Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-655/2024 15.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı X6, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və qanunsuz olaraq tikililərin sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması və onlar tərəfindən qanunsuz olaraq inşa olunmuş tikililərin sökülməsi, vəkilə hüquqi yardım üçün ödədiyi 400 manat, məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum atası X2 ona Göyçay şəhəri, Mehman Muradov küçəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası X2 miras qalmış Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına **********70-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. X1 vəfatından sonra Rusiya Federasiyasına gedərkən, baldızı Cavabdeh1 şəhərə gələndə vaxtı olduğu zamanlarda evə gəlib nəzarət etməsini xahiş etmişdir. 2005-ci ildə qısa müddətə Azərbaycan Respublikasına gələn zaman Cavabdeh1 ailə üzvləri ilə birlikdə atasından miras qalmış evə yerləşməsini görmüşdür. Cavabdehin özünün dövlət tərəfindən ayrılmış, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən yaşayış sahəsi olmasına baxmayaraq, ona məxsus evə yerləşməsinə iradını bildirmiş və evdən çıxmasını tələb etmişdir. Rusiya Federasiyasına təcili olaraq qayıtmalı olduğundan cavabdehin evdən çıxmasını gözləmədən geri qayıtmışdır. Sonradan telefonla əlaqə saxlayaraq, evi tərk edib-etməməsini soruşduqda işləri ilə əlaqədar kəndə gedib-gələ bilmədiyini və Azərbaycan Respublikasına qayıdacağı halda evdən çıxacağını bildirmişdir. Rusiya Federasiyasında olan işləri və pandemiya səbəbindən müəyyən müddət Azərbaycan Respublikasına gələ bilməmişdir. 2023-cü ildə Göyçay şəhərinə gələndən sonra mərhum atası X2 ona miras qalmış Göyçay şəhəri, Mehman Muradov küçəsində yerləşən sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mühəndisi ilə ünvana gələn zaman evdə qeyri-rəsmi yaşayan cavabdehlər mühəndisinin ölçü işləri aparmasına maneə yaratmış və onu öz evinə buraxmamışdır. Mübahisənin həlli məqsədilə cavabdehlərə qarşı iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olduğu müddətdə cavabdehlər ölçüyə maneə yaratmayacaqlarını və məsələnin məhkəmədən kənar həll olunmasını istədiklərini bildirmişlər. O, hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə ərizə ilə yenidən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşı ilə ünvana baxış keçirərkən, cavabdehlər tərəfindən həyətyanı sahədə qanunsuz olaraq, kiçik tikililər inşa olunduğunu görmüşdür. O, cavabdehlərdən mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalarını və qanunsuz tikililərin sökülməsini tələb etdikdən sonra müxtəlif şəxslər tərəfindən ona zənglər olunaraq, cavabdehlərə 15000 manat verəcəyi halda evi tərk edəcəkləri, əks halda tərk etməyəcəkləri bildirilmişdir. Sonuncu dəfə isə Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə dəvət olunmuş və cavabdehlər Göyçay RİHB-nın qəbulunda olduğu üçün onları evdən çıxarılmaması xahiş olunmuşdur. İllərlə qanunsuz olaraq, icazəsi olmadan evində yaşamaqları azmış kimi evindən çıxmaq üçün ondan 15000 manat pul istəyirlər. Onların qanunsuz hərəkətlərinin nəticəsi olaraq, mülkiyyət hüququ pozulur. Mülkiyyətində fərdi yaşayış evi olmasına baxmayaraq, başqa şəxsə məxsus evdə kirayədə qalır. Məhkəmə iclasında iddiaçı X10, nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, 1997-ci ildən Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yaşayır. Həmin ildə iddiaçının atası vəfat etmiş və onu qonşularla birlikdə dəfn etmişlər. İddiaçının razılığı əsasında Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda tikinti işləri aparmışlar. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, müdafiə etdiyi şəxs 1997-ci ildən hazırki evdə yaşayır. İddiaçının razılığı əsasında Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işləri aparmışdır. İddiaçı cavabdehlərdən mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalarını və qanunsuz tikililərin sökülməsini tələb etməsini iddia ərizəsində qeyd etsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 iddiaçının mülkiyyətində olan evdə 27 ilə yaxın iddiaçının razılığı ilə yaşamışdır. Mülki Məcəllənin 560-cı maddəsinə əsasən iddiaçı hüququndan sui-istifadə kimi qymətləndirilməlidir. İddiaçının tələbi Konstitusiyanın və Mülki Məcəlləyə görə əsaslı sayıla bilməz. Cavabdehin həmin evi yaxşılaşdırılması və həmin evdə təmir-tikinti işlərinin görməsi iddiaçının cavabdehin hesabına əsassız varlanma əldə edir. Hesab edir ki, iddiaçı tikintilərin sökülməsi yox, tikintiyə çəkilən xərcləri və digər tərəfdən kompensasiya ödəmədən çıxarılması əsaslı hesab edilə bilməz. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 yanvar 2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçıın mülkiyyətindədir. Göyçay rayon İHB-nın Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əliyeva (Həmidova) X7 rayon İcra Hakimiyyəti Başçısının Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində müvəqqəti olaraq məcburi köçkün kimi qeydiyyatdadır. Ləkçıplaq kənd Körpələr evi uşaq bağçasında müvəqqəti olaraq iki otaqdan ibarət yaşayış sahəsi ayrılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-1530/2023 saylı qətnaməsinin surətindən görünür ki, ərizə qismən təmin edilmiş, X2 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak qismində ərizəçi X9 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, qalan hissədə ərizə təmin edilməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ bəndində əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1-ci cü maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci cü maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə iddiaçının adına qeydə alınmışdır. İddiaçı mübahisəli ev üzərində özünün mülkiyyət hüququna istinad edərək, həmin evdən cavabdehlərin çıxarılmasını və özbaşına tikililərinsökülməsini xahiş etmişdir. Cavabdeh1 1997-ci ildən iddiaçının razılığı əsasında mübahisəli evə köçərək orada yaşamış və öz vəsaiti hesabına müvafiq tikililər inşa etmiş, belə olan halda həmin evdən çıxarılmasının qanunsuz olduğunu qeyd edir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Baxılan işdə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Bununla belə, həmin evin iddiaçının mülkiyyətində olması mübahisəsiz haldır. Məhkəmə qeyd edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsində (həyətində) mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsinə dair (özbaşına tikilinin sökülməsi, cavabdehin çıxarılması və torpaq sahəsinin geri qaytarılması və s.) iddia qaldırmaq imkanları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə evin yerləşdiyi torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan evin mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxslərin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, evin mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxslərin evdən çıxarılmasını və qanunsuz tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxslərin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikililər inşa etmiş şəxslərin əmlak mənafeləri gözardı edilməməlidir. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı 2005-ci ildə Azərbaycana gələrkən Cavabdeh1 ailə üzvləri ilə birlikdə atasından miras qalmış evə yerləşməsini müəyyən etdikdən sonra həmin evin tərk edilməsini tələb etdiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onun həmin vaxt işi ilə əlaqədar Rusiya Federasiyaına təcəli qayıtmalı olduğunu və bu məsələnin məhkəmə qaydasında həll olunmasına vaxtı olmadığını, bununla da cavabdehlərin orada yaşamasına istəmədən şərait yaratdığını məhkəmə inandırıcı hesab etmir. Belə ki, 2005-ci ildən 2023-cü ilədək 18 il keçmişdir və iddiaçı işi ilə əlaqədar ölkəyə gələ bilməsə də qanunvericiliyə əsasən mülkiyyətin başqasının qanunsuz istifadəsindən çıxarılmasını nümayəndə vasitəsilə məhkəmə müraciət edərək həyata keçirmək imkanı olduğu halda bunu etməmişdir. Beləliklə iddiaçıya ən azından 2005-ci ildən mübahisəli evdə cavabdehlərin məskunlaşmaşı məlum idi və o buna 18 il ərzində susmaqla razılıq vermişdir. İddiaçının hesabınca zəbt olunmuş evindən cavabdehlərin çıxarılması ilə məşğul olmaq üçün ona mane olan hallardan biri, yəni koronavirus pandemiyasının başlanmasını məhkəmə absurd hesab edilir, çünki koronavirus xəstəliyi yalnız 2020-ci ildə qeydə alınmışdır. İddiaçı X3 Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərkən, ərizəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində Aydın Mirzoevin atasının vəfatından sonra ərizəçi onun evə yiyələndiyini, 2001-ci ildə isə onun baldızı Cavabdeh1nın iki uşağı ilə birlikdə həmin evdə müvəqqəti yaşamasına icazə verdiyini göstərmişdir (Göyçay Rayon Məhkəməsinin 2(046)-1530/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi). Məhkəmə bu halı nəzərə alaraq cavabdehlərin iddiaçıya məxsus evdə yaşamasını 2001-ci ildən hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Göründyü kimi Cavabdeh1 ailə üzvləri (iş üzrə digər cavabdehlər) ilə birlikdə mübahisəli evin yerləşdirdiyi torpaq öz vəsaiti ilə əlavə tikinti işləri apararaq 23 ilə yaxın müddətdə orada yaşayaraq torpaq sahəsindən və tikililərdən hər hansı etiraz olmadan istifadə etmişdir. İddiaçı isə belə tikilinin aparılmasına etiraz etməmiş və özü də etiraf edir ki, xüsusi mülkiyyət kimi onun adına qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrədinə cavabdehlər tərəfindən tikinti işləri aparılmışdır. Belə olduğu halda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində məhz cavabdehlər tərəfindən öz vəsaiti hesabına tikinti işlərinin aparılması və uzun müddət iddiaçının razılığı ilə orada yaşaması, tikililərdən istifadə etməsi və iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınmalıdır. Çünki cavabdehlər mübahisəli evdən çıxarılaraq onlar tərfindən inşa edilmiş tikililərin sökülməsi vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncuların hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və qanunsuz olaraq tikililərin sökülməsi tələbinə iddia ərizəsi təmin edilməməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və qanunsuz olaraq tikililərin sökülməsi tələbinə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-655/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-655/2024
15.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver