Məhkəmə qərarları › İş №2(103)-3195/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3195/2025

19.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3195/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz hörülmüş pəncərələrin açılması, mənzilin balkonundan çıxarılma və qanunsuz tikilmiş balkonun sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən və onun mülkiyyətində olan bina 6, 13 nömrəli mənzilin balkon hissəsindən çıxarılması, həmin mənzilin cavabdeh tərəfindən sökülərək bağlanmış qapı və pəncərələrinin cavabdeh tərəfindən açılaraq bərpa edilməsi, cavabdehin zəbt etdiyi və bina 6, 13 nömrəli mənzilin pəncərələrinə bitişik qeyri-qanuni tikilinin (10 kv.m-dən ibarət olan) sökülməsi, onun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə (yaşayış və ya qeyri-yaşayış sahəsinə) maneəsiz daxil olması və həmin mənzildən maneəsiz istifadə etməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilin hörülmüş qapı və pəncərələrin sökülməsi, Cavabdeh həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2614/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilin hörülmüş qapı və pəncərələrin sökülməsi, Cavabdeh həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsinin hansı qaydada icra olunması barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaşadığı mənzilin arxa tərəfindən balkonun və pəncərənin tikintisi, həmin evin 1 və 2-ci mərtəbələrinin balkonlarının eyni vaxtda tikilmiş və bir-biri ilə əlaqəlidir. Birinci mərtəbənin söküntüsü olduğu halda, avtomatik binanın ikinci mərtəbəsinin balkonun uçması ilə nəticələnəcəkdir. Nəzərə alınmalıdır ki, mənzilə edilmiş həmin artırmalar, mənzillərin texniki pasportlarına əlavə edilməsə də, lakin tikililər icra hakimiyyətinin, mənzil-istismar idarəsinin razılığı ilə tikilmişdir. Məhkəmə qətnaməsi ilə sökülməsi nəzərdə tutulan sahənin mübahisəli mənzilə heç bir aidiyyəti olmamışdır. İddiaçının öz mənzilinə texniki-pasport alan zaman, həmin pəncərələrin qarşısı uzun müddət əvvəl tikilmişdir. Ona görə də, həmin balkonların sökülməsi ilə əlaqədar, binanın ikinci mərtəbəsi üçün böyük problem yaradır. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyində söküntünün hansı formada həyata keçirilməsi müyyən edilməmişdir. Belə ki, iş üzrə birinci dəfə ekspertiza keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2217 №li xx.xx.2020-cil tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Bakı şəhəri Akif Mustafayev küçəsi 6 saylı binada yerləşən və hazırda Cavabdeh istifadəsində olan sahənin Nümayəndə mülkiyyətində olan 13 saylı mənzillə eynilik təşkil etmədiyi müəyyən edilir. İş üzrə ikinci dəfə ekspertiza keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9959 saylı rəyinin nəticə hissəsi aşağıdakı kimi müəyyən edilmişdir: “cavabdehin çıxarılması tələb olunan tikili (balkon) iddiaçının mülkiyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan texniki pasport sənədində öz əksini tapmadığını nəzərə alaraq, həmin balkon tikilisinin iddiaçının mülkiyyətində olan 13 nömrəli mənzilə aid olmadığı müəyyən edilmşdir. Mübahisəli mənzilin arxa tərəfində inşa edilmiş balkon tikilinin üstündə ikinci mərtəbə özünə balkon tikib. Əgər birinci mərtəbə sökülərsə, avtomatik olaraq ikinci mərtəbənin balkonu uçacaqdır. Ona görə də məhkəmə qətnaməsi ilə sökülməsi göstərilmiş balkonun hansı qaydada sökülməsi və ya həmin balkon sökülərsə binanın ikinci mərtəbəsində tikilmiş balkona zərər vurulub-vurulmayacağı müəyyən edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və ərizə üzrə araşdırma aparılmaqla söküntüsü nəzərdə tutulan sahənin ekspertiza rəyi keçirilməklə izahat verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinn 2(008)-567/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi, ev 6, 13 saylı mənzilin arxa tərəfində qanunsuz hörülmüş qapı və pəncərələrin sökülməsi, cavabdehin həmin qapı-pəncərələrə bitişik mənzilə aid olan balkondan çıxarılması və qeyri-qanuni tikilmiş balkonun sökülməsi“ hansı qaydada sökülməsi barədə izahat verilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə qərardadında göstərmişdir ki, güya Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində qeyrimüəyyənlik mövcud deyildir və izah verilməsi barədə ərizənin təmini olunması üçün əsas yoxdur. İcra sənədində göstərilmiş tələblər aydındır. Hesab edir ki, məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, bir neçə dəfə icra şöbəsi sökülməsi nəzərədə tutulan sahəyə gəlmiş və söküntünün hansı formada keçirilməsini müəyyən edə bilməmişdir. Çünki, onun istifadəsində olan sahənin üstündə və bitişik formada başqa bir balkon tikilmişdir. Hər iki balkonun istinad dayaqları eynidir. Ona görə mütləq mənada sökülməsi nəzərdə tutulan sahənin ekspertiza keçirilməsi zəruridir. Əks təqdirdə yaşayış sahəsinin söküntüsü qəza ilə nəticələnmiş olar . Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 567/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilin hörülmüş qapı və pəncərələrinin sökülməsi, Cavabdeh həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş və dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə görə birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə görə qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Göründüyü kimi iddia tələbləri üzrə tərəflər arasında olan mübahisəyə baxılmış və iddiaçının tələbləri təmin edilməklə Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilin hörülmüş qapı və pəncərələrin sökülməsi, Cavabdeh həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Cavabdeh isə ərizəsində, eləcə də şikayətində onun istifadəsində olan sahənin üstündə və bitişik formada başqa bir balkon tikilməsini bildirsə də, həmin məsələnin hazırki mübahisəyə aidiyyatı olmamışdır. Həmçinin də kollegiya qeyd edir ki, qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən edilməli olan hərəkətlər aydın olaraq sırası ilə qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin nəticə hissəsində hər hansı düzgün olmayan eləcə də ziddiyyətli məqam olmamış, qeyri-müəyyən ifadələr işlədilməmiş, qətnamə aydın şəkildə tərtib edilmişdir. Bu baxımdan Məhkəmə kollegiyası hazırkı iş üzrə qəbul edilmiş mövcud məhkəmə qətnaməsi aydın və anlaşılan olduğuna görə, hər hansı bir izaha ehtiyac olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar