Məhkəmə qərarları › İş №2(008)-5864/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5864/2025

19.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5864/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum XX.XX.1906-cı il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qayınanası X3 xx.xx.1993-cü il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Mərhum öldükdən sonra qəbirstanlıqda dəfn edilmişdir. Dəfndə ailə üzvləri, qohumlar və qonşular iştirak etmişdir. Adət-ənənəyə uyğun olaraq baş daşı qoyulmuşdur. Mərhum uzun illər öncə vəfat etməsinə baxmayaraq bu günədək ölüm haqqında şəhadətnaməsi alınmamışdır. X2 ölüm haqqında şəhadətnaməsinin olubolmaması haqqında AR Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivə müraciət etdikdə, xx.xx.2025-ci il tarixli, 3-16-5/2-1-33495-6/2025-C- 21249 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən M.İbrahimovanın ölümünə dair akt qeydi barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Mərhumun ölüm yeri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TƏBİB-in 22 nömrəli Şəhər Poliklinikasına müraciət edilmiş, oradan isə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küşəsi 20 ünvanında yaşamış 1906-cı il təvəllüdlü X1 xx.xx.1993-ci tarixdə vəfat etməsi haqqında vaxtında müraciət edilmədiyi üçün poliklinika tərəfindən forma 106 vermək mümkün olmadığı haqqında 30 may 2025-ci il tarixli, 18-1-1-63/2-106/2025 saylı imtina məktubu verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, şəhid anasıdır. Özü yaşlı qadındır. Sənəd işinə fikir vermədəyindən qayınanasına ölüm haqqında şəhadətnaməsini almamışdır. Hal-hazırda şəhadətnamənin alınması kommunal xidmətlərə, vərəsəliyin müyyən edilməsinə və digər müvafiq orqanlara təqdim edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 izahatında bildirmişdir ki, ərizəçi Validə xanım əri İbrahimov Natiqin əmisinin arvadıdır. Məşədixanım qayınatasının anasıdır, yəni ərinin nənəsidir. Məşədixanım nənənin dəfnində olmuşdur. Dəfni 1993-cü ilin yay aylarında olmuşdur. Əri birinci qrup əlil olduğundan dəfnə özü getmişdir. Mərhum qayınanası da orada idi, çox adam var idi. Məşədixanım Kejdər qızını sağlığında görmüşdür. Onun öldüyü ay iyun və ya iyul ayının sonları olardı, dəqiq şəkildə yadında deyildir. Orada qəbirlər yanaşıdır. Ərinin, qayınatasının, onun qardaşlarının qəbirləri hamısı yanaşıdır. Məşədixanım yaşlı idi, təxminən 90-dan çox neçə yaşı olardı. Öləndə tək yaşayırdı. Bir nəvəsi var idi, onunla qalmaq istəmişdi, amma nənənin xasiyyəti tünd idi, müəyyən səbəblərdən razı olmadı, tək qalmağı üstün tutdu. Böyük qızı Sara xanım ona baş çəkirdi, gediş-gəlişi var idi, həmçinin tibb bacısı idi, hamı ölüm xəbərini elə ondan eşitmişdir. Nizami rayonu, 8-ci kilometr ərazisində beşinci mərtəbədə yaşayırdı. Dəfni ordan götürdülər, kiçik yas mərasimi oldu. Balaxanıda dəfn etmişlər. Əsl adını bilməmiş, onu “nənə” çağırmışlar. Onun da ərinin adı Fətah idi. Onların 4 oğlan və 3 qız övladları var idi. Böyük qızın adı Sara, kiçik qızın adı Sevildir, ortancıl qızın adı Badamdır. Birinci baba, yəni Fətah ölmüş, onu görməmiş, amma Məşədixanımın öldüyünü görmüşdür. Bakıda yaşayırdı, Bakıda da ölmüşdür. Məhkəmə iclasında şahid X13 izahatında bildirmişdir ki, Məşədixanım onun nənəsi, anasının anası olub. Ən böyük övlad olan Sara xanımın oğludur, ondan böyük qardaşı da vardır. Onları uşaqlıqda nənələri böyüdüb. Sağlığında Məşədixanım nənəni görmüşdür. Ona sağlığında anası baxırdı. Tək yaşayırdı, amma xalasıgil də orada olanda nənəyə baxırdılar. 8-ci kilometr deyilən ərazidə 1 otaqlı mənzildə yaşayırdı. Ayağında xəstəliyi var idi, çox qalxıb düşə bilmirdi deyə bazarlığını anası edirdi. 87 yaşı var idi. Anası ora tez-tez gedirdi, onlar isə bir həftədən, 10 gündən bir gedib ona baş çəkirdilər. Nənəsinin adını Məşədixanım kimi bilirdi. Məşədi xanım 25 iyul 1993-cü ildə ölmüşdür. Ayın 25 ya 15 öldüyü günü dəqiq bilmir. Xəstə idi. Ölən günü təcili yardım çağrılmışdı, gecə idi. Gəzə bilmirdi. Balaxanıda dəfn etmişlər. Dəfn mərasimində, yas mərasimində də iştirak etmişdir. Məşədixanımın ərinin - babasının adı Fətah idi. Onların 7 övladları olmuşdur. Axırıncı övladları Badam adlı qızlarıdır ki, hazırda sağdır, amma xəstədir, digər övladlar isə ölmüşlər. Onun 10 yaşı olanda babası Fətah ölmüş, nənə isə 1993-cü ildə ölmüşdür. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - AA seriyalı 202590 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1942-ci il tarixdə doğulmuşdur, atası X11, anası X5r. - Vİ-ЖГ seriyalı 254825 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X10 xx.xx.1992-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 130 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. - AZ-İİ seriyalı 511158 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - 51 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, İbrahimova Sevil xx.xx.1953cü il tarixdə doğulmuşdur, atası X11, anası X5r. - 22 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yaşamış 1906-cı il təvəllüdlü X3 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə üçün vaxtında müraciət edilmədiyi üçün poliklinika tərəfindən forma 106 vermək mümkün deyildir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 87 nömrəli arayışdan görünür ki, X3 1993-cü il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. - İş materiallarında olan foto şəkildən görünür ki, X3 1906-cı ildə doğulmuş və 1993cü ildə vəfat etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən M.İbrahimovanın ölümünə dair akt qeydi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın (bundan sonr - Qayda) 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Qaydanın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Qaydanın 8.14-cü bəndinə əsasən ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Göstərilənlərlə bağlı M.İbrahimovanın ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnaməni təqdim etməklə seçdiyiniz yerin qeydiyyat şöbəsinə, tibbi şəhadətnamə olmadıqda isə ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X12 ilə X9 olan xx.xx.1953-cü il təvəllüdlü X6 doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin informasiya sistemində Xanım İbrahimovanın doğumu, nikahı və ölümü haqqında məlumat aşkar edilmədi. Qeyd edir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1949-cu ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar X4 doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən müvafiq məlumatın əldə edilməsi üçün Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivnin 3-48-TA/2-181/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Balaxanı kənd məscidinin 1905-1906-cı illərə dair doğum aktlarının qeydiyyat kitablarında X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi, X4 1993-cü ilin iyul ayında Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Bununla yanaşı, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla ərizəçinin qayınanası X4 1993-cü ilin iyul ayının hansı günündə ölməsini müəyyən etmək mümkün olmadığından, məhkəmə ərizəni qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 1906-cı il təvəllüdlü X4 1993-cü ilin iyul ayında Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməli, ərizə qalan hissədə rədd edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 1906-cı il təvəllüdlü X4 1993-cü ilin iyul ayında Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar