Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5818/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh Hədisova (Əsgərova) Fərqanə Hədis qızının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən evdə uzun illərdir ki yaşayır. Həmin evə mülkiyyət hüqququ mövcud olmasa da, istifadə və sahiblik hüququ mövcuddur. Belə ki, onun cavabdeh Hədisova (Əsgərova) Fərqanə Hədis qızı ilə rəsmi olaraq ailə həyatı qurmuş birgə nikahdan X4 və X5 adlı övladları vardır. Cavabdeh həmin mənzildə evləndiklərində gəlmişdir. Hədisova (Əsgərova) Fərqanə Hədis qızı ilə olan nikahı pozulmuş, cavabdehin ona qaşı münasibəti tamamilə dəyişmişdir. Ona mənəvi əzablar verməyə, təhqiramis hərəkətlər etməyə başlamış, onunla yaşamaq mümkün deyildir. Hazirki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh Hədisova (Əsgərova) Fərqanə Hədis qızı evdən çıxması üçün ondan 5000 (beş min) manat kompensasiya amış, hətta bununla bağlı akt tərtib etmiş, aktı öz imzası ilə təsdiq etsə də, götürdüyü öhdəliyə əməl etməyərək, vermiş olduğu 5000 manat pulu mənimsəyərək evdən çıxmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun övladı ilə yaşamağa yer tapması üçün 5000 manat pulun kifayət etmədiyini əlavə 15000 manat verəcəyi halda evi tərk edə biləcəyini dedi. 25 sentyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, tərəf evdən çıxmaq üçün kompensasiya istəmiş, pulu verdikdən sonra 10 gün ərzində çıxacağını demişdir. Lakin evdən çıxmadığı üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. 25 sentyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qarşı tərəf ona 10.000 manat təklif etdiyini, sonra 7.000 manata düşdüyünü, ən sonda da 5.000 manat evdən çıxmaqları üçün verdiklərini bildirmişdir. Məcbur qalaraq oradan çıxdığını, qızı da ondan qorxduğunu, hər dəfə ölümlə hədələdiyini, evə də məhkəmə qərarından dörd il sonra qapını sındıraraq köçdüyünü, ona pulu qaytara bilməyəcəyini, halhazırda da kirayədə qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkməsinin 2(103)-196/2019 nömrəli, xx.xx.2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X3 azyaşlı uşaqları X4 və X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən və özlərinin tikərək köçürülmələri, onların həmin evdə yaşaması ilə bağlı cavabdeh İddiaçı tərəfindən edilən maneələr aradan qaldırılması qət edilmişdir. İş materiallarına əlavə olunan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı 303759 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin iyun ayının 28 gnünündə 66 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 314059 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında 18 dekabr 2018-ci ildə 4542 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, ərə İskəndərov, arvada İskəndərova soyadı verilmişdir. İş materiallarına əlavə olunan ərizədən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evdən istifadə hüququndan imtina edərək, İddiaçı 5000 manat məbləğində pul aldığını və həmin evi 10 gün ərzində tərk edəcəyini bildirmiş və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, hüquqi statusuna görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir və həmin tikiliyə münasibətdə tərəflərin mülkiyyət hüququnun elementləri olan sahiblik, istifadə və sərəncam vermə səlahiyyətləri mövcud deyildir. Onlar hər ikisi evə münasibətdə faktiki olaraq bərabər statusdadırlar, iddia tələbi isə bilavasitə ev üzərində sərəncam vermə və sahiblik hüququ ilə bağlıdır. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkməsinin 2(103)-196/2019 nömrəli, xx.xx.2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, X3 azyaşlı uşaqları X4 və X5 ilə birlikdə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən və özlərinin tikərək yaşadıqları evə köçürülmələri, onların həmin evdə yaşaması ilə bağlı cavabdeh İddiaçı tərəfindən edilən maneələr aradan qaldırılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-4062/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərarı qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Yəni hətta cavabdehin mübahisəli özbaşına tikiliyə köçürülməsi və ordan istifadə etməsinə hazırki iddiaçı tərəfindən edilən maneələrin qadağan olunması barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcutdur. Eyni zamnda iş materiallarından görünür ki, mübahisəli ev özbaşına tikilidir və İddiaçı hazırki iddianı qaldırması üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlakın ona məxsus olduğunu təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Göstərilən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzaliyev.