Məhkəmə qərarları › İş №2(008)-5643/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5643/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5643/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İlk iddia üzrə İddiaçı ATSC-nin vəkili və nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı ATSC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ərazidən çıxarılmaya dair ilk iddia, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ATSC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ATSC iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək İddiaçı ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv m olan ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq cəmiyyətə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ATSC 29.06.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, mülkiyyət forması xüsusidir. Qubadlı rayonu 31.08.1993-cü il tarixdə zəbt edildikdən sonra cavabdehlər iddiaçı şirkətə məxsus Ziya Bünyadov 10 ünvanında yerləşən binada məskunlaşmışdır. Bu hal cəmiyyətə maddi ziyan vursa da, cəmiyyət rəhbərliyi bu müddət ərzində cavabdehlərlə humanist davranaraq heç bir tələb irəli sürməmişdir. Cavabdehlərin digər qohumları da orada məskunlaşmış olsalar da, sonadan qeyri-yaşayış binasını boşaltmışdılar. Cavabdeh1 və Cavabdeh3 İddiaçı ATSC-yə qarşı qarşılıqlı iddia irəli sürərək, Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 120 kv m olan, 3 otaqlı evin hazırki bazar dəyəri 80000 manat məbləğində pul vəsaitinin, ümumi sahəsi 50 kv.metr olan, 1 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət evin hazırki qiyməti 30000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ATSC tərəfindən onlara yaşamaq üçün vaqon verilmişdir. Şirkətin rəhbərliyinin razılığı ilə əvvəlcə bir otaqlı ev, sonradan isə 3 otaqlı ev inşa edilmişdir. Evin tikintisinə və təmirinə 60000 manat pul xərcləmişdir. Tikinti materiallarının bahalaşması ilə əlaqədar hesab edir ki, evin hazırki bazar dəyəri 80000 manatdır. Bir otaqlı evin dəyəri 30000 manatdır. Qarşılıqli iddianın hüquqi əsasları Mülki Məcəllənin əsassız varlanma maddələrindən ibarət olmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iş üzrə izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, ilk iddia üzrə cavabdehlərin 2 il ərzində 300-500 manat arasında kirayə pulu ilə təmin etməklərinə hazırdılar. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın təmin edildiyi təqdirdə qarşılıqlı iddianın da təmin edilməsini məhkəmədən xahiş etdilər. Onlar izahatlarında qeyd etdilər ki, iki evin inşa və təmir edilməsinə böyük məbləğdə vəsait sərf etmişdilər. İddiaçı cəmiyyətin təklifi ilə razılaşmırlar, onlardan kirayə haqqı istəmirlər, hesab edirlər ki, yaşadıqları evlər onlara məxsusdur və yalnız həmin evlərin bazar dəyəri ödənildiyi təqdirdə oranı tərk etməyə razılaşarlar. Məhkəmə tərəfləri izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 04.05.1998-ci il tarixli 725 №-li Sərəncamı ilə «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsini Dövlət Proqramı»na və Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin haqqında «Əsasnamə»yə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin «tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləriri haqqında» 2 dekabr 1997-ci il tarixli 646 saylı Fərmanının icrasını təmin etmək məqsədilə Rabitə Nazirliyinin ünvan 2 ünvanında yerləşən İddiaçı Layihə-Tikinti Birliyinin mərkəzi aparatının və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 10 ünvanında yerləşən 1 saylı Tikinti quraşdırma İdarəsinin bazasında İddiaçı açıq tipli səhmdar cəmiyyəti yaradılmış, cəmiyyətin Nizamnaməsi və Özəlləşdirmə planı (Emissiya prspekti) təsdiq edilmiş, hüquq idarəsinə İddiaçı səhmdar cəmiyyətinin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. İddiaçı ATSC 14.05.1999-cu il tarixdə ********** nömrə (əvvəlki dövlət qeydiyyatı № 66) ilə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X2r, hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 10-dur. Cəmiyyətin 27.06.2002-ci il tarixdə texniki pasportu tərtib edilmişdir. Həmin texniki pasportda tiknti altı sahə 3017,6, ümumi sahə 3337,4, əsas sahə 1646,4, köməkçi sahə 1691,0 kv metr göstərilmiş, tikililərin planı və təsnifatı verilmişdir. Texniki pasportunun hazırlanması üçün yuxarıda adıçəkilən Əmlak Komitəsinin sərəncamı, cəmiyyətin balansında olan tikililərin siyahısı və digər sənədlər tqdim olunmuşdur. Torpaq sahəsinin ayrılmasına dair 87/1583 saylı 17.01.1975-ci il tarixli Bakı şəhər X3 İcraiyyə Komitəsinin torpaq sahəsinin ayrılması haqqında Qərarından çıxarış, Bakı şəhər İcraiyyə Komitəsi Memarlıq və planlaşdırma idarəsinin torpaq sahəsinin ayrılmasına dair 19.02.1975-ci il tarixli inşaat pasportu və 5/33 saylı 03.02.1975-ci il tarixli Ayrıc Aktı. Səhmdar Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 386987 ədəd səhmi Qiymətli kağız mülkiyyətiçilərinin reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh1 1997-ci ildən cəmiyyət məxsus ərazidə mskunlaşmış və hazırda anası, arvadı və övladı ilə birlikdə orada yaşayır. Onlar yaşayış şəratlərini yaxşılaşdırmaq məqsədilə orada müəyyən abadlıq işləri etmişdilər. Hesab edirlər ki, onların hazırki bazar dəyəri 80000 və 30000 manatdır. Hazırda İddiaçı ATSC Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv m olan ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq cəmiyyətə təhvil verilməsini, Cavabdeh1 və Cavabdeh3 isə evlərin hazırki bazar dəyəri 80000 və 30000 manat məbləğində pul vəsaitinin onlara ödənilməsini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddia tələbinin qanuni və əsasl olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının 29.11.1996-cı il tarixli 208-1 Q nömrəli Qanunu ilə tsdiq edilmiş «Dövlət müəssisəsinnin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»nin 7.2-ci bəndinə əsasən səhmdar cəmiyyətinin balansına onun nizamnamə kipitalını təşkile edən dövlət əmlakının əmlakı verilir; 7.5-ci bəndinə əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisidir. Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli 659 №-li fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması haqqında Əsasnamə»nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ATSC onun texniki pasportunda göstərilən 3337,4 kv metr torpaq sahəsinin qanuni sahibidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri ətləb edə bilər. Bu əsaslardan məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv m olan ərazidən çıxarılmalı və həmin ərazi boşaldılaraq cəmiyyətə təhvil verilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə qarşılıqlı iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçıların iddiasının hüquqi əsası əsassız varlanmadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qarşılıqlı iddia üzrə cavabdeh cəmiyyət torpağın boşalıdlaraq ona təhvil verilməsini istəyir, orda inşa edilmiş hər hansı bir əmlaka sahiblik etmək istəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçıların hüquqları cəmiyyət tərəfindən pozulduğu təqdirdə onlar zərərin əvəzinin tələb edə bilərlər. Cəmiyyət isə onların hər hansı bir hüququnu pozmamış, əksinə 30 ilə yaxın müddətdə yaşamağa imkan yaratmışdır. Bundan başqa da, cəmiyyət hazırda da iki illik kirayə haqqını ödəmək təklifi irəli sürmüş, lakin təklif qəbul edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv m olan ərazidən çıxarılsınlar və həmin ərazi boşaldılaraq İddiaçı ATSC-yə təhvil verilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar