Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5738/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi, ev 3 ünvanında yerləşən 29 nömrəli mənzilə (abonent kodu **********30029) əsassız olaraq yazılmış 2979.07 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar. X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra kommunal xidmət sahələri "xxxx" ASC, telefon rabitəsi, internet, “Azəriqaz” İB və "xxxx" ASC ilə bağlanmış müqavilələrin onun adına keçirilməsi üçün hər birinə ayrı-ayrılıqda müraciət etmişdir. "xxxx" ASC, telefon rabitəsi, internet, “Azəriqaz” İB tərəfindən müraciəti təmin olunmuş, müqavilələr yenilərək onun adına bağlanmışdır. Lakin, "xxxx" ASC tərəfindən ona 2979 manat borc olduğunu, borc ödənildikdən sonra onun adına müqavilə bağlanılacağı bildirilmişdir. Abunə haqqında məlumatda qeyd olunduğu kimi abunəçinin adı Məhəmmədov Qafar qeyd olunmuşdur. İddiaçı məcburi köçkün olduğu üçün qaldığı mənzilin istifadəsində olan sayğac onlara güzəştli şərtlərlə istifadə olunmaq üçün verilmişdir. “ASAN Kommunal” mərkəzinə müraciəti zamanı ödəniş cədvəlləri və istifadə etdiyi kvota haqqında məlumat almışdır. Həmin abunə haqqında məlumatdan da göründüyü kimi tərəflərindən istifadə olunmuş elektrik enerjisinin dəyəri tam şəkildə ödənilmişdir. Sayğacı istifadə etdikləri müddətdə 4 dəfə dəyişdirilmişdir. İddiaçı Cavabdeh ASC arasında bağlanmış müqaviləyə əsasən sayğac quraşdırılmış və uzun illərdir ki, sərf etdikləri elektrik enerjisinin dəyərini ödəyərək ondan istifadə etmişlər. Bu illər ərzində sayğacı idarənin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə bildirmişlər. xx.xx.2008-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2022-ci il tarixlərində sayğac dəyişdirilmişdir. Hətta sayğacları dəyişən zaman belə borcun olması ilə bağlı hər hansı məlumat verilməmişdir. Tərəflərindən yazılmış borc məbləğləri hər zaman vaxtı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də, məhkəmə iclasda iştirak etməmiş nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Tərəflər arasında yaranmış mübahisəyə elektrik enerjisindən istifadə qaydaları müddəaları tətbiq edilməlidir. İş materiallarında olan **********30029 abunə kodu olan abunə haqqında məlumatdan görünür ki, abonent X2 2979,07 manat borcu mövcuddur. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 287153 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022ci ilin 08 ayının 12 günündə 1391 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 400727 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 01 ayının 31 günündə 262 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydanın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 7.13-cü bəndinə müvafiq olaraq, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.2-ci bəndin görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə müvafiq olaraq, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.16-cı bəndinə görə, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni "xxxx" ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin borcun yaranma səbəbləri barədə heç bir sübut təqdim edilməmişdir. Lakin cavabdeh iddiaçının elektrik enerjisindən qeyri-qanuni istifadə etməsini, yəni elektrik enerjisinin talanmasını sübuta yetirmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir. Nəzərə alınsa ki, iddiaçının elektrik enerjisindən qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən etiraz ərizəsi ilə, həmçinin məhkəmə iclasları zamanı məhkəməyə təqdim edilməmişdir. Beləliklə, elektrik enerjisi sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına sayğacı quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq elektrik enerjisi sərfiyyatına görə borc hesablamışdır. Bundan başqa, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə elektrik enerjisi paylayıcısı tərtib etmiş olduğu aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hal-hazırda **********30029 abunə kodu üzrə hesablanmış 2979.07 manat borcun yaranma əsaslarına dair müvafiq sənədlərin olmamasını, abunənin təqsirli hərəkətlərinə dair sübutların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, **********30029 abunə kodu üzrə hesablanmış 2979.07 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. **********30029 abunə kodu üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 2979.07 (iki min doqquz yüz yetmiş doqquz manat yeddi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5738/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5738/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver