Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5655/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı X5 nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzilini əvvəlki mülkiyyətçi X3 notarial qaydada alqı-satqı yolu ilə almış və həmin alqı-satqı müqaviləsi əsasında ona qeyd olunan mənzilə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Mənzilin onun qanuni mülkiyyətində olmasına baxmayaraq, cavabdehin təqsirindən həmin mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, mənzildə kirayəçi kimi yaşayan Cavabdeh həmin mənzilin boşaldılıb ona təhvil verilməsi barədə tələblərini yerinə yetirmir. Cavabdehə bu barədə dəfələrlə müraciət etsə də, nəticəsi olmamış, o, mənzildən çıxmayacağını açıq-aşkar bildirmişdir. Cavabdehin bu hərəkəti mülkiyyətçi kimi mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə mane olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, X12 ilə 2009-cu ildən 2020-ci ilin sonlarınadək dini kəbin əsasında ər-arvad münasibətlərində olmuşlar. 2013-cü ildə ev almaq qərarına gəlmişlər. Həmin vaxt Zakir onda olan pulun ev almağa yetərli olmadığını bildirmişdir. Həmin şəxslə ailə münasibətlərində olduğunu düşünərək, illərlə işləyib, öz zəhməti hesabına qazanaraq yığdığı 20.000 manat pulu ev ala bilməsi üçün Zakirə vermişdir. Bundan sonra Zakirlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzilinə baxıb, bəyənmiş və həmin mənzili satın almışlar. Mənzili alan zaman mənzil tam təmirsiz, yaşamağa yararsız vəziyyətdə olmuşdur. O, yenə də öz zəhməti ilə qazandığı pulla həmin mənzili təmir etdirmiş, mənzilə mebellər və lazımi əşyalar alıb yığmışdır. Zakir dəfələrlə bildirmişdir ki, onu həmin mənzilə qeydiyyata salacaq. Lakin 2020-ci ilin sonlarında mənzilə dəfələrlə polis əməkdaşları gələrək, ona həmin mənzildə kirayəçi olduğunu və mənzildən çıxmalı olduğunu bildirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Zakir onun da pulu ilə aldığı mənzili başqa şəxsə satmışdır. Həmin məsələ ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciətlər etmişdir. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil-Kommunal İstismar Sahəsində mühasib vəzifəsində çalışır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzilinin əvvəlki mülkiyyətçisi Marina adlı rus qadın olmuşdur. Daha sonra həmin mənzili X9 adlı şəxs almışdır. 2015-ci ildə isə, X9 mənzili Matan Qasımova adlı şəxsə satmışdır. Matan Qasımovanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzilinin mülkiyyətçisi kimi görüb tanımış, həmin şəxs 47 saylı Mənzil-Kommunal İstismar Sahəsinə gələrək mənzilin vergi və ödənişlərini şəxsən ödəmişdir. Cavabdeh isə hər zaman həmin mənzilin kirayəçisi kimi tanımışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın bir otaqdan ibarət 1 saylı mənzili tam payla Matan Qasımovanın xüsusi mülkiyyətindədir. Bu barədə ********** qeydiyyat nömrəsi ilə 21.04.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Gürcüstan Respublikasının GEO seriyalı, 09AP3892 saylı pasportunun təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 Respublikasının vətəndaşı olmaqla, 15.06.1955-ci il tarixdə Bolnisi rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1974-cü il tarixdə anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «Broniovski Polşaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla, dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə mühafizə olunur. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzili 21.04.2015-ci il tarixdən etibarən iddiaçı X5 xüsusi mülkiyyətindədir. Cavabdeh uzun müddət həmin mənzildə müvəqqəti yaşasa da, hazırda həmi mənzildən çıxmaqdan imtina edir. Onun xəbəri olmadan qeyd olunan mənzilin faktiki nikah münasibətlərində olduğu Zakir adlı şəxs tərəfindən satıldığını cavabdeh özü də təsdiq edir. Cavabdehin hər hansı qanuni əsas və ya iddiaçının razılığı olmadan, həmin mənzildə yaşaması iddiaçının ona məxsus mənzilə mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzilindən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, iddiaçı X6 ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5655/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5655/2021
02.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver