Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5813/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, azyaşlı uşaqları X4 və X5 ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi, istifadə hüquqlarının itirilmiş hesab edilməsinin cavabdehlərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Bu barədə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21.05.1997-ci il tarixli, 073828 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər artıq 30 ildir ki, onun mülkiyyətində olan qeyd olunan mənzildən köçüb başqa ünvanda özlərinə məxsus evdə yaşayırlar. Onunla cavabdehlər arasında mənzildən istifadə hüququna dair heç bir razılaşma yoxdur. Cavabdehlərin onun evində formal olaraq qeydiyyatda olmaları onun mülkiyyət hüququnu məhdudlaşdırır. Onlara görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir, müəyyən sənədləşmə işlərini apara bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, özü Yasmal rayonunda kirayədə, valideynləri isə, 1998-ci ildən Maştağa qəsəbəsində özlərinə məxsus evdə yaşayırlar. ünvan 1 ünvanında qeydiyyatda olsa da, əmisi İddiaçı maneçilk törətdiyindən, 30 ildir ki, həmin mənzildə daimi yaşamamış, oraya yalnız gedib-gəlmişdir. 2017-ci ildə yaşaması üçün həmin mənzili təmir etdirmiş, lakin əmisi yenə də onu oraya buraxmamışdır. Onların razılığı olmadan əmisi İddiaçı qeyd olunan mənzili özəlləşdirməsi ilə bağlı prokurorluq orqanlarına müraciət etmişlər. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyaylı, 073828 saylı Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 24 saylı evin 34 saylı mənzili 21.05.1997-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.04.2021ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışınından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 24, 34 saylı mənzildə qeydiyyatdadır. Həmçinin, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X4 və X5 da həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 81 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01.09.2021-ci il tarixli, 01/289 saylı arayışdan görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 01.10.2009-cu il tarixədək, yəni tərəflər arasında hüquq münasibətləri yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər iddiaçının qohumları olsalar da, onlar uzun müddətdir ki, həmin mənzildə yaşamırlar və mənzilə qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin qeyd olunan mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnu pozduğundan, iddia təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 azyaşlı uşaqları X4 və X5 ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 24 ünvanında yerləşən 34 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 azyaşlı uşaqları X4 və X5 ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 24 ünvanında yerləşən 34 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 24 ünvanında yerləşən 34 saylı mənzilə olan qeydiyyatlarının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5813/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5813/2021
04.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver