Məhkəmə qərarları › İş №2(008)-5981/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5981/2025

09.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5981/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndələri X1, Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti olmaqla “əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti olmaqla “əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində göstərilən əsaslarla xitam verilməsi barədə qəbul edilmiş 6X/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilərək, Məcəllənin 69-cu maddəsinin 3-cü bəndində qeyd olunan əsaslarla müqaviləyə xitam verilməsi, həmçinin işəgötürən tərəfindən ona dəymiş 2000 manat mənəvi ziyanın ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2025-ci ilin aprel ayından Cavabdeh MMC-də qeydiyyatçı vəzifəsində çalışmaq üçün işəgötürənlə əmək müqaviləsi bağlamışdır. İşə başladığı ilk ay qiyabi təhsil aldığı universitetdə dərslər başladığından ona dərslərdə iştirak etməsinə görə həmin MMC tərəfindən icazə verilmişdi, bu səbəbdən də o, iş şəraitinin fərqli olduğunu, müqaviləyə və əmək qanunvericiliyinə zidd olduğunu bilməmişdir. Növbəti aydan artıq işə davamlı olaraq gedəndən sonra müqavilədə iş saatlarının saat 10:00-19:00 göstərilməsinə baxmayaraq, səhər saat 09:00-dan axsam saat 20:00, 21:00-a qədər uzandığını, nahar saatlarında da işləməli olduğunu, bu bəs deyilmiş kimi hətta bu 2 ay ərzində olan bütün qeyri-iş günlərində də haqqı ödənilmədən məcburi qaydada işə çıxarıldığını görmüşdür. Bundan sonra evdə də ailə üzvləri narazılıqlarını bildirdilər və başqa iş yeri axtarmaq məcburiyyətində qaldı, işdən çıxmaq istədiyini, başqa işə keçmək istədiyini işəgötürən Bəxtiyar bəyə bildirmişdir. Ona bildirilmişdir ki, 1 ay məcburi qaydada işə çıxmalıdır. O, da artıq başqa işəgötürənlə müqavilə bağlayaraq Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinin tələblərini rəhbər tutaraq həmin maddə üzrə hüququndan istifadə edib əmək müqaviləsinə xitam verilməsini xahiş etdi. Bütün bunlara baxmarayaraq, doktor Bəxtiyar qanunsuz olaraq, dəfələrlə şəxsi otağına onu dəvət edərək, hətta meneceri və müavini olan Nərmin xanım vasitəsilə yeni işə başladığı şəxsə sms yazaraq işə çağırıb son haqq-hesabı edəcəklərini bildirmiş, lakin ora gedəndə yenə də ona məcburi qaydada 1 ay işə gedib gəlməli olduğunu, əks halda isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsinə xitam verəcəyini bildirmişdir. Bunu ona əvvəldən də demişdilər, çünki işdən çıxmağını istəmirdilər, məhz bu səbəbdən o, 1 ay müddəti onlarla eyni yerdə işləməyə davam edə bilməzdi. Bilirdi ki, ona qarşı qərəzli münasibət göstərəcəklər. Nəzərə çatdırmaq istəyir ki, başqa işəgötürənlə əmək müqaviləsi bağlayan zaman doktor Bəxtiyar tərəfindən bağlanmış müqaviləyə xitam verilmədiyindən yeni iş yeri ilə məcburən əlavə iş yeri kimi müqavilə bağlamalı olmuşdur. Dəfələrlə əsas iş yeri kimi müqaviləyə xitam verilməsini həm yeni işəgötürən Elnur bəy, həm də onun tərəfindən bildirilsə də, bunların heç birinə məhəl qoymadan yenə də ona hədə qorxu gələrək ailə üzvləri ilə bağlı şantaj xarakterli hərəkətlər etməyə başlamışdır. Bu hədə qorxu altında 1 ay onun həmin müəssisəyə gedib gəlməyini tələb etmişdir. Bəlkə də həmin 1 ayı başqa şərtlər altında işə davam etmək istəsəydilər razı olardı. Amma Bəxtiyar bəy o, işdən çıxmaq istədiyini bildirdikdən sonra elə həmin gündən başlayaraq, ona qərəzli münasibət göstərməyə başlamış, müəssisənin instagram səhifəsinin idarə edilməsi ona tapşırıldığı halda (SMM) həmin gün yalnız onun barəsində “Əmr” formasında akt qəbul edərək şəxsi telefonundan istifadəni qadağan etmiş, istifadə edəcəyi halda intizam məsuliyyəti daşıyacağını bildirmişdir. Daha sonra elə həmin gün ailə üzvlərindən bacısı ixtisasca hüquqşünas olduğu üçün onlarla telefon əlaqəsi saxlayıb qanunvericiliyin tələblərinə zidd hərəkət etdiklərini işçinin hüquqlarını pozduqlarını bildirmiş, bundan sonra isə Bəxtiyar bəy ona xəbərdarlıq vermiş və onların nömrəsini bacısına verdiyi üçün şəxsi məlumatları 3-cü şəxsə ötürdüyünü iddia edərək özbaşına olaraq barəsində qərar qəbul etmişdir. Bütün bunların hamısı digər əməkdaşlara deyil, sırf ona qarşı baş verdiyi üçün bu halda o, ərizədə göstərdiyi gündən də 2 gün tez o işdən ayrılmalı olmuşdur. O, başqa şəxslə əmək müqaviləsi bağlayarsa, hansı hüquqi əsasla hətta ona hədə qorxu gəlməklə onu 1 ay işdə saxlamaq istədiyini də başa düşürdü. Özü öz dili ilə etiraf etdi ki, 1 ay gəlmədiyi halda Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək. Ərizəni təqdim etdiyi gündən sonra ərizədə göstərdiyi tarixə qədər işə gəlirdi, lakin özünə qarşı konkret olaraq ayrıseçkilik və qərəzlilik görmüşdür. Həmçinin işəgötürən tərəfindən barəsində əsassız olaraq, xəbərdarlıqlar qəbul edilmişdir, həmin xəbərdarlıqda nahar fasiləsində öz seçimi olaraq işlədiyi qeyd olunmuşdur, əlbəttə ki, onun seçimi deyildi, həmin müddət ərzində hələ də xəstələri qəbul etdikləri üçün məcburən nahar fasiləsində işləməli olmuşdur. Ən əsası isə onun səhhətində problemi olduğunu bilə-bilə, yuxu və qidalanması ilə bağlı problemləri olduğu üçün dəfərlərlə iş yerində də təzyiqlə bağlı ciddi narahatlıqları olmuşdur. Hər hansı stressli vəziyyət olanda da o, eyni vəziyyətə düşür, bunu ailəsi və bütün ətrafı bilir. Eyni hal iyul ayının 8-i də yaranmışdı və ona ilkin müdaxilə evdə edildikdən sonra “arayış” əldə edib hər iki iş yerinə verilməsi üçün 27 nömrəli şəhər poliklinikasına atası ilə yaxınlaşdı. Orada da müayinə nəticəsində diaqnoz qoyularaq istirahət etməli olduğu həkim tərəfindən bildirildi və müalicə təyin olundu. Arayışlar sistem üzərindən müəssisələrə göndərildikdən sonra isə yenə də Bəxtiyar bəy öz üsulları ilə poliklinikaya zəng edərək hədə-qorxu gəlmiş, onların qanunsuz işlər gördüyünü, onun guya faktiki olaraq ora getmədiyini və 18 yaşı olduğu üçün təzyiq probleminin olmasının mümkünsüz olduğunu bildirmiş və həmin gün, yəni iyul ayının 8-i axşam saatlarında qanunvericiliyin tələblərini bir daha pozaraq işçinin əmək funksiyalarının icrasından azad edildiyi müddətdə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç" bəndi ilə də xitam vermişdir. O, 18 yaşlı gənc qızdır, tələbədir, ən əsası Azərbaycan Respublikasının vətəndaşıdır. Qeyd olunan müəssisə onun ilk iş yeri olmuşdur, haqsız yerə ona göstərilmiş qərəzli münasibətə görə əmək kitabçasında belə bir əsasın olmasını qəbul etmir. Heç kim heç kimin qanunla qorunan hüquqlarını qanunsuz formada poza bilməz, pozursa bunun da məsuliyyətini daşımalıdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, iddiaçının irəli sürdüyü iddiaların əsassız hesab edilərək təmin olunmaması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçiyə verilmiş xitamın qüvvədə saxlanılması, ona qarşı atılmış böhtan və imicə dəymiş zərərə görə İddiaçı müəssisəyə 5000 (beş min) manat məbləğində təzminat ödəməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixli iddia ərizəsində Cavabdeh MMC-yə qarşı irəli sürdüyü tələblərlə bağlı bildirir ki, həmin iddia əsassızdır və hüquqi cəhətdən qəbul edilə bilməz. İşçi İddiaçı Əbülfət qızı xx.xx.2025-ci il tarixində işə əmək müqaviləsi əsasında və öz müraciəti ilə işə başlamışdır. İş şəraiti və iş saatları işçiyə əvvəlcədən izah olunmuş və əmək müqaviləsində əks etdirilmişdir. İşçi deyilən şərtlərlə razılaşmış və işə başlamışdır. Əgər işçi bu şərtlərlə işləməyə razı deyildisə, bu barədə sınaq müddətində məlumat verə bilərdi. İşçi ilə bağlanılmış (xx.xx.2025) əmək müqaviləsində işçinin ilk 1 ayı sınaq müddəti sayılırdı (xx.xx.2025-xx.xx.2025) və 3 gün öncədən rəhbərliyi xəbərdar etməklə əmək müqaviləsini ləğv etmə hüququna malik idi. Bildirmək istəyir ki, klinikanın direktor müavini Nümayəndə2 və direktoru Bəxtiyar Əliyev digər işçilərdə olduğu kimi İddiaçıylə də dəfələrlə danışaraq hər hansı şikayətinin olubolmadığını soruşmuş və o, isə hər dəfə narazılığınızın olmadığını bildirmişdir. İşçi xx.xx.2025-ci il tarixində işə qəbul edilərkən qiyabi təhsil aldığını bildirmiş və ona təhsil dövründə şərait yaradacağını demişlər. Əmək Məcəlləsinin 124-cü maddəsinin 3-cü bəndinə əsasən işçinin təhsil məzuniyyəti hüququ vardır. Xitam verildiyi günə qədər işçi təhsil aldığı universitetdən dərs və imtahan günlərini əks etdirən rəsmi arayışı təqdim etməmişdir. Arayış təqdim etməmiş olsa belə, buna baxmayaraq aprel və may aylarında (uçot tabelində günlər göstərilmişdir) işçini dərsə gedir deyə 3 saatdan artıq işlətməmişlər (xx.xx.2025-xx.xx.2025 tarixləri də daxil olmaqla bu aralıq). Bu hal indiki situasuyada onlarda inamın sui-istifadə edildiyi qənaətini formalaşdırır. Məhkəmə sisteminə də baxdığı zaman təhsil aldığı müddətlə bağlı hər hansı sənəd yüklənməmişdir. İşçinin yuxarıda qeyd edilən tarixlərdə universitetə getməsi ilə bağlı təhsil sənədlərinin sistemə yüklənməsini qarşı tərəfdən tələb edilməlidir. Nəzərə çatdırmaq istərdi ki, əgər işçinin təhsili xx.xx.2025ci ildə bitmişdirsə və işçi iş saatlarının onun əmək müqaviləsinə uyğun olmadığını bu müddətdən sonra bilmişdirsə, bu halda niyə may ayı ərzində işdən çıxmaqla bağlı heç bir müraciət etməmiş və xx.xx.2025-ci il tarixində müraciət etmişdir? İşçinin şikayətindəki “əmək müqaviləsində qeyd olunmuş iş saatlarından artıq müddətdə və bayram günlərində əmək fəaliyyətinə cəlb olunduğu halda, əlavə iş saatlarına görə əməkhaqqı ödənilməmişdir” iddiası da həqiqətə uyğun deyil və bu iddia tamamilə əsassızdır. Qeyd etmək istərdi ki, işçi İddiaçı ilə aralarında şifahi razılıq əsasında o, 06, 16 və 26 iyun 2025ci il tarixlərində işə çıxmışdır. Bu günlər bayram günləri hesab olunmasına baxmayaraq, işçi özü bildirmişdir ki, əlavə ödəniş tələb etmir və əvəzində həmin günlərin digər günlərdə işə gəlməməklə kompensasiya edilməsini istəyir. Müəssisə tərəfindən bu razılaşma qəbul edilmiş və qeydə alınmışdır. Lakin daha sonra işçi əmək funksiyalarını icra etməmiş, xəbərdarlıqlara baxmayaraq işə gəlməkdən imtina etmişdir. Bu səbəbdən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi əmək funksiyasını və əmək müaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Xitam zamanı işçiyə toplam 5 məzuniyyət günü , 3 gün bayram günü və 4 gün faktiki iş günü üçün son haqq-hesab hesablanaraq tam şəkildə ödənilmişdir. Ödənişin həyata keçirilməsi bank çıxarışı ilə təsdiq olunur. Bütün bu ödənişlər DƏMX müffətişləri tərəfindən yoxlanılmış hər hansı qanun pozuntusu aşkar edilməmişdir. Bu səbəbdən məhkəminin bu iddiaya baxması əsassızdır. İşçi işdən çıxmaq istədəyini və başqa işə keçmək istədiyini və bununla bağlı Dr. Bəxtiyara məlumat verməsini qeyd etməyi isə tamamilə həqiqəti əks etdirmir. İşçi xx.xx.2025-ci il tarixində klinikanın iş nömrəsindən (*** *** ** **) direktor müavini Nümayəndə2 “Bu gün sizinlə işlə bağlı danışmaq istəyirdi, davam edə bilməyəcəyi ilə bağlı” mövzusunda WhatsApp üzərindən mesaj göndərmişdir. Nərmin xanım cavab olaraq niyə sualını soruşduqda danışarıq deyə cavab vermişdir. İşçi ilk öncə Nərmin xanımla danışmış və danışıq zamanı bildirmişdir ki, atasının hər il olduğu kimi bu il də ailəvi istirahət üçün Türkiyəyə iki həftəlik səyahət planladığını və biletləri artıq aldığını qeyd etmişdir. Nərmin xanım isə cavab olaraq onun hələ məzuniyyət hüququnun olmadığını, bundan əlavə olaraq işin necə tənzimlənəcəyini, onu əvəz edəcək əməkdaşın olmadığını soruşduqda isə, işçi atasının onu və işini ciddiyə almadığını bildirmişdir. İşçi daha sonra klinikanın direktoru Bəxtiyar Əliyevlə görüşmüş və bu zaman daha fərqli detallara toxunaraq işdən ayrılma səbəbini göstərmişdir. Bəxtiyar Əliyevə bildirmişdir ki, qardaşı küllü miqdarda narkotik vasitəsinin satışı ilə bağlı həpsdədir və ona 10 il iş verilib. Atası qardaşının 28 may Müstəqillik günü ilə əlaqədar olan amnistiyaya düşməsi üçün yuxarı dövlət qurumlarına rüşvət verib məsələni həll etməyə çalışsa da bu mümkün olmamışdır. Buna görə evdə hamının əhvalı pisdir, kefləri yoxdur və atası 2 həftəlik ailəlikcə istirahət etmək üçün Türkiyəyə bilet alıb aparır ki, əhvalları