Məhkəmə qərarları › İş №2(008)-5910/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5910/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5910/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçının Cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi verərək (dəqiqləşdirilmiş tələblə) AKT NDM № 033843 nömrəli akt əsasında elektrik enerjisi üzrə hesablanmış 1108,87 manat məbləğində borcun **********00001 №-li abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və elektrik enerjisindən istifadəyə uyğun olaraq aylıq ödənişləri tam şəkildə vaxtlı-vaxtında ödəyir. Yaşadığı yer üzrə elektik enerjisi üzrə **********00001 №-li abonent kodunun istifadəçisi mərhum ulu babası Qədirov Qurban olmuşdur. Babası xx.xx.1996-cı il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixdə səhər saat 05:20-də "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvanda quraşdırılmış **********5M220966 nömrəli PAUD-MP106 tipli sayğaca onun iştirakı və xəbəri olmadan baxış keçirmiş, bununla bağlı AKT NDM № 033843 nömrəli akt tərtib etmişlər. Həmin aktda, qeyd olunur ki, sayğaca baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacı sxemdən qismən kənarlaşdırılmışdır. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş əsassız akta görə 1108,87 manat borc hesablanmışdır. Hesablanmış həmin borc məbləği ilə razılaşmadığından bununla bağlı cavabdeh təşkilata müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassızdır. O, aylıq ödənişləri vaxtlı-vaxtında edir, tərəfindən sayğaca hər hansı bir müdaxilə və kənar xətt qoşulması olmayıb. Ulu babası Qurban Qədirov öldüyünə görə onun öhdəliyinə xitam verilməlidir. Həmin akt tərtib edilib imzalanarkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, həmin akt tərtib edilən zaman abonent kimi onların iştirakı olmamış və tərəflərindən imzalanmamışdır. Aktda isə, "xxxx" ASC-nin əməkdaşlarının iştirak edilməsi qeyd edilmişdir. Halbuki, mövcud qanunverciliyə əsasən istehlakçı tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi müəyyən edildikdə, akt abonentin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilir, "xxxx" ASC-nin əməkdaşları isə bu tələbi pozmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, qeyd etdi ki, cavabdehin əməkdaşları tərəfindən qanuni şəkildə sayğaca baxış keçirilmiş, qeyd olunan qüsur aşkar edilmiş, videoçəkiliş aparılmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. **********00001 №-li abonent kodu Qədirov Qurbanəlinin adına xx.xx.2000-ci il tarixdə 552207 №-li müqavilə əsasında "xxxx" ASC-də qeydiyyata alınmışdır. Həmin abonent kodu üzrə xx.xx.2018-ci il tarixdə **********5M220966 nömrəli PAUD-MP106 tipli sayğac quraşdırılmışdır. Qədirov Qurbanəli ölmüşdür. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 05:20-də həmin sayğaca baxış keçirilmiş və AKT NDM № 033843 akt tərtib edilmişdir. Həmin akta əsasən sayğac sxemdən qismən kənarlaşdırılmış, videoçəkiliş aparılmışdır. Akta əsasən həmin abonent kodu üzrə 8605 kkvts enerjiyə görə 1118,65 manat məbləğ hesablanmışdır. Abonentə məxsus saldodan görünür ki, hər ay 20-40 manat arası pul yüklənir karta. Hazırda iddiaçı həmin 1108,87 manatın silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının xx.xx.2022-ci il tarixədək qüvvədə olan 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydalara xx.xx.2022-ci il tarixdə əlavə edilmiş: 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Odur ki, məhkəmə hesab edir ki, iddia bir aydada ortalama ödədiyi 30,87 manatı ödəməlidir, iddia qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. AKT NDM № 033843 nömrəli akt əsasında elektrik enerjisi üzrə hesablanmış 1078 manat məbləğində borc **********00001 №-li abonent kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar