Məhkəmə qərarları › İş №2(008)-5683/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5683/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5683/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynov küçəsi dalan 9 ev 23 məxsus **********9027A saylı abonent kodundan 309.69 (üç yüz doqquz manat altmış doqquz qəpik) manat keçmiş borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Yaşadığı fərdi yaşayış evimin işıq sayğacının kodu **********9027A-dır. İşıq sayğacının kodu "xxxx" ASC-nin elektron məlumat bazasında mərhum X4nun adına qeydə alınmışdır. X4 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. Cavabdeh təşkilat "xxxx" MMC-nin dövründən qalan və silməli olduğu məbləği hələ də silməmişdir və silməkdən qəsdən yayınmaqdadır, silməmişdir. Silinməli olan məbləği 309.69 (üç yüz doqquz manat, altmış doqquz qəpik) manat təşkil edir. Onlar elektrik enerjisindən az istifadə edir demək olar ki, hec vaxt limiti aşmır. Bu borc "xxxx" ASC-dən əvvəl olan adı çəkilən şirkətindən qalan borcdur. Onda olan məlumata görə cənab Prezidentin məlum fərmanına əsasən köhnə borclar silinməlidir. Lakin cavabdeh "xxxx" ASC tərəfindən bu borc ondan əsassız olaraq tələb olunur. Maddi imkanı yoxdur və işləmir, xəstəliklə bağlı müalicə alır. Bu praktika "xxxx" ASC-də geniş yayılmışdır. Cavabdeh təşkilat əhalinin hüquqi məlumatsızlığından istifadə edir və hesab edir ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Elə bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə göstərilən 309.69 manat borc silinməsinin haradan götürdüyünü bilmir. Ona cavabdeh təşkilat tərəfindən 309.69 manat borcu olduğunu bildirmişdirlər, buna görədə o, 309.69 manat borcu silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda bildirmişdir ki, iddaçının hazırda köhnə borc məbləğindən 79.31 manat və 40.38 manat borcu mövcud olduğunu və iddia tələbinin həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan **********9027A nömrəli abonent Arif Məlikheydər oğluna məxsus xx.xx.2025-ci il tarixə dair çıxarışdan görünür ki, abonentin 79.31 manat, 40.38 manat BARMEK borcu və 132.05 manat isə sərfiyyat borcu mövcuddur. **********9027A nömrəli abonent Arif Məlikheydər oğluna məxsus bildiriş xəbərdarlığından görünür ki, xx.xx.2025-ci il tarixdə ödəniləcək məbləğ 149.05 manat göstərilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. xx.xx.2016-cı il tarixdə 293 nömrəli akt qeydi ilə akt qeydləri kitabında qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanunun 19.16-cı maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Məhkəmə iddia tələbinin münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsindən 309.69 manat borcun silinməsini xahiş etsədə, sözügedən borcun məbləğinin necə hesablanmasını məhkəməyə izah edə bilməmişdir. Məhkəmə tərəfindən abonentin çıxarışına baxış keçirilərkən müəyyən edilmişdir iddiaçının xx.xx.2025-ci il tarixə 132.05 manat sərf edilmiş lakin dəyəri ödənilməmiş sərfiyyat borcu, 79.31 manat və 40.38 manat məbləğində köhnə tarixə yaranmış borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi köhnə tarixdə hesablanmış 79.31 manat və 40.38 maant borcun silməsinə etiraz etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesabb edir ki, iddia tələbi cavabdehin iddianı qəbul etdiyi hissədə təmin edilməli köhnə tarixə hesablanmış Barmek borcu olan 40.38 və 79.31 manat borc silinməlidir. Bundan sonra məhkəmə iddia tələbinin yerdə qalan 190 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən borcun 132.05 manat olan hissəsi sərfiyyat borcu olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin qalan 57.95 manat borcun silsinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bu rəqəmi nəyə əsasən yazdığını və onun abonent kodunda belə bir borcunun olması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. **********9027A nömrəli abonentə hesablanmış 119.69 (yüz on doqquz manat, altmış doqquz qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar