Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5727/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, 2014-cü ildə X2 ilə daşınmaz əmlakın alqı satqısı barədə müqavilə bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, qeyd olunan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin alqı-satqısı zamanı cavabdehlər qeydiyyatdan çıxmağa söz versələr də, buna əməl etməmişlər. Cavabdehlər artıq uzun müddətdir ki, həmin evdə yaşamırlar. Cavabdehlərin onun evində formal olaraq qeydiyyatda olmaları onun mülkiyyət hüququnu məhdudlaşdırır. O, faktiki olaraq həmin evin bütün kommunal xərclərini və yerli bələdiyyə vergisini ödəyir. Cavabdehlərə qeydiyyatdan çıxmaları barədə xəbərdarlıq etsə də, nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsininn 31.08.2012-ci il tarixli Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi X1 adına dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan kreditor-ipoteka saxlayan "xxxx" QSC, alıcı İddiaçı və satıcı X2 arasında bağlanmış 14.12.2012-ci il tarixli, 00104 saylı Alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən dövlətin istifadəsində olan 0.00888 ha torpaq sahəsində yerləşən və xüsusi mülkiyyətində olan 1-(1) mərtəbəli, 63.3 kv.m ümumi, 24.4 kv.m yaşayış, 38.9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 3 nömrəli fərdi yaşayış evini, fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular): liter B- təsərrüfat damı 38.3 (tikintialtı sahə m2), liter İ-dəmir darvaza, liter İİ-hovuz 3.0 (tikintialtı sahə m2), liter İİİ-hasarı 5.3 (tikintialtı sahə m2) alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Satılan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsi tərəfindən verilmiş 12.09.2012-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən satıcıya məxsusdur. Satıcı həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlakı verməyi, müqavilənin 2.2.4-cü bəndinə əsasən isə, müqavilə notariat qaydada təsdiq olunduğundan bir ay müddətinə ipoteka predmetindən (satdığı mənzildən) qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi 24.02.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 14.09.2021-ci il tarixli aktdan görünür ki, X4 (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE ********), X3 (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE ********) və X5 (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA 0117090) təsdiq edirlər ki, Cavabdeh1, Cavabdeh2 və X9 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində yaşamırlar. İş materiallarında olan Bakı şəhər Sabunçu RİHB-nın Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində yaşamırlar. İş materiallarında olan Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 23.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi mülkiyyət hüququ iddiaçıya məxsusdur. Cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşamırlar qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin qeyd olunan fərdi yaşayış evində qeydiyyatda qalmaları iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu pozduğundan, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5727/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5727/2021
15.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver