Məhkəmə qərarları › İş №2(008)-5954/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5954/2020

02.12.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5954/2020 02.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X1 İddiaçı qızının, Cavabdeh iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı torpaq sahəsinin alınması və yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsinin alınması və yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində 2013-cü ildə torpaq sahəsi alıb fərdi ev tikmişlər. Həmin evin torpaq sahəsini də imkan olmadığından daş hasara ala bilməmişdir. Daş hasar əvəzinə taxta və məftildən ibarət çəpər çəkmişlər. Onun qonşusu olan Cavabdeh da qonşuluğunda torpaq alıb 3 mərtəbəli fərdi ev tikib yaşayır. O, öz torpağında həmin evdən əlavə bir mərtəbəli bir evdə tikib. Lakin həmin ev tikiləndə onların yolunu daraltmışlar. Cavabdeh əlavə olaraq onun çəkdiyi məftil və taxtadan olan hasarı sökərək, onun torpaq ərazisinə soxulmuşdur. Hal-hazırda da orda ev tikmək istəyir. Onların bir maşın mişar daşını da daşıyıb öz işlərinə sərf etmişdir. Hər ikisinin torpaq sahələrinin və tikdikləri fərdi yaşayış evlərinin mülkiyyət sənədləri yoxdur. Buna baxmayaraq bələdiyyədə qeydiyyatdadırlar, işıq, qaz və su onların adınadır. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qız iddianı qəbul etməyərək qeyd etdi ki, onun tərəfindən inşa edilən evlərə və torpaq sahəsinə hər hansı sənədi mövcud deyil, lakin həmin torpaq sahəsinə onun hüququ olmadığı kimi iddiaçının da hər hansı hüququ mövcud deyil. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçıya və cavabdehə məxsus evlər özbaşına tikili, evlərin yerləşdiyi və həyətyani torpaq sahələri zəbt edilmiş torpaq sahələridir (Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış, iddia ərizəsi, tərəflərin izahatları). İddiaçı evə olan hüququnu təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında xx.xx.2016-cı il tarixli 40842 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə»si ilə sübut etməyə çalışmışdır. Məhkəmə sübutların olduğu yerdə müayinə və tədqiq edilməsi məqsədilə mübahisəli əraziyə baxış keçirərkən aşağıdakıları müəyyən etmişdir. Hər iki ev Zabrat qəsəbəsində yerləşməklə qonşu evlərdir. İddiaçıya məxsus evə və torpaq sahəsinə məhkəmə iddiaçıyla birlikdə maneəsiz olaraq geniş darvazadan daxil oldu. Darvazayla evin arasında kifayət qədər boş torpaq sahəsi var, iddiaçının verdiyi məlumata əsasən həmin boş torpaq sahəsi sənədsiz olsa da onun bacısına məxsusdur və bacısı tərəfindən orada ev inşa ediləcək. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki özbaşına tikili iddiaçının evinin arxasında yerləşir. İki qonşunun evini daş hasar ayırır, həmin daş hasarla iddiaçının evinin arasında təxminən 2 metr məsafə mövcuddur. Həmin daş hasarın ortasında iddiaçı özünə giriş-çıxış üçün qapı qoymuş, cavabdeh isə həmin qapını hörmüşdür. Hazırda iddiaçı Cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsinin alınması və yolunun açılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Baxmayaraq ki, cavabdeh tərəfindən hasarın hörülməsi qanunsuzdur, mübahisəli torpaq sahəsinin İddiaçı qızının istifadəsində olması barədə hüquq müəyyənedici sənədlər mövcud deyildir və nə qədər ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb, sonuncunun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus ev özbaşına tikili olsa belə, həmin tikili mövcud oluğuna və səlahiyyətli şəxs tərəfindən həmin tikilinin sökülməsi tələb edilmədiyinə görə, ididaçının giriş-çıxışına məhdudiyyətin qoyulması yolverilməzdi. Lakin, qeyd edildiyi kimi, iddiaçının ərazisinə rahatlaqla küçədən daxil olunur və nə zamansa həmin yerdə onun bacısı tərəfindən hüquq olmadığı təqdirdə evin inşa edilməsi məhkəmə tərəfindən iddianını təmin edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar