Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5701/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tərəvəz- Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci il tarixdə qeyri-rəsmi nikah bağlayaraq, ailə qurub Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tərəvəz-Südçülük sovxozu adlanan ünvanda yerləşən evə gəlin köçmüşdür. Bu münasibətdən iki uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X10 doğulmuşdur. Onlar xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. O, nikahda olduğu vaxt Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tərəvəz-Südçülük sovxozu adlanan ərazidə Cavabdeh məxsus torpaq sahəsində özünə ikinci ev tikdirmişdir. Həmin evin tikintisinə çəkilən xərcləri o və qardaşları ödəmişlər. Ailə həyatının ilk günlərindən cavabdehlə münasibətləri normal olsa da, sonralar münasibətləri gərginləşmişdir. Münasibətlərinin gərginləşməsinə səbəb ciddi xasiyyət uyğunsuzluğu olmuşdur. Bunun nəticəsi olaraq o, nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi icraata qəbul edilmiş, hal-hazırda məhkəmədə baxılmaqdadır. Cavabdeh onu və uşaqlarını öz qazancı və qardaşlarının maddi köməkliyi ilə tikilmiş evə buraxmır. O da məcburiyyət qarşısında qalaraq kirəyə tutduğu evdə yaşayır. Onun bütün əşyaları Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tərəvəz-Südçülük sovxozu ərazisində yerləşən evdə qalmışdır. Başqa yaşayış yeri olmadığına görə hesab edir ki, o və iki uşağı - xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009cu il təvəllüdlü X10 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tərəvəz-Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, azyaşlı uşağı - xx.xx.2009-cu il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tərəvəz-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, evdə olan qaz, işıq kimi ödənişlər onun adınadır. Çekləri məhkəməyə təqdim etmişəm. Hazırda o evdə yəqin ki keçmiş yoldaşı yaşayır. 2005-ci ildə qeyri-rəsmi nikahları oldu, oğlunun 3-4 yaşı olanda rəsmi nikah bağladılar. Cavabdeh ilə nikahları məhkəmə qaydasında pozulub. Bir həyətdə 3 ev biri qayınatasıgilin, biri qayınıgilin və digəri onun tikdiyi ev var. O, özünün tikdiyi evə köçmək istəyir. Həmin evi bankdan götürdüyü pullarla tikmişdir, bunu sadəcə qonşularının şahid kimi dindirilməsi ilə sübut edə bilər. Yaşadığı evdən çıxma səbəbi cavabdehin onu və uşaqları incitməsi, döyməsi idi. O, evdən 2023-cü ilin 9 noyabrından tam şəkildə getmiş, may ayından isə yavaş-yavaş çıxmağa başlamışdır. Qayınanası təzə rəhmətə getmişdi deyə yas mərasimləri üçün ora gedirdi. Onda torpağın, evin bələdiyyənin verdiyi sənəddən başqa heç bir sənədi yoxdur. Bələdiyyənin ona verdiyi sənəd isə torpağın mülkiyyət, icarə və ya istifadə hüququ ilə bağlı deyil. Hazırda gedib orada tikintini başa çatdırsa, kiminsə ona mane olacağını düşünmür. Evdən çıxandan sonra anasigildə qalır. Maaşı az olduğu üçün kirayə çıxa bilmədi. Evi təxminən iki ilə tikmişdir, 2023-cü ilin mayında kredit götürüb evin materiallarını almışdır. 2025-ci ilin mayında artıq iki il tamam olacaq. Bankdan 3000 manat evin materiallarını almaq üçün pul götürmüşdür. Evin digər materiallarını almaq üçün maaşından xərcləmişdir. Evin pəncərəsini tikməklə bağlı usta gətimişdi, həyat yoldaşı ustanı həyətdən çölə çıxardı, pəncərəni özü qoyacağını dedi, amma onu da özü etməli oldu. Evdən çıxma səbəbi yoldaşı ilə dolana bilməməsidir, onu cavabdeh çıxarmadı, evdən özü çıxdı. İndi o evə köçsə, cavabdeh onu xoş qarşılasa da, qarşılamasa da, ora köçmək istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, Gözəl xanımı 10 ildir ki, tanıyır. O, gəlin köçəndə Gözəl orada yaşayırdı. Yəni orada onlardan əvvəl yaşayırdı. Yaşadığı yer Maştağa qəsəbəsində Tərəvəz-Südçülük Sovxozudur. Həyətdə iki ev var idi - qayınatası və qayınının evi. Qayınının evinin yanında bir otaq artırmışdılar, Gözəl və həyat yoldaşı orada yaşayırdı. Sonra təxminən may ayının 23-24-ü tarixində Gözəl həmin həyətdə götürdüyü pulla ev tikməyə başladı. Bütün bu saydığı evlər hamısı bir darvaza daxilində idi. Tikdiyi ev daşdandır, amma içində yaşayış olmadığından içinə köçsə belə, yaşayış mümkün deyil. Evin daş divarları var, damı var, materialları da hazır şəkildə alınıb, həyətdədirlər. Qaz, işıq, kanalizasiya kimi xətləri də çəkib. Amma evə daxil olduqda ancaq daş divarlar var, divarların suvağı da yoxdur. Elə 2023-cü ilin may ayının 29-dan etibarən o, Gözəli orada görmədi, çıxıb getdi, sonra da gəlmədi. Evdən çıxıb getmə səbəbini isə bilmədi. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, o, Maştağa qəsəbəsində yaşayır, iddiaçı ilə hasar qonşusudur. Qeydiyyat ünvanı isə Astara rayonunadır. Gözəl xanımgilin bir otaqlı evi vardı, ailəsi ilə bir yerdə yaşayırdı. Gözəl xanım bağçada işləyir. O, qazandığı maaşla və götürdüyü kreditlə ev tikdi. Amma ailəsində narazılıq yarandığı üçün iki uşağını da götürüb atasıgilə getdi. Gözəl xanımın evinə bir qonşu kimi gedib gəlmişdir. Bir həyətdə Gözəl xanımın qayınatasının, bir qayınının və özünün evi var. Gözəl xanımın əvvəlki bir otaqlı evi qayınının evinə bitişik olub, amma özünün tikdiyi ev həmin həyətdə onlardan bir az aralıda olub. Bildiyi qədərilə Gözəl xanımın əvvəlki evini həyat yoldaşı tikib. Sonradan tikilən evi isə Gözəl xanım özü tikib. Gözəl xanımın məhz birinci evi qayınının evinə bitişik olub. Gözəl xanım o evi tikəndə həyat yoldaşı ilə hələ boşanmamışdı. Həmin evi Gözəl xanım təxminən 2-3 il olar ki, tikməyə başlayıb. O, tikdiyi evin üstünü-damını hazır edib, amma evin içində hələki yaşayış yoxdur. Evin həm divarları, həm damı, həm də alınmış hazır materialları var. O, kanalizasiya xətlərini də çəkib. Təxminən bir il olar ki, 2023-cü ilin noyabr-dekabr aylarında Gözəl xanım oradan çıxdı. Öz yüklərini ancaq götürüb çıxa bildi, sonra ora qayıtmadı. O isə həmin ərazidə 2005-2006-cı illərdən bəri yaşayır. Gözəl xanımgil orada onlardan əvvəl yaşayıb. Gözəl xanımın tikdiyi ev 2023-cü ildən tikilməyə başlayıb, yəni onlar ora köçəndə orada elə bir ev yox idi. O, 2023-cü ilin yayı həmin evi tikməyə başladı, noyabr-dekabr ayları da oradan çıxdı. Məhkəmə, iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/6-00453 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. - AZ-İ seriyalı 847239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə doğulmuşdur, atası X3, anası İddiaçıdır. - AZ-İİ seriyalı 358365 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə doğulmuşdur, atası X3, anası İddiaçıdır. - qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı sifarişinə əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1435/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi Maştağa qəsəbəsi Bölməsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 97 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2010-cu il tarixli nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılmaları, Cavabdeh İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023cü il tarixdən etibarən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürülmə ilə bağlı olsa, mübahisəli əmlak yaşayış sahəsi statusu əldə etməmişdir. Belə ki, iddiaçının izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində üç tikili vardır: iddiaçının keçmiş qaytanasının, keçmiş qaynının yaşadığı fərdi yaşayış evləri və hazırda iddiaçının köçmək istədiyi tikili. İddiaçı köçmək istədiyi tikilini inşa etmək məqsədi ilə bankdan kredit almış, tikilinin yalnız daşla hörgü işləri görülmüş, bundan sonra iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri pisləşdiyindən, iddiaçı cavabdehlə yaşadığı evi tərk etmiş və tikilinin inşası yarımçıq qalmışdır. Hazırda həmin tikili müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına, qanunvericiliyin digər tələblərinə cavab verməməklə, iddiaçının və ya hər hansı şəxsin yaşaması üçün yararsız vəziyyətdədir. Belə olan halda, iddiaçının yaşayış üçün yararsız vəziyyətdə olan tikiliyə köçürülməsini tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5701/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5701/2024
02.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver