Məhkəmə qərarları › İş №2(008)-5979/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5979/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5979/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsini, qanunsuz hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabunçu rayonu Maştağa qəsəbəsi, Nizami küçəsi ev 26 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Yaşadığı fərdi yaşayış evində bir neçə dəfə qaz sayğacı dəyişdirmişdilər. Hazırda **********00010 Abonent kodu ilə qaz sayğacı işləyir. xx.xx.2023 cü il tarixində Azəriqaz İB nin əməkdaşları onun xəbərim olmadan xx.xx.2023 cü il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda guya o, sayğacdan kənar qeyri qanuni qaz xətti quraşdırmış və qanunsuz qazdan istifadə etmişdir. Aktı rəhbər tutaraq onda qaz sayğacının nominal qaz sərfi 4 kub/m orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 (4*24*360) kub m qaz sərfiyyətinin müəyyən edilmişdir. Ona aid qaz xəttinə hər hansı qaz xətti birləşdirməmiş və sayğacdan kənar qazdan isdifadə etməmişdir. Hətta belə bu aktdan da xəbəri olmayıb və sənədlərin surətini yaxın zamanda Azəriqaz İB-dən əldə etmişdir. Hal-Hazırda Azəriqaz İB ondan 4147 manat ödənilməsini tələb edir. Buna görə də hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt qanunsuzdur və həmin borc silinməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin akt fevral ayında tərtib edilib, oktyabr, noyabr, dekabr aylarında ödənişlər edib. Sayğacın minimum sərfiyyatını 0.12 manatdan hesablanıb. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonent saldosundan görünür ki, **********00010 abonent kodu olan İddiaçı 08.2023-cü il tarixə 4628,68 manat məbləğində borcu mövcuddur. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacının texniki qaydalara cavab verdiyi aşkar edilmişdir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacının texniki qaydalara cavab verdiyi aşkar edilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Lakin, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Tərtib edilmiş akt üzrə 4147 manat ziyan hesablanmışdır. Cavabdeh kənar xətdən istifadə etdiyinə görə ona akt tərtib olunması ilə razı deyil, çünki onu kənar xətdən istifadə etdiyini inkar edir. Həmçinin akt üzrə hsablanmış məbləği də şişirdilmiş hesab edir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən 26 saylı evə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Azəriqaz tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillər iddiaçını evinə aiddir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə yuxarıda göstərilənləri, işin hallarını və toplanmış sübutlar üzrə tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qazdan qanunsuz istifadə faktı yerli baxış zamanı müəyyən olunmasa da, fotoşəkillər onun evinə aid olmuşdur, halbuki, iddiaçı məhkəmə iclasında bu faktı inkar edirdi. Həmçinin, gazrep və saldo üzrə onun tərəfindən qazdan istifadəyə görə çox cüzi ödənişlər edilməsi, bəzən isə ümumiyyətlə edilməməsi onun qazdan qanunsuz istifadə etməsinə dəlalət edir. Digər tərəfdnə isə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ziyanın həcminin hesablanması qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir. Cavabdeh tərəfindən mütəmadi olaraq yay və qış aylarında, fasiləsiz olaraq qaz plitəsinin, kombinin və digər qızdırıcılarının evdə 24 saat istifadəsi ağılasığmazdır. Bu səbəbdən məhkəmə yay aylarında ümumiyyətlə qızdırıcılardan istifadə olunmamasını və yemək hazırlanmasına görə maksimum gündə 2-4 saat 4 gözlü qaz plitəsinin istifadə olunduğunu nəzərə alaraq 6 saat orta günlük iş rejiminini götürülməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, qaz sərfinin iş rejimi 24 saat yox, 6 saat qəbul edilməklə aşağıdakı formada hesablanaraq tutulmalıdır. 1.4x6x360=8640 m3 8640x0.12=1036.80 manat Beləliklə orta qazdan istifadənin günlük iş rejimi 6 saat hesablanmaqla ziyanın həcmi 8640 m3, yəni 1036.80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu **********00010) Cavabdeh xeyrinə 1036 (bir min otuz altı) manat, 80 (səksən) qəpik məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar