Məhkəmə qərarları › İş №2(008)-5756/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5756/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5756/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş zərər kimi əsassız hesablanmış 777,60 manat məbləğində borcun **********00000 nömrəli abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş karxanası adlanan yaşayış sahəsində 797 nömrəli fərdi yaşayış evində uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Həmin yaşayış evində kommunal xidmətlərdən, o cümlədən təbii qazdan istifadə edir və istifadə etdiyi qazın pulunu da vaxtında ödəyir. Yaşadığı həmin ünvanda olan fərdi yaşayış evinə cavabdeh tərəfindən təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış və istifadə olunan qaz sərfıyyatının hesablanması üçün küçədə qaz sayğacı quraşdırılmışdır. Abonent kodu **********00000 olmuş, istifadə olunan qazın pulunu həmişə Smartkartla ödəmişdir, heç vaxt borcu olmamışdır. 2024-cü ilin əvvəllərində Smartkartla sayğaca qaz yükləməyinə baxmayaraq tez-tez qazın verilməsində fasilələr yaranmağa başlamışdır. Bu səbəbdən cavabdehə müraciət etmişdir və ona bildirmişlər ki, həmin sayğac dəyişiləcəkdir. xx.xx.2024-cü ildə cavabdehin əməkdaşları tərəfindən sayğac qazı buraxmadığından yenisi ilə əvəz edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin vaxtdan bir neçə ay keçdikdən sonra məlum olmuşdur ki, sayğacı dəyişdirdikdən sonra ona 777,60 manat cərimə hesablanmışdır. Bunun səbəbi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdehə dəymiş ziyan hesablanmış və qaz sərfıyyatı hər saat üçün 6 kubmetr olmaqla 90 gün üçün cəmi 6480 kubmetr hesablanmışdır. Hesablanmış borcun məbləği isə 777,60 manat olmuşdur. Həmin borc cavabdeh tərəfindən tam qanunsuz və əsassız olaraq hesablanmışdır. Qeydolunana ünvanda olan fərdi yaşayış evində uzun illərdir yaşayır və 2010-cu ildən qazdan istifadə edir. Quraşdırılmış qaz sayğacından həmin vaxtlardan SmartKart vasitəsilə istifadə edir. Qaz sayğacının normal işləməməsi onun təqsirindən baş verməmişdir. Cavabdeh mütəmadi olaraq sayğacları yoxlamalı və istismar müddəti başa çatdıqda dəyişdirməlidir. Lakin cavabdeh tərəf üzərinə düşən vəzifələrini yerinə yetirməmişdir. Hətta sayğac onun məlumatından sonra dəyişdirdikdə də heç bir nöqsan aşkar edilməmişdir. Sonradan aşkar olunan “əzik cızıq izləri” barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2024cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən, sayğacın istismara yararsız vəziyyətdə olduğu aşkar olunmuşdur. - xx.xx.2024-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00000 abonent kodu olan İddiaçı 2024-cü ilin fevral ayı üçün 777,60 manat qalıq və aktlara görə borcu mövcuddur. Məhkəmə cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 777,60 manat məbləğində zərərə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının istismara yararsız vəziyyətdə olduğu əsası ilə akt tərtib edilmiş, akta əsasən 6480 m³ qaza görə 777,60 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 777,60 manat borc silinməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00000) əsassız hesablanmış 777,60 manat məbləğində borc silinsin. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar