşıdır, həm də qonşusudur. Ramana qəsəbəsində yaşayırlar. Qeydiyyatı ünvanı Sabunçu rayonudur, amma 20 ildir ki, Ramana qəsəbəsində yaşayır. Bir yerdə yaşayırdılar. İyul ayında onlara getmişdir. Həmin vaxt mərhuma sistem köçürürdülər, təzyiqini ölçürdülər. Özü marketdə kassir vəzifəsində işləyir deyə hər dəqiqə onlara gedib gələ bilmirdi, amma Sevincə ona anasının vəziyyətinin yaxşı olmadığını demişdir. Bacısı da Naxçıvandan gəlmişdi. Həmin gün axşam halı bir az yaxşı idi, o, özü getmişdir. Səhəri gün gələndə artıq o, ölmüşdü. Sevincin anasını Şəkidə Cəfərabadda öz evinə apardılar, o, özü də Şəkidəndir. Cənazə orada götürülmüş, əmisinin evində də yas mərasimi verilmişdir. Dəfn mərasimində də iştirak etmişdir, öz atasının yanında dəfn ediblər. Bakı şəhərində də yas mərasimləri olub, o da iştirak etmişdir. Mərhum 2025-ci ildə ölmüşdür. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1941-ci il tarixdə doğulmuşdur. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə doğulmuşdur. - İİ-ЖГ seriyalı 359002 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1973-cü il tarixdə doğulmuşdur, atası X4, anası X5r. - Vİ-ЖГ seriyalı 354838 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X8 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. - Bakı şəhəri Təcili və X12 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X6 TTTY gələnə qədər ölmüşdür. - 4 saylı Bakı Maraqlı şəxs2 Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. - 21 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Maştağa qəsəbəsi, Subtropik sovxoz ünvanında yaşamış 1941-ci il təvəllüdlü X3 poliklinikada ambulator kartası və heç bir müraciəti olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi səlahiyyətləri xaricindədir. - Şəki rayonu Cəfərabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 44 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Şəki rayonu, Cəfərabad kənd qəbirstanlığında dəfn edilmiş, dəfn işini Ərizəçi təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1941-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1941-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar