Məhkəmə qərarları › İş №2(008)-5690/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5690/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5690/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv edilməsi və akt əsasında tətbiq edilmiş məbləğin hesab kodundan silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış 6610,23 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ünvan faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. Qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış. Qaz idarəsinin əməkdaşları yoxlanılma zamanı qonşu tərəfindən qeyri qanuni qazın istifadə olunması ilə bağlı cəriməni iddiaçının qaz sayğacına yükləmişlər. Əməkdaşlara qazın qeyri qanuni istifadə olunmasının iddiaçıya ayid olmadığını deməyinə baxmayaraq borcu onun üzərinə yazıblar. Yazılan 6610,23 manat borc iddiaçıya aid deyil. Cavabdeh əməkdaşları tərəfindən **********00000 nömrəli məişət qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li akt tərtib olunmuş, qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən ünvanımdan çıxarılmış sayğacın çıxış plasmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* akt tərtib olunmuşdur. Yoxlamanın nəticəsi ilə razı deyil. Sayğac yararsız hesab edilə bilər, lakin sayğacın çıxış plasmas borusu deşilməsi mümkün deyil. Bəlkə, elə Cavabdeh İB- nin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, yada ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, cavabdehin əməkdaşları məhkəmənin tapşırığı əsasında onun yaşadığı ünvana gəlmiş və fotoşəkillərin ona aid olmadığını, onun tərəfindən kənar xəttdən istifadə edilmədiyini müəyyən etmişlər. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 3 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir. İddiaçı ilə təbii qazdan istifadə edilməsi ilə bağlı Cavabdeh İB arasında xx.xx.2023ci il tarixli AKX- 05514xx/xx-2023 №-li «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmış, həmin ünvana **********00000 nömrəli abonent kodu verilmişdir. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İddiaçı barəsində cavabdehin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” sayğacdan kənar qaz xəttindən istifadə edildiyinə görə üç akt tərtib edilmişdir: xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 7560 kub metr qaza görə 756 manat ziyan; xx.xx.2021-ci il tarixli akt əsasında 11232 kub metr qaza görə 1123,20 manat ziyan; xx.xx.2022-ci il tarixli akt əsasında 36720 kub metr qaza görə 4406,40 manat ziyan, cəmi 6285,60 manat ziyan. Həmin aktlara kənar xətti göstərən fotoşəkillər əlavə edilmişdir. İddiaçının dediyinə görə həmin fotoşəkillərdə göstərilən hasar və darvaza ona aid deyil. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə əməkdaşların iddiaçının üvanına getmək və yerində həmin halı müəyyən etmək tapşırığı verilmişdir. İddiaçının bildirdiyinə görə cavabdehin əməkdaşları gəlmiş və fotoşəkillərin ona aid olmadığını, onun tərəfindən kənar xəttdən istifadə edilmədiyini müəyyən etmişlər. Lakin, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, tapşırığın icrası barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kənar xəttin iddiaçıya aid eolması sübut edilmədiyindən iddia qismən təmin edilməli, 6285,60 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı 6610,23 manat borcun silinməsi istəsə də, məhkəmə tərəfindən üç akt üzrə iddiaçıya 6285,60 manat ziyanın hesablandığı müəyyən edilmişdir. Qalan borc barədə iddiaçı açıqlama verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə cavabdehin zərərə düşməsinin səbəbinin iddiaçının qanunsuz hərəkətləri əsasında baş verməsini müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 82,85 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən Cavabdeh İB tərəfindən əsassız hesablanmış 6285,60 manat borc **********00000 №-li hesab kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. 82,85 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar