Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5697/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, anası ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. Anası uzun sürən onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onkoloji xəstəliklə bağlı kartoçkasında bununla bağlı qeyd olunmayıb. 16 iyul 2024-cü il tarixdə səhər radələrində təqribən saat 07:30 dəqiqədə anası Xəlilova Sevilin vəziyyətinin kəskinləşdiyini görüb təcili yardım çağırmışlar. Təcili yardım təqribən saat 07:50 dəqiqədə gəlib, həkimə qədər ölüm faktını müəyyən etmişdir. Bu barədə onlara təcili yardım tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Təcili və X4 Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16 iyul 2024-cü il tarixdə saat 07:50 dəqiqədə təcili yardım gəlmiş, həkimə qədər qadın cinsinə mənsub meyit olduğu barədə qeyd aparılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmişlər. Həmin poliklinika tərəfindən onlara xx.xx.2024-cü il tarixli, 253 saylı imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, X5 Təcili və X9 Stansiyasının 12 saylı bölməsinin xx.xx.2024-cü il tarixli 16/51 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq, bu günə qədər müəssisəyə hər hansı xəstəliklə ilə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma 106) vermək mümkün olmadı. Mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, İlkini 2016-cı ildən tanıyır. Anasının xərçəng xəstəliyi var idi. O, Zabrat qəsəbəsi tərəfdə yaşayır. İlkin əvvəllər onunla qonşu olub, sonradan köçüb. Mərhum 16 iyul 2024-cü ildə ölüb. Anasının vəziyyəti pisləşəndə təcili yardım çağrılmışdı. Bir az keçmiş artıq ölüm xəbəri yayıldı. Yas mərasimində iştirak etmiş, amma dəfnində olmamışdır. Harada dəfn edildiyini bilmir. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, İlkinin bacısı Ülkərlə iş yoldaşı olmuşlar, həmçinin, onunla əvvəlki evlərində Zabrat qəsəbəsində yoldaşlıq etmişlər. Anasının vəziyyəti yaxşı idi, sonradan indiki evlərinə köçəndən sonra anasının vəziyyəti pisləşdi. Məhz anasının xəstəliyi ilə bağlı Ülkər neçə müddət işə çıxa bilməmişdir. O, tibb bacısı olduğu üçün lazım olduqda gedib anasına iynə də vurmuşdur. Mərhumun xərçəng xəstəliyi var idi, bədənində yayılmış onkoloji şişlər var idi. Hazırda isə Ülkərlə ayaqqabı istehsalı üzrə işləyirlər. İyul ayının səhəri Ülkərin vatsap statusunda anasının vəziyyətinin ağırlaşması barədə məlumat görmüşdür. Ülkərə zəng etmiş, anasının artıq ölmək üzrə olduğunu demişdir. Mərhum ölən gün o özü də orada olmuşdur. Mərhumun ölüm tarixi bildiyi qədərilə 16 iyul 2024-cü il tarixdə idi. Həmin vaxt onlar Balaxanı və Sabunçu qəsəbələrinin keçidində “Şəhid bulağı” adlı yerdə yaşayırdılar. Təcili yardım çağırmışdılar, gəlib artıq meyitin olduğunu gördülər. Mərhumun cümə axşamları və dəfnində iştirak etmişdir. Mərhum Buzovna yolunun üstündə dəfn olunub, meyitin dəfnə aparılması üçün evdən çıxarılan anına qədər orda iştirak etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, İlkinin bacısı Ülkərlə bir yerdə işləyir, o, müdirdir. Anası xəstə olduğu üçün aprel ayında Ülkər ondan icazə almışdı. İlkinin Ülkərin qardaşı olduğunu bilir. Anasının mədəsində xərçəng xəstəliyi olduğunu bilir. Həmçinin, onların imkanı olmadığı üçün iş kollektivi olaraq onlara kömək etmişlər. Mərhumun qırx mərasimində iştirak etmişdir. Amma onun hansı tarixdə öldüyünü dəqiq olaraq bilmir. Bu il öldüyünü bilir, çünki aprel ayında Ülkərə işdən icazə vermişdir. Ancaq qırx mərasimində olmuşdur, dəfndə iştirak etməmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, İlkinlə Balaxanı qəsəbəsində qonşu olmuşlar. İlkinin anasının xəstə olduğunu eşitmişdir. Anasının xəstəliyi təxminən 2 ay çəkdi. Yanına gedib-gəlirdi. İlkinin anasının ölümü təxminən 5-6 ay bundan qabaq olub, yayın son aylarından biri idi. Evdə 3 nəfər - İlkin özü, bacısı və anası yaşayırdılar. Ölümünün dəqiq tarixini bilmir. Yas və dəfn mərasimlərində iştirak etmişdir. Buzovna- Mərdəkan yolunda “Xrustalni” adlı ərazidə yerləşən qəbirstanlıqda dəfn olunub. Mərhumun üç, yeddi, qırx mərasimində, dəfnində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 17072750 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X11 TTTY gələnə qədər ölmüşdür. - AZ-İİİ seriyalı 188526 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə doğulmuşdur, atası X12, anası X8r. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-793/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Buzovna qəbirstanlığında dəfn edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 12 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 253 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü mərhum X5 Təcili və X4 Stansiyasının 12 saylı bölməsinin xx.xx.2024 -cü il tarixli 16/51 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq, bu günə qədər müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haddında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5697/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5697/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver