Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5964/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Xüsusi Təyinatlı Yaşayış sahəsi kimi Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 3 nömrəli binanın 17 nömrəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, 1992-ci ildə Erməni işğalçıları tərəfindən yaşadıqları Füzuli rayonu işğal olduqdan sonra iki oğlu və bir qızı ilə məcburi köçkün kimi Bakı şəhərində yazıçılar birliyi deyilən binada məskunlaşmışlar. 2019-cu ildə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Xüsusi Təyinatlı Yaşayış sahəsi kimi Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 3 nömrəli binadan 2 otaqlı mənzil ona verilmişdir. Bağlanan müqavilədə oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 Rafael qızı da qeyd olunmuşdur. Mənzil ona verilərkən oğlu və gəlini Almaniya Respublikasında yaşamışlar. Deport olunduqdan sonra oğlu və gəlini ilə birlikdə ona verilən evdə yaşamışlar. İlk vaxtlar münasibət yaxşı olsa da, soradan oğlu heç bir səbəb olmadan onunla münaqişə yaratmışdır. Cavabdeh1 və gəlini Mamedova X1 deport olduqdan sonra Binəqədi rayonunda özünə iki otaqlı ev almışdır. Oğlu və gəlininin onun yanına köçməkdə məqsədləri qaçqın kimi dövlətdən sosial yardım almaq olmuşdur. O, buna etiraz etməyərək yanına köçmələrinə imkan vermişdir. Oğlu ilə münasibətləri pozulduğu üçün məcbur olaraq qızına məxsus Qala qəsəbəsindəki evə köçmüş, 2024-cü ilin may ayında qızı evi satdığı üçün öz evinə qayıtmaq istəmişdir. Oğlu onunla razılaşmış və bildirmişdir ki, o, Almaniya Respublikasına getmək istəyir və evə gəlməyinə etiraz etmir. İyun ayının 5-də İddiaçı evinə qayıtmış və aradan 15-20 gün keçmiş oğlu ondan evdən çıxıb getməsi üçün 10.000 manat pul verməsini istəmişdir. İddiaçı 300 manat təqaüd aldığını və ona veriləsi pulunun olmadığını bildirmişdir. Təqribən 1 həftə sonra xx.xx.2024-cü il tarixdə iddiaçının oğlu yenidən ondan pul istəmiş və mübahisə zəminində həyat yoldaşının yanında balta ilə sol əlinə xəsarət yetirmişdir. O, da 102 xidmətinə və 14-cü Polis Bölməsinə müraciət etmiş, X6 barəsində araşdırılma aparılmış və nəticədə əməlində xuliqanlıq cinayəti olduğu üçün materiallar Sabunçü rayon istintaq şöbəsinə həvalə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, oğlunun evləndikdən sonra qayınatasına məxsus evdə yaşadığını, bir müddət kirayədə qaldıqlarını, daha sonra Almaniya Respublikasına işləməyə getdiyini, deport olunduqdan sonra bir müddət məcbur onla qaldıqlarını və yola gedə bilmədiklərinə görə onu evdən qovduqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında İddiaçı qıznın evə köçürməsinə etiraz etmədiyini, lakin onun Xəlilov Tofiq adlı şəxsi evə gətirməsinə etiraz etdiyini, həmin şəxsin onun üçün yad bir insan olduğunu və onunla birgə yaşamaq istəmədiyini bildirdi. 03 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 anası İddiaçı qeyri-rəsmi bir kişi ilə yaşadığını, onunla münaqişələri olduqlarını, Xəlilov Tofiqin orada yaşamaq hüququ olmadığını, anası İddiaçı nikaha girdiyi X3 ilə, evə köçməsinə etiraz etdiyini bildirmişdir. İş materiallarına əlavə olunan Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin 1153 nömrəli 25 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Füzuli rayonundan məcburi köçkündür və hal-hazırda Sabunçu rayonu Kürdəxanı 810 YYK bina 3, mənzil 17 ünvanında müvəqqəti qeydiyyatdadır. AA seriyalı 125218 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. 13 iyul 2019-cu il tarixli, 3/17 nömrəli Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Forması Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Əhmədov Səbuhi ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Kirayəçinin ailə üzvləri oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 qeyd edilmişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Nizami Hüseynovun 22 iyul 2024-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciətinə dair, toplanmış materialda X4 əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) nəzərdə tutulmuş cinayətin tərkib əlmətlərinin yaranmasına dair, toplanmış materialın aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədilə Sabunçu RPl-nin İŞ-yə göndərilməsi, qəbul edilmiş qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon Prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında 14 sentyabr 2024-cü ildə 1334 nömrəli akt qeydi ilə nikah bağlamış ərə Xəlilov, arvada Süleymanova soyadı verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü madəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin mübahisəsiz halı 13 iyul 2019-cu il tarixli, 3/17 nömrəli Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Əhmədov Səbuhi ilə, İddiaçı arasında kirayə müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli evdə cavabdehlərlə bir müddət birgə yaşamış, təsərrüfat aparmış, cavabdehlər hazırda həmin evdə yaşasa da, iddiaçının həmin mənzildə yaşamasına cavabdehlər tərəfindən şərait yaradılmır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı ünvan 1 ünvanına köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi onunla bağlanmış müqavilə əsasında istifadəsinə verildiyindən, cavabdehlərin həmin mənzildən iddiaçı ilə birlikdə istifadə etmək hüququ olduğundan, cavabdehlər tərəfindən İddiaçı qarşı törədilmiş məhrumetmə (evdə yaşamağıma mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X5rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 nömrəli ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşamasına cavabdehlər tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Eləcə də, məhkəmə iclasında cavabdehlər İddiaçı ilə,13 iyul 2019-cu il tarixdə bağıanmış Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin 5-ci maddəsinə istinad edərək, iddiaçı tərəfindən göstərilən müqavilənin müddəalarına əməl edimədiyini, onun X3 adlı şəxslə nikaha girdiyini əsas gətirərək, qeyd olunan mənzilə olan hüququnu itirdiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, bununla bağlı tələb irəli sürmək hüququ müqavilə tərəfi olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti belə bir tələblə müraciət edə bilər. Yəni cavabdehlərin bu halı əsas gətirərək iddiaçını öz mənzilinə buraxmamağa və ordan istifadə etməsinə aneələr törətməsinə heç bir subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Xüsusi Təyinatlı Yaşayış sahəsi kimi Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 3 nömrəli binanın 17 nömrəli mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5964/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5964/2024
16.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver