Məhkəmə qərarları › İş №2(008)-597/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-597/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-597/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yerləşən onun fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinə görə hesablanmış 2577,61 manat məbləğində borc pulun onun **********50102 nömrəli abonent kodundan və həmin sovxozda yerləşən digər fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinə görə hesablanmış 289,90 manat məbləğində borc pulun onun **********40018 nömrəli abonent kodundan silinməsini cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Bilgəh qəsəbəsi, Zəfəran sovxozda fərdi yaşayış evinə qeydiyyatdadır və orada yaşayır. Həmin evə smart sayğac 2010-cu ildə quraşdırılmışdır. Abonent kodu **********50102 evinin işığa görə aylıq sərfiyyatı təxminən 5-10 manat təşkil edir. Cavabdehin nümayəndəsi evdə olmayan vaxt gəlib evin sayğacına baxış keçirmiş, onun iştirakı olmadan akt tərtib etmiş, həmin aktı ona verməmişdir. Cavabdeh əssasız olaraq ona borc yazmış və ondan işığa görə 2577,61 manat pul tələb edir. Onun həmin sovxozda yerləşən ikinci evində isə abonent kodu **********40018 olan ünvana 289,90 manat məbləğində əsassız olaraq borc yazmışdır. Hər iki evə yazılmış əsassız hesablanan borc abonent hesabından silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 2577,61 manat borcla bağlı göstərilən ünvanda ailəsi ilə yaşadığını və aylıq sərf etdiyi elektrik enerjisinin pulunu ödədiyini qeyd olunan borcun isə köhbnə borc olduğunu ikinci sayğac üzrə yazılmış 289,90 borcla bağlı isə sayğac quraşdırılan vaxtdan bir gün də olsun həmin ünvanda yaşayış olmadığını hətta təqdim edilmiş smart kartın balansında olan 10 manat məbləğin də kartda olduğu sayğaca yüklənmədiyini deyərək, tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" ASC rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Abunə haqqında məlumatdan görünür ki, İddiaçı məxsus **********50102 abunə kodunun hesabında 2577.61 manat borc qaldığı görsənir. İş materiallarında olan Abunə haqqında məlumatdan görünür ki, İddiaçı məxsus **********40018 abunə kodunun hesabında 289,90 manat borc qaldığı görsənir. xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında izahat verən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddiaçıya məxsus olan borcun köhnə sərfiyyat borcu olduğunu, bu borcların tələb olunması barədə heç bir iddia irəli sürməsələr də, abonentin saldosunda borc kimi görsənməkdə davam etdiyini bildirmiş, həmçinin 2010-cu ildə İddiaçı məxsus olan ünvanla bağlı iki akt tərtib olunduğunu desə də, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sayğacada yaranmış problemə görə cavabdeh tərəfindən iddiaçıya həmin dövrlər üzrə borc məbləği hesablanmışdır. Lakin cavabdeh tərəfindən hesablanmış cərimə borcunun əsaslı olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, iddiaçıya məxsus **********50102 abunə koduna hesablanmış 2577.61 manat məbləğində borc və **********40018 abunə koduna hesablanmış 289,90 manat məbləğində borc silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Belə olan vəziyyətdə isə sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımadığından, həmin akt əsasında enerjidən istifadə qaydalarının pozulmasına görə hesablanmış 2577.61 manat və 289,90 manat məbləğində borc silinməlidir. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, **********50102 abunə koduna hesablanmış 2577.61 manat məbləğində borc və **********40018 abunə koduna hesablanmış 289,90 manat məbləğində borc əsassız hesab edilərək, abunə kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yerləşən fərdi yaşayış evinə **********50102 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış 2577.61 (iki min beş yüz yetmiş yeddi manat, altmış bir qəpik) manat borc və həmin sovxozda yerləşən digər fərdi yaşayış evinə **********40018 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış 289,90 manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar