Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-567/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hörülmüş pəncərələrin açılması, mənzilin balkonundan çıxarılma və qanunsuz tikilmiş balkonun sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz hörülmüş pəncərələrin açılması, mənzilin balkonundan çıxarılma və qanunsuz tikilmiş balkonun sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən və onun mülkiyyətində olan bina 6, 13 nömrəli mənzilin balkon hissəsindən çıxarılması, həmin mənzilin cavabdeh tərəfindən sökülərək bağlanmış qapı və pəncərələrinin cavabdeh tərəfindən açılaraq bərpa edilməsi, cavabdehin zəbt etdiyi və bina 6, 13 nömrəli mənzilin pəncərələrinə bitişik qeyri-qanuni tikilinin (10 kv.m-dən ibarət olan) sökülməsi, onun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə (yaşayış və ya qeyri-yaşayış sahəsinə) maneəsiz daxil olması və həmin mənzildən maneəsiz istifadə etməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 saylı xx.xx.2021 -ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi bina 6, ümumi sahəsi 32.34 kv.m olan 13 nömrəli mənzildən məcburi qaydada çıxarılmalı və o, həmin mənzilə köçürülməli idi. Cavabdeh icraçıları aldadaraq, onlardan evi boşaltmaq üçün vaxt istəmişdir. Həmin vaxtdan istifadə edərək ona məxsus mənzilin daxilində qanunsuz söküntü-tikinti işləri aparmışdır. Mənzilinin daxilindən mənzilin yeganə giriş-çıxış hissəsi olan balkonuna açılan və texniki pasportda öz əksini tapan pəncərələrini söküb, sındırıb və hörüb. O, uzun müddət (22 il) həmin balkondan mətbəx kimi istifadə etmişdir, eyni zamanda mənzilin həyətə çıxışı həmin balkon-mətbəxdəndir. Mənzilin pəncərələri də həmin balkona açılır. Cavabdeh balkonu qeyri-qanuni tikinti adlandıraraq həmin mənzilin pəncərələrini və qapısını mişar daşı ilə hördürmüşdür. Bu hərəkətləri ilə cavabdeh onun mənzilinin bir hissəsi olan və mətbəx kimi istifadə etdiyi balkonu zəbt etmiş və ora yığışmışdır. Beləliklə, cavabdeh məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsində və qeyd olunan icra vərəqəsində cavabdehin həmin mənzilin balkonuna yığışması nəzərdə tutulmamışdır. Mənzilin əsas girişi uzun müddət bundan qabaq mənzilin ondan əvvəlki sahibi tərəfindən, yəni 2005-ci ildə öz razılığı ilə bağlanmış, balkon qəzalı vəziyyətdə olduğu üçün təmir işləri aparmış, balkonu mətbəx halına salmış və küçəyə balkondan qapı açmışdır. Onun qonşuları həmin mənzili balkonu ilə birlikdə 2005-ci ildə aldığını bildirmişlər. O, həmin balkondan uzun müddət mətbəx kimi istifadə etmişdir. Qeyd olunduğu kimi məhkəmə qətnaməsində cavabdehin onun mənzilinin balkonuna (hal-hazırda mətbəx kimi istifadə etdiyi balkona) yığışması nəzərdə tutulmamışdır. O, alfa-talasemiyya xəstəsidir, eyni zamanda, ikinci qrup əlil və şəkər xəstəsidir. O, hal-hazirda nə mənzilinə daxil ola bilir, nə də ondan istifadə edə bilir. Çünki qapı və pəncərələr bağlandığından mənzilə girmək, pəncərələrdən istifadə etmək mümkün deyil. Onun mülkiyyət hüquqları Cavabdeh tərəfindən kobudcasına pozulur, cavabdeh onu təhqir edir, hədələyir və insana yaraşmayan hərəkətlər edir. Öz qanunsuz hərəkətləri ilə cavabdeh ona həm də maddi ziyan vurmuşdur. Belə ki cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni onun DƏDRX-nin ona verdiyi çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi bina 6, 13 nömrəli mənzilin qapı və pəncərələrinin sökülməsi və mişar daşı ilə hörülməsi, mənzilin balkonunun cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində o, maddi ziyan çəkmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi bina 6, 13 nömrəli mənzilin qapı və pəncərələrini öz vəsaiti hesabına açmalı, bərpa edərək əvvəlki vəziyyətinə gətirməli və həmin mənzilin zəbt etdiyi balkon hissəsindən çıxmalı və balkon sökülməlidir. Çünki cavabdeh həmin balkonu qeyri-qanuni tikinti adlandırır. Bir daha qeyd edir ki, məhkəmə qətnaməsində cavabdehin həmin balkona köçürülməsi nəzərdə tutulmamışdır, ondan əvvəlki mülkiyyətçi mənzilini genişləndirmək məqsədilə mətbəxi balkona keçirmişdir. O isə həmin mənzili 2005-ci ildə mənzili hazırkı vəziyyətdə, yəni balkonu ilə birlikdə almışdır. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi bina 6, 13 nömrəli mənzilin cavabdeh tərəfindən qanunsuz hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdehin həmin qapı-pəncərələrə bitişik mənzilə aid olan balkondan çıxarılması və qeyri-qanuni tikilmiş balkonun sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, qarşı tərəf onu təhqir edib, söydüyü üçün o, evin pəncərəsini kərpiclə bağlamışdır. O ev plana düşmüşdür. Evin heç bir sənədi yoxdur, özbaşına tikilidir, evin artırmaları o, gəlin gəldikdən sonra tikilibdir, həmin evin təmirinə onun atası 18000 manat xərc çəkibdir. Onun yaşamağa başqa evi yoxdur. Pəncərənin sökülməsinə narazı deyil, ancaq onların hərəkətlərindən qorxur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin izahatındakı xüsusatları təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Nümayəndə qarşı ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən istifadə hüququnun tanınması barədə iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 nömrəli ümumi sahəsi 32.34 kv.m olan mənzildən məcburi qaydada çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5384/2021 nömrəli xx.xx.2021ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən ümumi sahəsi 32.34 kv.m olan 6 nömrəli evin 13 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. - 147 saylı MKİS tərəfindən verilmiş 378 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilinin ümumi sahəsi 33.31 kv.metrdir. Həmin mənzil 147 saylı MKİS-də lan layihə sənədinə əsasən 1 otaq, 1 mətbəx və açıq eyvandan ibarətdir. Otaq 2 pəncərə, mətbəx, 1 pəncərədən ibarətdir. Həmin mənzilin əlavə tikintisi barədə 147 saylı MKİS-də heç bir sənəd yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilinə dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Cavabdeh mənzilə aid balkon sahəsindən çıxmaması maneçilik törədir. Məhkəmə hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzili üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi baxılmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, «mülkiyyətə müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümlünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v. Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələri sökülməli, Cavabdeh həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılmalı və Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş balkon sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələri sökülsün, Cavabdeh həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılsın və Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş balkon sökülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-567/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-567/2023
09.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver