Məhkəmə qərarları › İş №2(008)-5962/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5962/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5962/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, Əliyeva (Həmzəyeva) Güllü Nəzər qızının 1940-cı ildə Emənistan Respublikasının Qafan rayonunda doğumun qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, 1940-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. 1958-ci ildə X11 ilə nikaha girmişdir. Bu nikahdan altı övladı (1960-1970-ci illər ərzində) anadan olmuşdur. Həyat yoldaşı xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. 2005-ci ildə Azərbaycanda şəxsiyyət vəsiqəsi aldığı zaman adı səhv olaraq Güllü əvəzinə Qulubəyim kimi qeyd edilmişdir. Halbuki, övladlarının hamısının doğum haqqında şəhadətnamələrində adı Güllü kimi düzgün qeyd olunmuşdur. Sənədlərdə ziddiyyətli qeydlər aparıldığı səbəbindən mərhum həyat yoldaşı ilə nikah haqqında akt qeydi bərpa edilməmişdir. Aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmiş və sonda məhkəmə qaydasında övladlarının doğum haqqında şəhadətnamələrindəki Güllü adının ona (Qulubəyim) məxsus olması faktı müəyyən edilmişdir. Bu barədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-2038/2023 saylı qətnaməsi qəbul edilmiş və qətnamə qüvvəyə minmişdir. Doğum akt qeydinin bərpa olunması barədə yenidən Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, maraqlı şəxs ona yenidən məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Maraqlı şəxs Həmzəyeva (əliyeva) Qulubəim Nəzər qızının xx.xx 1940-cı ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik , bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından onun doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacaqdır. Bu baxımdan hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun həqiqətən də, 1940-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulmağı faktını yaxın qohumları və digər kənd sakinləri məhkəmədə təsdiq edəcəklər. Doğum haqqında şəhadətnamə məlum hadisələrlə əlaqədar Qafan rayonunda qalmış və bu günədək etdiyi müraciətlər əsasında bu sənədi əldə edə bilməmişdir. Şəxsiyyət vəsiqəsində isə adı Qulubəyim kimi qalmaqdadır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-1059/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, müraciətin qeydiyyat şöbəsində icra edilməsi mümkün olmadığından imtina edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2038/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, əsasən xx.xx.1962-ci il tarixdə doğulmuş X1 Ermənistan, Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1963-cü il tarixdə doğulmuş X2 verilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1967-ci il tarixdə doğulmuş X3 Ermənistan, Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1970-ci il tarixdə doğulmuş X4 Ermənistanın Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədə ana qrafasında yazılan “X7”nın Ərizəçi məxsus olması qət edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş iştirak edən X8 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşının arvadıdır. Ərizəçi Həməzyeva Qulubəim (Güllü) 1940-cı ildə Qafan rayonunda doğulmuşdur, qardaşı ilə evlənən zaman onun 4-5 yaşı olmuşdur. Eyni kənddəndilər. Atasının adı Nazar, anasının adı isə Hurzat olmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş iştirak edən X9 izahatında bildirmişdir ki, ərizəçi ilə o Ermənistanın Qafan rayonunda qonşu olmuşlar. Ərizəçi yəni Güllü 1940-ci ilda anadan olmuşdur, atası Nəzər olmuş, İİ Dünya Müharibəsində iştirak etmiş, sonra geri qayıtmamışdır. Anasının adı isə Hürzad olmuşdur. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi XX.XX.1940-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğumun qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (X7) XX.XX.1940-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğumun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar