Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5647/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, Ərizəçi Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs1 arasında Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin “Ləhiş” bağlar sahəsinin 81 nömrəli sahəsinə dair Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6-265 nömrəli qərarına əsasən Maraqlı şəxs1 adına verilmiş order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi ünvanında yerləşən, 2679a nömrəli bağ sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edərək həmin bağ sahəsində ərizəçinin sahiblik, istifadə və sərəncam vermək hüquqlarının mövcud olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə iddia icraatı qaydasında pozulmuş hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. Ərizənin məzmunundan görünür ki, Ərizəçi xx.xx.2004-cii il tarixdə Maraqlı şəxs1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsi ünvanında yerləşən 81 saylı bağ sahəsində 2679a nömrəli bağı müqavilə əsasında almışdır. Həmin bağ sahəsinə dair çıxarışın olmaması səbəbindən alqı-satqını alıcı Ərizəçi və satıcı Maraqlı şəxs1 xx.xx.2004-cii il tarixdə yazılı şəkildə rəsmiləşdirmişlər. xx.xx.2004-cü il tarixdə Maraqlı şəxs1 notarial təsdiqli ərizə ilə "Ləhiş” bağlar sahəsində 2679a nömrəli bağın Ərizəçi keçməsinə dair heç bir etirazının olmamasına dair Bakı şəhəri X5 İdarəsinə müraciət etmişdir. xx.xx.2004-cü ildən sonra iddiaçı Ərizəçi öz ailəsi ilə birlikdə həmin bağa köçərək orda yaşamağa başlamışdır. Uzun müddətdir ki, torpaq sahəsinə faktiki sahiblik edən, ondan istifadə edən və faktiki mülkiyyətçisi olduğundan Ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsi ünvanında yerləşən 81 saylı bağ sahəsində 2679a nömrəli bağa dair çıxarış əldə etmək istəyir. Lakin Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin “Ləhiş” bağlar sahəsinin 81 nömrəli, BTK nəzdində (Bakı səhər İcra Komitəsinin 9 sentyabr 1990-cı il tarixli, 6-265 nömrəli qərarına əsasən) ayrılmış orderin həmin bağ sahəsinin əvvəlki mülkiyyətçisi olan Maraqlı şəxs1 məxsus olması səbəbindən torpaq sahəsiylə bağlı ilkin sənədləşmələr sonuncunun adına aparılması zəruri olmuşdur. Beləliklə, tərəflər arasında bağ sahəsinə dair çıxarış əldə edilməsi məqsədilə mülkiyyətçi Maraqlı şəxs1 ilə iddiaçının ailəsi arasında razılıq əldə olunmuşdur. Bu razılığa əsasən, çıxarışla bağlı zəruri sənədləşmə işlərinin operativ və effektiv aparılması üçün Maraqlı şəxs1 tərəfindən iddiaçının həyat yoldaşı X1 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə etibarnamələr verərək ona qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi və digər sənədləşmə işlərini həyata keçirmək, həmçinin bu məqsədlə bütün dövlət və qeyri-dövlət orqanlarında onu təmsil etmək səlahiyyətlərini vermişdir. İddiaçının həyat yoldaşı X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsi ünvanında yerləşən 81 saylı bağ sahəsində 2679a nömrəli bağ sahəsinə çıxarış almaq üçün müxtəlif orqanlara müraciət etsə də müraciətləri nəticəsiz qalmışdır. Etibarnamələrin məhz iddiaçının özünə deyil, həyat yoldaşına verilməsinin səbəbi də ondan ibarət olmuşdur ki, bağ sahəsində gündəlik idarəçilik və sənədləşmə işləri ilə bilavasitə məşğul olan, müxtəlif təşkilat və idarələrdə gediş-gəlişi həyata keçirə bilən şəxs X2 olmuşdur. Çünki iddiaçı Ərizəçi səhhəti ilə əlaqədar bu işlərlə operativ məşğul ola bilməyəcəkdi. Bununla belə, X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində yerləşən 81 saylı bağ sahəsindəki 2679a nömrəli torpaq sahəsinə dair çıxarış almaq üçün dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etsə də, müxtəlif səbəblərdən bu müraciətlər nəticəsiz qalmışdır. Lakin bu hallar ailənin qeyd olunan torpaq sahəsinə sahiblik niyyətini və əmlak üzərində hüquqların rəsmiləşdirilməsi istiqamətindəki ardıcıl cəhdlərini bir daha sübut edir. Bundan əlavə, 2018-ci ilin yay aylarında iddiaçı Ərizəçi məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində yerləşən 81 saylı bağ sahəsində yerləşən 2679a nömrəli bağ evindən qaz sayğacı oğurlanmış və bu barədə iddiaçı dərhal Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə rəsmi şəkildə müraciət etmişdir. Bu hal, iddiaçının həmin bağ sahəsində uzun müddətdir faktiki olaraq yaşadığını, oraya sahibləndiyini və həmin əmlaka münasibətdə sahiblik davranışları göstərdiyini bir daha sübut edir. Qeyd edilən bağ evinin kommunal xidmətləri — qaz, su, işıq və sair xərcləri illərdir birbaşa iddiaçı tərəfindən ödənilmişdir ki, bu da onun həmin əmlakı faktiki mülkiyyətçi kimi istifadə etdiyini, saxladığını və qoruduğunu göstərir. İddiaçının bu ərazidə daimi yaşaması, əmlakı şəxsi istifadəsində saxlaması, ona texniki xidmət göstərməsi və dövlət orqanlarına rəsmi müraciətlər etməsi (o cümlədən oğurluqla bağlı polisə şikayəti) xx.xx.2004-cü il tarixli yazılı müqavilə ilə yanaşı onun mülkiyyət hüququnun tanınması üçün vacib əsaslar yaradır. Həmçinin, iddiaçı ilə torpağı satan X3 arasında hər hansı bir mübahisə mövcud deyildir. Məhkəmə qeyd edir ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olduqda və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmadıqda mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Hazırkı halda ərizəçinin hüquqmüəyyənedici sənədlərinin olmadığı, yəni sözügedən daşınmaz əmlakın ərizəçinin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Maraqlı şəxs1 sözügedən daşınmaz əmlakla bağlı çıxarışı məhkəmədən kənar qaydada alması və ərizədə qeyd olunduğu kimi aralarında heç bir mübahisə olmadığı təqdirdə ərizəçinin adına qanunamüvafiq qaydada rəsmiləşdirilməsi mümkündür. Odur ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının:
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur, 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
Ərizəçi Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil İzafət oğlu tərəfindən ödənilmiş 100 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər.
Hakim: Şəbnur Qədirova