düzəlsin. Daha sonra qeyd etmişdir ki, tətil pulunun dəyəri burda aldığı əmək haqqının 10 qatıdır. Qeydiyyatçı vəzifəsinin klinika üçün nə qədər əhəmiyyətli olduğunu nəzərə alımnsa, əvəzləyici işçi olmadığı halda belə bir addımın atılması müəssisənin fəaliyyətinə ciddi zərər vura bilər. Buradan belə nəticə çıxır ki, işçinin atası klinikanın çətin vəziyyətdə qalacağını bildiyi halda belə bu qərarı verib. Yeni işçi olmasına, əvəzedicisinin olmamasına və hələ məzuniyyət hüququ yaranmamasına baxmayaraq, Nərmin xanım və Dr. Bəxtiyar ona iki həftəlik icazə verə biləcəklərini bildirmişlər. Lakin əməkdaş bu təklifi qəbul etməmişdir. O, kollektivə qarşı müsbət münasibət bəslədiyini və işləmək istədiyini, lakin evdəkilərin problem yaratması səbəbilə işə gələ bilməyəcəyini qeyd etmişdir. Əlavə olaraq, əsassız şəkildə işə gəlməməyin Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq xitam səbəbi olduğunu bilə-bilə, bunun onun üçün əhəmiyyətsiz olduğunu qeyd etmişdir. Cavab olaraq ona bildirilmişdir ki, işdən çıxmaq istəyirsə ərizə yazmalı (Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsəasən), bu müddət ərzində də yerinə işçi tapılmalı olduğunu və tapılan kimi əmək müqaviləsinə xitam veriləcəyi izah edilmişdir. Bu səbəbdən də qeyd etmək istərdi ki, məhkəmənin bu iddiaya baxması əsassızdır. İşçi İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə çıxmaq niyyətinin olması barədə ilk dəfə bacısı telefon zəngi zamanı Nərmin xanıma məlumat vermişdir və işçinin bu zaman həmin maddədən məlumatı olmuşdur. Həmin ana qədər işçinin bu maddə haqqında heç bir məlumatı yox idi. O, işdən çıxmaq səbəbi kimi yalnız atasının onları Türkiyəyə aparmaq qərarını göstərirdi. İddiaçı fərdi sahibkar X10yla xx.xx.2025-ci il tarixində əmək müqaviləsi bağlamışdır. Bu müqavilədə işçinin iş saatları göstərilməmişdir. Buradan da işçinin sərbəst qrafıkdə işlədiyi görsənir. Qeyd etmək istərdi ki, Əmək Məcəlləsinin 58-ci maddəsi 1-ci bəndinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. 58-ci maddənin 3-cü bəndində isə deyilir, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. İşçi əlavə iş yerində işləməklə bağla bizdən hər hansı razılıq almamışdır. 7 İyul tarixində də digər işəgötürənlə bağladığı əmək müqaviləsi ilə tanış olduğu zaman, işçinin orada əlavə iş yerində işlədiyini görmüşdür və işdən sonra işləməsində heç bir etiraz bildirməmişdir. 4 iyul tarixində 051 *** ** ** nömrəsindən klinikanın direktor müavini Nümayəndə2 iş nömrəsinə İddiaçı yeni iş yerinin rəhbəri olduğunu deyən şəxs zəng etmişdir. Nərmin xanım geri dönüş edəcəyini bildirmişdir. Lakin ailəvi səbəblərdən Nərmin xanım icazə aldığı üçün işdə olmamışdır və gələn zəngi Bəxtiyar Əliyev cavablandırmışdır. 7 iyul tarixində Nərmin xanım 051 *** ** ** nömrəsinə yazaraq əgər İddiaçı orada işdədirsə sənədləri ilə işə gəlməsi üçün icazə verilməsini istəmişdir. İddiaçı 7 iyul saat 17:45 radələrində klinikaya gəlmişdir. Gəldiyi zaman onun hüquqları və yol verdiyi səhvlər izah edilmişdir. İddiaçı bunları bildiyini, lakin işə gəlməyəcəyini, atasıgil ilə xaricə gedəcəyini bildirmişdir. Bildirir ki, ona qarşı qərəzli münasibət göstərəcəklər fikri həqiqəti əks etdirmir və tamamilə əsassız iddiadır. Klinikada heç bir işçiyə qərəzli münasibətdən söz gedə bilməz. 9 iyul 2025-ci il tarixində saat 14:10da “Net Finance” yazılan nömrədən Nərmin xanımın iş nömrəsinə (*** *** ** **) WhatsApp zəngi olunmuşdur (*** *** ** **). Zəngə cavab verilmədiyi üçün Nərmin xanım saat 14:21də həmin nömrəyə geri dönüş etmişdir. Saat 14:26-da adının Elvira olduğunu bildirən şəxs Xədicə xanımı maddə ilə işdən çıxartdığını qeyd etmiş və nə əsasında olduğunu soruşmuş, 75-ci maddə ilə çıxarıldığı və əllərində hansısa bir sübut olmasını və nəyə əsasən bunu etdiklərini soruşmuş və məlumatı ona verilməsini istəmişdir. Xanımın kim olduğunu soruşduqda, mühasib olduğunu qeyd etmişdir. Xanıma heç bir məlumat verməyəcəklərini bildirmişlər. Nəticə olaraq, həmin xanımın kim olduğunu bilmirlər, işçi işdən ayrılmış olsa belə hər hansı məlumat ötürülməsi konfidensiallığı pozmaq deməkdir və buna yol verilə bilinməzdi. İşçi işdən çıxmaqla bağlı yazdığı ərizədə ayrılma səbəbi qeyd etmədiyindən, işəgötürənin onu ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işinə xitam vermək yetkisi vardır. Hər bir işəgötürənin işçi qarşısında onun hüquqlarını təmin etmək öhdəliyi varsa, işçinin də öz vəzifə borcunu ədalətli şəkildə yerinə yetirməyə öhdəliyi vardır. İşçinin digər iş yeri ilə əmək müqaviləsi bağlamasının səbəbi xaricə rahatlıqla getməyi üçün öz ailəsi tərəfindən qurulan böyük bir oyundur. Açığı, bu qədər əsassız iddialardan və yalanlardan sonra İddiaçı nəyi düz, nəyi yalan dediyi böyük sual doğurur. Belə ki, işçinin iddia ərizəsində qeyd etdiyi “Dr. Bəxtiyar mənə hədə-qorxu gələrək ailə üzvlərində bağlı şantaj xarakterli hərəkətlər etməyə başlamışdır. Bu hədə-qorxu altında 1 ay məni həmin müəssisəyə gedib-gəlməyimi tələb etmişdir. Bəlkə də həmin 1 ayı başqa şərtlər altında işə davam etmək istəsəydilər, razı olardım” fikri həqiqəti əks etdirmir. 19 yaşında gənc xanım bu qədər hədə-qorxu və şantaj edilən bir yerə 7 iyul tarixi saat 17:45 radələrində gülə-gülə və tək necə gələ bilər? Necə ola bilər ki, hüquqşünas bacı, bacısının və ailə üzvlərinin bu qədər şantaja, hədə-qorxuya məruz qaldığını bildiyi halda hüquq-mühafizə orqanlarına müraciət etmir və bacısını tək həmin klinikaya göndərir? Buradan da bir daha aydın olunur ki, İddiaçı və ailəsinin müəssisəyə qarşı ciddi qərəzi vardır və imicinə xələl gətirməyə çalışır. Sizdən xahiş edilir ki, iddia ərizəsində qeyd edilən “Dr. Bəxtiyar mənə hədə-qorxu gələrək ailə üzvlərində bağlı şantaj xarakterli hərəkətlər etməyə başlamışdır” cümləsinə əsasən sübutedici materiallar təqdim edilsin. İddialar əsaslı sübutlarla təsdiqlənmədiyi halda, bu kimi fikirlər böhtan xarakteri daşıyır və hüquqi məsuliyyət yaradır. Klinika həm özünün, həm də əməkdaşlarının hüquqlarını qorumağı bacaran bir müəssisədir və onun rəhbərinin adının belə böhtan xarakterli ifadələrdə işlənilməsi qəti şəkildə yolverilməz haldır. 7 İyul tarixində keçirilən görüşün video materi Harından şəkillər Sizə təqdim ediləcəkdir. Əlavə olaraq qeyd etmək istərdi ki, bu görüşün əsas səbəbi işçiyə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxartmaq istəmədiyi, öz əmək kitabçasını və gələcək iş kariyerasını bu maddə ilə kirlətməməsini izah etmək və ona təkrar şans vermək istəməyi idi. Onlar anlayırdı ki, bu atılan addımlar onun öz istəyi ilə deyil ailəsinin istəyi ilə edilir. Buradan da aydın olur ki, bu iddiaya da baxılması tamamən əsassızdır. İşçi bu qədər hədə-qorxu və şantaja baxmayaraq işə bərpa edilmək üçün mediasiyaya müraciət etmişdir. Nəzərə çatdırmaq istərdi ki, klinika xx.xx.2025-ci il-xx.xx.2025-ci il tarixləri də daxil olmaqla 2 həftəlik rəsmi məzuniyyətində olmuşdur. Qarşı tərəf isə mediator ilə görüşü israrlı şəkildə yalnız onların məzuniyyətdə olduğu tarixlərdə istəmişdir. Bu səbəbdən rəhbərləri mediatorun təyin etdiyi vaxtda mediasiya prosesində iştirak edə bilməmişdir. xx.xx.2025-ci il tarixində təqdim etdiyi yeni işəgötürənlə bağladığı əmək müqaviləsində qeyd edilən tarix 2 iyul 2025-ci ildir. İddia ərizəsində qeyd edilən “Daha sonra elə həmin gün ailə üzvlərindən bacım ixtisasca hüquqşünas olduğu üçün onlarla telefon əlaqəsi saxlayıb qanunvericiliyin tələblərinə zidd hərəkət etdiklərini, işçinin hüquqlarını pozduqlarını bildirmiş, bundan sonra isə Bəxtiyar bəy mənə xəbərdarlıq vermiş və onların nömrəsini bacıma verdiyim üçün şəxsi məlumatları 3-cü şəxsə ötürdüyümü iddia edərək özbaşına olaraq barəmdə qərar qəbul etdirmişdir” fikirlərinə əsasən bildirmək istərdi ki, İddiaçı bacısı Nümayəndə1 xx.xx.2025-ci il tarixində klinikanın direktor müavini Nümayəndə2 şəxsi nömrəsinə zəng etmişdir. Telefon danışığında o, bildirmişdir ki, işçi tətilə gedir deyə deyil başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən çıxır və bu səbəbdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə ona xitam verməyə məcburdurlar. Nərmin xanım cavab olaraq bildirmişdir ki, işçi 18 yaşını tamamlamışdır və işlə bağlı məsələlər yalnız onunla müzakirə olunmalıdır. Nərmin xanım insani yanaşaraq direktorun qadağasına baxmayaraq, daxili qaydaları pozaraq işçinin bacısı ilə telefon danışığı aparmışdır. Lakin bacısı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Departementinin rəisi olması və hüquqşünas kimliyindən istifadə edərək danışıq zamanı müəssisəyə qarşı “qanunları əsas götürərək” hədə-qorxu gəlmiş və göstərişlər verməyə çalışmışdır. Cavab olaraq Nərmin xanım müəssisənin qanunları yaxşı bildiyini və göstərişə ehtiyac olmadığını qeyd etmişdir. Qeyd etmək istərdi ki, müəssisədə əmək münasibətlərinə həmişə qanunvericiliyə uyğun şəkildə yanaşılır. Bu iddianında baxılması tamamilə əsassızdır. Bacısının işçi adından danışması hüquqi baxımdan doğru deyildir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə yalnız notariat qaydasında verilmiş etibarnamə əsasında nümayəndəlik hüququ tanına bilər. Beləliklə, bacı hüquqi baxımdan işçi adından danışmaq səlahiyyətinə malik deyil. Əksinə, İddiaçı bacısına müəssisəyə dair konfidensial məlumatlar ötürməklə konfıdensiallıq öhdəliyi pozmuşdur. O, həmçinin əmək funksiyası ilə bağlı vəzifələrini yerinə yetirməmiş və rəhbər şəxsin şəxsi telefon nömrəsini onun icazəsi olmadan üçüncü şəxsə vermişdir. Bu hal həm əmək müqaviləsi, həm də daxili nizam-intizam qaydalarının pozulması deməkdir. Telefon istifadəsi ilə bağlı olaraq da bildirmək istəyir ki, müəssisədə tibb işçilərinin iş sahəsində şəxsi telefonlardan istifadə etməsi qadağandır. İçinin telefon istifadəsinə qadağa qoyulmasının əsas səbəbi direktorla iclas zamanı ona ardıcıl şəkildə ona zəng və mesajların gəlməsi olmuşdur. X8 işçiyə əgər vacib deyilsə, telefonu söndürməyini tapşırmışdır. İşçi isə bacısının zəng etdiyini və vacib olmadığını demişdir. Lakin sonradan kameralardan müşahidə olunmuşdur ki, o, resepsion və koridorda da şəxsi telefonla çox vaxt keçirir, iş zamanı şəxsi telefonundan istifadə edərək ona verilən tapşırıqları vaxtında icra etmir və öz işini düzgün görmürdü. Buna görə telefon istifadəsi işçiyə qadağan edilmişdir. Bir daha qeyd etmək istərdi ki, yazılan iddiaların məhkəmə tərəfindən baxılması əsassızdır. İşçiyə verilən xəbərdarlıqlar tam əsaslı şəkildə verilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. İşçi səhhəti ilə bağlı hər hansı probleminin olduğunu heç bir zaman məlumat verməmişdir. İşçi bütün məsuliyyətsizliyinın və davranışlarının nəticəsi olaraq ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam veriləcəyini bildiyi üçün, ilk öncə bu Məcəllədə öz əksini tapan 69-cu maddənin “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” 3-cü bəndin şamil edək deyə başqa işəgötürənlə əmək müqaviləsi bağlamış, bu addımın da onun xitam maddəsin dəyişdirməyəcəyin anlamış və daha sonra ƏM-nin 79-cu maddənin “Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” 1-ci bəndin tətbiq etməyi üçün qeyri-etik davranışa əl atmışdır. Belə ki, xx.xx.2025-ci il tarixində ƏMAS portalında onun adına 27 nömrəli Şəhər Poliklinikası tərəfindən təqdim olunmuş əmək qabiliyyətsizlik vərəqəsi daxil olmuşdur. Bu sənəddə nə diaqnoz, nə müalicə müddəti, nə də işə başlama tarixi göstərilməmişdir. Bəli, vərəqədə adı qeyd olunan həkim X2 ilə əlaqə saxlanılmış, o, bildirdi ki, xəstə halı pisləşmiş vəziyyətdə poliklinikaya yaxınlaşmışdır. Müayinə zamanı təzyiqinin 90/60 olduğu üçün dərmanlar yazmış və ambulator müalicə üçün evə göndərmişdir. Onlar isə həmin “xəstənin” xx.xx.2025-ci il saat 17:45 radələrində klinikaya yanına gəldiyini və tam sağlam olduğunu və ölkə xaricinə gedəcəyini bildirdilər. Bu zaman o, narahat oldu və etiraf etdi ki, xx.xx.2025-ci il tarixində xəstənin atası ona zəng edərək əmək qabiliyyətsizlik vərəqəsinin açılması istəmişdir, lakin o, bunu rədd etmişdir. Ertəsi gün (xx.xx.2025) həmin xəstənin adı ilə bir xanım poliklinikaya müayinəyə gəlmişdir. Sual olunmuşdur ki, xəstəlik vərəqəsi açdığınız xanımla onun yanında müayinədə olan xanım eyni idimi. O, bildirdi ki, heç bir rəsmi identifikasiya edilmədən ona xəstəlik vərəqəsi açılmışdır. Bu isə həkim məsuliyyəti və etikası baxımından son dərəcə ciddi pozuntudur. 19 yaşında gənc bir şəxsin təzyiq düşməsi diaqnozu ilə dərman yazılaraq evə göndərilməsi, tibbi baxımdan tamamilə qeyri-ciddi yanaşmadır və reallığı əks etdirmir. Bu səbəbdən, həkimə təqdim olunmuş həmin saxta sənədin sistemdən silinməsini, əks halda məsələnin TƏBİB-ə rəsmi şəkildə bildiriləcəyini qeyd etdi. Bundan sonra həkim üzrxahlıq edərək, sənədin sistemdən dərhal silinəcəyi barədə məlumat verdi. Daha sonra baş həkim onlar zəng etmiş və özünün videozəng vasitəsilə pasiyentlə danışdığını və sənədin düzgün olduğunu bildirmişdir. Bu isə vəziyyəti daha da sual altına qoyur. Xüsusilə nəzərə alınsa ki, işçi faktiki olaraq ünvan 1 ünvanında yaşayır və niyəsə öz ərazisinə yaxın səhiyyə müəssisəsinə deyil, təqribən ünvanından 15 km uzaqda yerləşən Binəqədi Poliklinikasına müraciət edir. Həqiqətən də vəziyyəti pis olan bir şəxs niyə təcili yardıma müraciət etmir və niyə yaşadığı ərazi üzrə yaxın olan səhiyyə müəssisəsinə deyil, uzaq bir poliklinikaya gedir? Əgər pasiyentlər sadəcə telefon zəngi vasitəsilə “müayinə olunur”, diaqnoz qoyulur və müalicə təyin olunursa, bu halda X12 və xəstəxanalar nə üçün lazımdır? Bu suallar cavabsız qalır və hadisənin arxasında xoş olmayan niyyətin dayandığını göstərir. Buradanda aydın olur ki, yuxarıda göstərilən hallar aşağıdakı ciddi pozuntulara dəlalət edir: həkim tərəfindən pasiyentin real müayinəsi aparılmadan əmək qabiliyyətsizlik vərəqəsinin açılması, pasiyentin şəxsiyyətinin rəsmi şəkildə eyniləşdirilməməsi, ƏMAS sisteminə həqiqəti əks etdirməyən sənədin daxil edilməsi, səhiyyə sisteminə və işəgötürənə qarşı etimadın sarsıdılması, bütün yazılanlardan görsənən odur ki, 27 nömrəli Şəhər Poliklinikasının həkimi və baş həkimi öncədən əlbir olaraq onlara məlum olmayan hansısa şəxsi səbəbdən və qeyri-qanuni əsaslarla, faktiki olaraq pasiyenti olmayan, sadəcə qeydiyyat ünvanı Binəqədi rayonu, 6-cı mikrorayon olan İddiaçı işdən yayınması məqsədilə ona əsassız şəkildə əmək qabiliyyətsizlik vərəqəsi tərtib etmişlər. Bu səbəbdən də işçi əsassız olaraq işdən yayındırılmışdır (bu məsələ ilə bağlı TƏBİB-ə müraciət edilmiş və məsələ tam araşdırılmadan sənədin doğru olduğunu qeyd edən cavab məktubu alınmışdır). Əgər, işçinin xəstəliyi ilə bağlı faktiki sübutlar varsa, onlara təqdim edilməsini xahiş etmişdir. 27 saylı poliklinika baş həkimi və həkimi ilə apardığı bütün danışıqlar necə olur ki, detallı şəkildə orada “xəstə olduğu üçün xəstəlik vərəqəsi açılan pasiyentə” ötürülür? Buradan da aydın olur ki, yuxarıda qeyd etdikləri hər bir cümlə həqiqəti əks etdirir. Onlar işçiyə 8 iyul tarixində onun 5 iyul və 7 iyul tarixlərində işə gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişlər. Sistemə daxil olan bildirişin əsaslı olmadığı göründüyü üçün burada hər hansı qanunsuz hərəkət etdiklərini düşünmürlər. Çünki daha öncədən kağız vərəqdə göstərilən məlumatların heç birinin həmin bildirişdə olmadığı açıq-aşkar görünürdü. İşçiyə xitam verildikdən 3 gün sonra ƏMAS-a belə bir bildiriş daxil oldu. “Əməkdaşınıza xx.xx.2025 tarixində 27 nömrəli Şəhər Poliklinikası tərəfindən açılmış XV0001NSP nömrəli xəstəlik vərəqəsi imzalanmışdır. Tam adı: İddiaçı”. Bildirişin imzalanma tarixi və saatı: xx.xx.2025, 14:48:02. Həmin imzalanan xəstəlik vərəqəsində görünür ki, işçi 08-10 iyul tarixlərində bülletendədir və 11 iyuldan işə başlayacaqdır. Əgər bu sənəd düzgündürsə, niyə 08 iyul tarixində bu məlumatlar göstərilərək imzalanıb sistemə yüklənmir? Nəyə görə işçiyə xitam verildikdən sonra bu sənəd imzalanır və sistemə daxil edilir? Əgər işçiyə xitam veriləydi belə, işçi 11 iyul tarixində saat 10:00-da işdə olmalı olduğu halda bülletendə nə vaxt işə başlayacağı göstərilmədən, necə işçinin işə başlamağına razılıq verilə bilərdi? Bəlkə bu da işçinin oyunu idi? İşçiyə xitam verilməsəydi, həmin bülleten əsassız şəkildə uzadıldıqca uzadılacaqdı. Bəs bu zaman işəgötürənin işdə rastlaşdığı çətinliklər necə olacaqdı? Bu səbəbdən xahiş edilmişdir ki, işçinin müalicəsi ilə bağlı faktlar təqdim edilsin (həkimin yazdığı resept, istifadə edilən dərmanların şəkli və alış qəbzləri, sistem qoşulan zaman fotoşəkil, xidmət göstərən tibb bacısının şahid qismində iştirak etməsi və s.). İddiaçı sənədləri təqdim edərkən, sistemdə olan 8 İyul tarixli bildirişi deyil, yalnız 11 iyul tarixində imzalanmış bildirişi yükləmişdir. Buradan da görsənir ki, iddiaçı məlumatların gizlədilməsinə yol verir. İddiaçı əmək müqaviləsi bağladığı digər iş yerindən müvafiq aylar üzrə olan (iyul, avqust, sentyabr) uçot tabeli, işçiyə əmək haqqı verilməsi üçün hesablama aparılan əmək haqqı cədvəli, işçiyə ödənən əmək haqqı ödənişlərinin bank çıxarışlarını əks etdirən bütün sənədlərin sistemə yüklənməsini tələb edilməlidir. Bu zaman işçinin həqiqətən orada işləyib-işləmədiyi və xəstəlik vərəqəsində göstərilən tarixlərdə işə gedibgetməməsi öz əksini tapacaqdır. Klinikada heç bir işçiyə qarşı qərəzli yanaşma və ya təzyiq göstərilmir. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir işçiyə eyni davranılır, heç bir cinsi, irqi və s. ayrı-seçkililiklər edilib fərq qoyulmur. Hər bir işçinin öz vəzifə öhdəliyi var və bu zaman hər bir işçi öz işinin tələblərinə əməl etməyə borcludur. İşçi İddiaçı xx.xx.2025-ci il tarixində klinika barəsində X4 şikayət etmiş və məsələ müffətişlər tərəfindən araşdırılmaya başlanmışdır. Detallı araşdırma zamanı bütün sənədlər tək-tək yoxlanılmış və yalnız bir nöqsan aşkarlanmışdır. İşçiyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi əmək funksiyasını və əmək müaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsində heç bir xətaya yol verilməmişdir. Lakin, işçiyə xəstəlik vərəqəsi açıldığı gün xitam verdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci bəndinə əsasən şərti olaraq 1500 AZN məbləğində cərimə tətbiq edildi. İşəgötürən və işçi arasında olan məsələlərə şəffaf və qərəzsiz şəkildə baxan, bütün məsələləri detallı analiz edib, qərar verən aidiyyatı quruma, yəni DƏMX-nə bu məsələ ilə bağlı sorğu göndərilməli və onların rəyi alınmalıdır. Bununla da məhkəmənin bu iddiaya baxmasının əsassız olduğu təkrar anlaşılacaqdır. Müəssisə hər zaman danışıqları üstün tutmuş, məsələlərin isə qanuni və sivil qaydada həll olunmasını seçmişdir. Yuxarıda təqdim edilən faktlardan da aydın görünür ki, tərəflərindən qanuna zidd heç bir hərəkətə yol verilməmişdir. Buna görə də onlara qarşı əsassız şəkildə qaldırılmış iddiaların təmin edilməməsini, ünvanlanan böhtan xarakterli ifadələrə və müəssisənin imicinə dəymiş zərərlərə görə İddiaçı 5000 (beş min) AZN məbləğində təzminat ödəməsinə qərar verilməsini xahiş etmişdir. Eyni zamanda, işçinin müəssisəyə gələrək üzr istəməsindən sonra onun işə bərpası təmin ediləcək və bu zaman 6X/25 nömrəli əmr ləğv olunacaqdır. İşçinin 1 ay işləməsindən sonra onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə xitam veriləcək və heç bir təzminat tələbi olmayacaqdır. Yuxarıda sadalananlardan və iddia ərizəsi ilə birlikdə sistemə yüklənmiş sənədlərdən də göründüyü kimi, iddiaçının əsas arqumentləri və irəli sürdüyü iddiaların heç biri sübutlarla təsdiqlənməmişdir və şəxsi fərziyyələridir. Yüklənmiş sənədlər yalnız işdən ayrıldıqdan sonra ƏMAS sistemindən əldə olunan sənədlərdir və işçinin iddia etdiyi hallar üçün hüquqi dəlil təşkil etmir. İddiaçı tərəfindən irəli sürülən ittihamlar (hədəqorxu, ailə üzvləri ilə bağlı şantaj, iş saatından artıq işlədilmə və s.) ciddi xarakter daşımasına baxmayaraq, onların heç biridə təqdim edilməmişdir. Əksinə, təqdim olunan faktlar və uçot sənədləri göstərir ki, işçi əmək funksiyalarını icra etməmiş, dəfələrlə işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi əmək funksiyasım və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ vardır. Bu norma tam şəkildə tətbiq olunmuş, işçinin hüquqları isə pozulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097-ci maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurulması halında, böhtan xarakterli ifadələrə görə təzminat tələb etmək hüququ mövcuddur. İddiaçının əsassız və sübutsuz ittihamları müəssisənin imicinə xələl gətirmiş, rəhbərin işgüzar nüfuzuna ciddi zərər vurmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5981/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadına əsasən “əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndində qeyd olunan əsaslarla xitam verilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, artıq bir neçə dəfə ona hədə-qorxu gəlindikdən sonra bacısına məlumat vermişdir. Bacısı da qarşı tərəfə zəng etdi ki, qeyd edilən maddə ilə onu işdən çıxarmaları qanunsuzdur. İşdə heç bir qanunsuz hərəkət etməmiş, sadəcə olaraq işdən çıxmaq istəmişdir. Ərizəsini verəndən sonra ona töhmətlər verilib, töhmətləri iyulun 1-dən 7-nə kimidir. Əgər hər hansı qanunsuzluq etsəydi, əvvəlki tarixlərdə bu töhmət verilə bilərdi. Əlinə telefon alanda gəlib telefonla oynamağın qadağan edilməsi barədə deyəndə, nahar vaxtı yemək yeməyə icazə verməyəndə o, artıq sıxılmağa başlamışdır. Bacısı onlara zəng etdi, ondan sonra onu təşvişlə çağırdılar, düşündü ki, artıq şeylər ola bilər, ona görə də onların səslərini yazdı. Səs yazısında ona hədə qorxu gəlmələri, işdən saat 7-dən sonra da saxladıb işlətmələri barədə ətraflı səsləri var, amma bu səsləri yazmağı barədə məlumatları olmamışdır. Onun işdən çıxma ərizəsi iki dəfə olmuşdur, yəni işdən çıxma səbəbini bildirmişdir. Amma ərizənin birini qeydiyyata almayıblar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, işəgötürən tərəfindən əsassız olaraq Əmək Məcəlləsinin birbaşa pozularaq işçinin əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilmişdir. Bu əsaslarla xitam verilməsinin aradan qaldırılmasını istəyirlər. Çünki əsassız olaraq verilib, 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi üçün 72-ci bənddə olan bütün əsaslardan ən azı biri öz əksini tapmalıdır. Həmçinin 8 iyulda İddiaçı xəstə olduğu, bülletendə olduğu vaxt ərzində axşam saatlarında onun əmək müqaviləsinə xitam verilmişdir. Sadəcə aqressiya ilə, 1 ay müddət gözlənilmədən xitam verilmişdir. Kifayət qədər sübut var, ərizəni verdiyi gün töhmət veriblər. SMM, instaqram proqramının istifadəsi Xədicədə olduğu halda söz deyilir. Onlara belə etməklərinin düz olmadığını bildirmişdir. Bacısına izah etmiş ki, onlar belə etməkdə haqsızdırlar, başqa iş tapmışdır, səbəb odur ki, şərtlər ona uyğun deyildir. O, saat 10-dan 7-yədək işləməli olduğu halda saat 9-dan 9-a işləyib. Bir ay belə işlədi, artıq 2-ci ay çıxmaq istədi. Qiyabi təhsil aldığı üçün yay sessiyası başlamışdı, onlar bilirdilər və nəzərə alacağını demişdilər. Bir ay ərzində iş şəraitini bilməmişlər. Xədicəyə hüquqlarını izah etmiş və səlahiyyətli şəxs kimi zaldakı xanımla əlaqə saxlayıb onlara da əmək müqaviləsinə 69-cu maddənin 3-cü bəndi ilə xitam verilməsini istədiklərini demişlər. Bir ay müddət gözləyərdilər, amma təzyiqlər başladı. Sistemdə də var, 1 iyul tarixində ərizə təqdim edildiyi halda töhmət tətbiq olunub. Bu maddə ilə xitam verilməsi üçün çox əsas olmalıdır. Bacısı çox sakit olduğu üçün üstünə gediblər. Bacısı işdən çıxmaq istəyir, başqa səbəb göstərir, müqavilə göstərir, amma işdən çıxa bilmir. Bu şərtlərlə işləmək istəmir, müqaviləyə xitam versinlər ki, əsas iş yerinə keçsin. Bir ay müddəti ona görə gözləyə bilmədilər ki, birdən dolabına nəsə qoyub oğru adı ilə çıxara bilərdilər, onlara güvənə bilməzdilər. Yoxsa bir ayı gözləmək çox da çətin deyildi. Bəxtiyar bəy işdə olub, o hissələri görüb-görmədiyini bilmir, amma zaldakı Nərmin xanım görüb. Xədicənin səhhətində problemlər var, rejimsizliklə bağlı təzyiqində, ürək bulanmasında ciddi narahatlıqları olur. Deyiblər ki, nahar vaxtı işləsin, nahardan sonra Xədicə bu barədə ona məlumat vermişdir. Nahardan sonra yemək yemək istəyib, icazə verməyiblər, halbuki belə bir şey heç bir yerdə yoxdur. Sadəcə olaraq qərəzli hərəkət edirlər. Bacısı resepşnda qeydiyytatçı kimi işləyib. İşə götürəndə çox şərtlər demişdilər, hətta onu evinə qədər aparıb qoyacaqlarını da demişdilər. Bacısı Nərmin xanımın əsəbləşəcəyini demişdir. Pul onun əlində olurmuş, axşam hesabat verməli imiş, amma hesabat vaxtı durub söhbət edirlər. Xədicəyə bacısının ora gəlməməli olduğunu deyiblər, belə işləmək olmazmış, yoxsa işləməsin deyiblər. Xədicə işləmək istəmir də, niyə bir ay onlara məcbur qalmalıdır axı. Əgər məqsəd kömək məqsədi olsaydı ki, xahiş etsəydilər ki, işçi tapanacan gözləsin, gözləyərdi. Əsas sübut odur ki, ərizəni verdiyi gündən töhmət veriblər. O, instaqram proqramını istifadə edirsə, internetdən, telefondan necə istifadə etməsin, həm də ki, özləri bunu təklif edib. Bu sözü onlara deyəndə internetin parolunu dəyişdilər və bütün işçilərə bildiriblər ki, telefon işlətmək olmaz. Əgər o davamlı olaraq 20 gün daha orda qalsaydı bu iş əmindir ki, korrupsiyaya qədər gedib çıxardı. Bu barədə evdə də çox söz-söhbət oldu. Bir dəfə 6-cı gün Xədicənin halı pis oldu qonşu həkim ona gəlib baxdı. Qeydiyyatda olduğu üçün orada xəstəxanaya gedəndə cavabdeh tərəf aləmi bir-birinə qatmışdı, halbuki onların öz işlərini yoxlayan lazımdır. Mediasiyada qarşı tərəf iştirak etməmişdi. Konstitusiya Məhkəməsinin 2021-ci il tarixli Plenum qərarı vardır ki, əgər mübahisə yaşayan tərəflər arasında səs yazısı varsa və gələcəkdə bu mübahisə predmeti olarsa, o səsi qanunsuz yolla yazılmış səs yazısı hesab etmək olmaz qarşı tərəfin məlumatı yoxdursa belə. O, Əmək Müfəttişliyinə dəfələrlə yığıb. Xədicəyə deyiblər ki, bacın deyib əlində əsas yoxdur, Nərmin xanımın nömrəsini verdiyinə görə onu 72-ci maddənin “d” bəndi ilə işdən çıxaracaqlar, guya o dövlət sirri ilə qorunan məlumatı yayıb. Qarşı tərəf ancaq sübut istəyir, təqdim etsələr də qəbul etmir, məhkəmə şans da tanımışdı, amma heç bir kamera görüntüləri, səs yazıları da təqdim etmədilər. Onların orada barmaq izini götürən aparatları var, təqdim edə bilərdirlər. Xədicənin işdən çıxmasının səbəbini qeyd etdiyi ikinci ərizə də var idi ki, hazırda əlində qalmayıb, amma cavabdehin məlumatı var idi. Hətta portalda görəndə niyə digər ərizəni götürdükləri barədə düşündü. Amma Xədicə saf olduğundan ikisini də təqdim edib, birincini cırıb atmayıb. Əgər problem işə gəlməmək idisə, ayın 8-i bülleteni görəndən sonra bu qədər məktubu çıxarmaq yerinə gəlməməklə bağlı töhmət verə bilərdilər, inzbati akt qəbul edə bilərdirlər, amma işdən çıxarıblar, bəlkə, elə o inzbati aktı mübahisələndirəcəkdi. Ayın 5-i və 7-i Xədicənin işə getmədiyini elə onlar özləri etiraf etmişdilər. Ayın 7-i Xədicə işə getməmişdi, həmin gün xitam verə bilərdilər də. Keçən dəfə cavabdeh tərəf ayın 5-i verdiyi sənəd barədə demişdi, indi o sənədi təqdim etsin. Onlarda gəlməməklə bağlı aktlar olmayıb. Həmçinin bir şahid var, o, şahidə gəlib imzalamasını demişdi, gedib onun işçisi olmasını deməmişdi. Nərmin xanım dəfələrlə yazışmada qeyd edib. Və müqavilə istəyəndə məcbur olublar ki, əlavə iş yeri kimi qeyd etsinlər, çünki əsas iş yeri klinikadır. Onlara deyilmişdir ki, onların xitamını gözləyirlər, digər iş yerinə əsas iş yeri kimi keçəcək. Yəni məqsədləri digər iş yerinə əlavə iş yeri kimi keçmək deyildi. Heç orda saat belə yoxdur. Ayın 5-i və 7-si sistemə yüklənən aktlar barədə deyir, amma sistemə yüklənməyib. Bülletenə münasibəti sistemdən bildirən adam işə gəlməmək barədə də rəsmi yaza bilərdi. Sadəcə cavabdeh prinsip aparır. Odur ki, iddia tələbini tam müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi, etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı özü də etiraf edib ki, onların səsinizi gizlicə yazıb. Xədicə xanımın Əmək Məcəlləsinin 72-ci maddənin “d” bəndi ilə işdən çıxara biləcəyini demişlər, çünki o maddədə nəzərdə tutulan sirri yayıb, əmək müqaviləsində də bu barədə qeyd yazılmışdır. Əmək Məcəlləsinin 10-cu maddədə bunlar qeyd olunub, işçi Əmək Məcəlləsinin vəzifələrini keyfiyyətlə yerinə yetirməlidir, Xədicə xanım da onunla tanış olub imzalayıb. Bütün personalın klinkanın adına iş nömrələri vardır, həmçinin Nərmin xanımın öz şəxsi nömrəsi vardır ki, heç vaxt şəxsi nömrəni iş məqsədilə istifadə etmirlər və kənar şəxslərə də vermirlər, daxili sirr sayılır, onu kimsə işə götürə bilər, başqa niyyətlə yığa bilər ki, nömrəsi işəgötürən tərəfindən qorunur. Müəssisədə işləyən zaman işçinin şəxsi nömrəsi ona bəlli olsa belə, kiməsə ondan icazəsiz olaraq verilə bilməz. Kiməsə şillə-yumruqla əmək müqaviləsi imzalatmamışdır. Bacısı onun qəyyumu deyil, heç bir iş görüşmələrində olmayıb, etibarnaməsini də görməmiş, xanımın bacısını tanımır. Telefonun başından ağıl öyrədir, onunla danışmaq istəmirdi. Ayın 8-i işə gələndə Nərmin xanımdan Xədicə xanım işə gəlmədiyini öyrəndi, işdən çıxarma əmrini ayın 8-i səhər saat 11-də yazmışdır. ƏMAS sistemindən çıxarışları təqdim edir, orada bildirişlərin tarix və saatları var. İlk bülleten 8 iyulda saat 2-yə 13 dəqiqə qalmış gəlib, amma orada bülleten açılıb yox, bülleten bildiriş açılıb deyilir. Bülleten ayın 11-i saat 3-də imzalanmışdır. İşdən çıxarma ərizəsi də səhər saat 11-də sistemə yüklənmişdir. Ona görə də Nərmin xanım elə hesablayıb. ƏMAS sistemində təkcə səbəb hissəsi əllə doldurulmuşdur. Qalan hissələri avtomatik sistem özü verir. Bunu sonra öz blankında çıxarır. SİMA-da hüquqi şəxslərin imzalaması təzəlikcə gəlib, yayda hüquqi şəxslərin imzalaması yox idi. X6 gedəndə kağız gətirməsi deyirlər, amma onlara özlərinin sistem üzrə işlədiyini demişlər, yəni belə şeylər var. Onun şahidləri Xədicə xanımın işə 5-i və 7-ci gəlmədiyi barədə ifadə vermək üçün gəlmişdilər. Aktı imzalayanlar gəlib şahidlik etsin, amma iddiaçı tərəf özü etiraf edirsə, şahidlərə ehtiyac yoxdur. İddiaçı tərəfin gətirdiyi şahidə etiraz edərək, onun verəcəyi ifadənin xanımın iddia ərizəsinə və onun verdiyi əmrə aidiyyəti olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi, etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirmişdir ki, Xədicə xanıma ƏM-nin tələblərinə uyğun iş dəvəti olunmuşdu. İşlə bağlı elan yerləşdirmişdir, 2025-ci ilin təxminən iyul ayının əvvəlləri olardı. Elanla bağlı Xədicə xanım müraciət etdi, Xədicə xanımla danışıldı, işə götürüldü, o digər iş müəssisəsində işlədiyini və çıxmaq üzrə olduğunu demişdi. Xədicə xanımın işdən çıxışının tezləşdirməyə uyğun olaraq cavabdehin nümayəndəsinə müraciət etmişdir. Əmək Məcəlləsinə uyğun olaraq iş təklifi gəlirsə, bir iş günü ərzində işçi oranı tərk etməlidir. Onunla bağlı bir az xoşagəlməz mübahisə olmuşdu. Zaldakı xanıma müraciət olundu, o cavab vermədi, sonra birbaşa bəyə müraciət olundu, bildirildi ki, xanım orada işdən azad olunmalıdır, çünki o, Xədicəni öz müəssisəsinə dəvət edir. Mübahisə olunla bağlı idi ki, bəy xanımı işdən çıxarmaq istəmirdi, o, da öz müəssisəsinə əməkdaş istəyirdi. Mehmanxanada daim işçiyə ehtiyac var, onunla əlaqədar sonra xanım yarımştat işə götürüldü. Xanımın bu işdən çıxma ilə bağlı əmri yox idi, onun iş yerinin əmri mühasibatlıq tərəfindən göndərilmişdi, orada əsas iş yeri olaraq, burda da yarımştat olaraq işləyə bilərdi. Onda iş saatları yarımştat olaraq saat 9-dan 2-yə olmaqla qeyd edilib, digər müəssisədə həmin saatlarda iş vaxtının olmasının artıq ona aidiyyəti yoxdur. Cavabdehin nümayəndələrinə iş saatları barədə məlumat verilmişdi. Ona telefonda bəy bildirmişdi ki, xanımın işdən çıxarılma prosesi daha da tezləşdiriləcək, xanım burada rahatlıqla işləyə biləcəkdi, amma onun işdən çıxarılma əmri hələ yox idi. Xanım reallıqda işlədiyi müəssisəni artıq tərk etmişdi. O, Xədicəni əsas iş yeri kimi işə götürmək istəyirdi. Dediyi kimi o, digər müəssisəyə hörmətsizlik kimi o saatları qeyd etməmiş, sadəcə xanım onun yanında işləməsi üçün müəssisəyə müraciət etmiş və onlar müraciətinə baxıb xanımı bir iş günü ərzində işdən azad etməlidirlər. O, dəvət edirsə və Xədicə də dəvəti qəbul edirsə, artıq orda işdən çıxmalıdır, bu reallıqdır. Həmin saatlarda işə götürmək məsələsi digər müəssisəylə danışdıqdan sonra qəbul olundu. Digər müəssisə ilə yazışma da, telefon danışığı da olub. Bəylə danışanda o bildirmişdi ki, Xədicə xanım oranı tərk edəcək. Ona Xədicənin işdən çıxarılması ilə bağlı əmr verilməyib, o, görməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - vətəndaş İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı həmin MMC-də əsas iş yeri kimi aylıq 418 manat məbləğində əmək haqqı ödənilməsi şərti ilə qeydiyyatçı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İş vaxtı saat 10.00-da başlanır, saat 19.00-da qurtarır. Nahar vaxtı 13.00-15.00-dəkdir. İş rejimi 6 günlükdür. - xx.xx.2025-ci il tarixli müəssisədaxili əmrlər haqqında 1/25 nömrəli əmrdən görünür ki, 06, 16 və 26 iyun klinikada qısa iş günü hesab edilmiş, həmin tarixlərdə qeydiyyatçı İddiaçı də işə çıxması əmr edilmişdir. - xx.xx.2025-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin ləğv edilməsini işəgötürən Cavabdehndən xahiş etmişdir. Həmin ərizədən görünür ki, işəgötürənin “ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Bu müddət ərzində işçinin yerinə əvəz edəcək işçi tapılan kimi əmək müqaviləsinə xitam verilməsini təsdiqləyirəm” məzmunda qeydi vardır. - xx.xx.2025-cı il tarxili xəbərdarlıq məktubundan görünür ki, İddiaçı klinikanın rəhbər heyət üzvünün (direktor müavininin) mobil nömrəsi onun icazəsi olmadan üçüncü şəxsə təqdim olunmuşdur. Bununla yanaşı, işəgötürənlə işçi arasında olan xidmət xarakterli məlumatların da üçüncü şəxsə ötürüldüyü aşkar edilmişdir. Bu hallar: Əmək Məcəlləsinin 186-cı maddəsinə (məxfi məlumatların qorunması), iş yerində etik davranış və konfidensiallıq prinsiplərinə ziddir. Bu hərəkətiniz nəticəsində klinika daxilində iş etimadına zərər dəymişdir və gələcəkdə daha ciddi hüquqi nəticələrə səbəb ola bilər. Bu səbəbdən ona rəsmi xəbərdarlıq edilir və xəbərdarlığın təkrar baş verdiyi təqdirdə əmək müqaviləsinin ləğvi və hüquqi tədbirlər görüləcəyi bildirilməklə nəzərinə çatdırılmışdır. - xx.xx.2025-ci il tarixli 2/25 nömrəli əmrdən görünür ki, iş intizamının və iş prosesinin səmərələliyinin artırılması məqsədilə, İddiaçı tərəfindən iş vaxtı ərzində şəxsi mobil telefondan hədsiz dərəcədə istifadə halları müşahidə edilmişdir. Bu səbəbdən də işçi İddiaçı iş saatları ərzində (fasilə vaxtları istisna olmaqla) şəxsi mobil telefondan istifadə etməsi qadağan edilməsi, əməkdaşın bu barədə rəsmi şəkildə yazılı məlumatlandırılması əmr edilmişdir. Bu əmr əmək intizamının pozulması hallarının qarşısının alınması məqsədi daşıyır və gələcəkdə bu tələbin pozulması intizam məsuliyyəti ilə nəticələnəcəkdir. - vətəndaş İddiaçı ilə fərdi sahibkar X10 arasında xx.xx.2025-ci il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı əlavə iş yeri kimi aylıq 212.57 manat məbləğində əmək haqqı ödənilməsi şərti ilə qeydiyyatçı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, işçi İddiaçı direktorun və direktor müavininin icazəsi olmadan iş yerindən uzaqlaşıb marketə getdiyi üçün (saat 15:37-də iş nömrəsindən +**********07 direktor müavininə “marketə yemək almağa çıxıram” mesajın göndərmisiniz) və əmək müqaviləsində göstərilən nahar saatlarında (13:00-15:00) deyil, iş vaxtında - saat 15:50-16:10 aralığında yemək fasiləsi etdiyi üçün sonuncu xəbərdarlıq təqdim olunur. Nəzərinə çatdırılmışdır ki, əgər nahar saatında işləməyi seçib nahar saatından kənar vaxtda yemək yemək istəyirsə, bu barədə işəgötürənə yazılı məlumat verməlidir. -xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, qeydiyyatçı İddiaçı iş günü olmasına baxmayaraq işə gəlməmişdir. -xx.xx.2025-ci il tarixli xidmət üçün müraciətlə bağlı bildirişdən görünür ki, işçi İddiaçı xx.xx.2025-ci il tarixində Cavabdeh klinikasının rəsmi WhatsApp nömrəsi vasitəsilə ona işə çıxmağı barədə xəbərdarlıq edilmişdir. Lakin o həmin tarixdə işə çıxmaqdan imtina etmiş və əsas olaraq xx.xx.2025 tarixində işdən çıxarılmamağı üçün verdiyi ərizəyə istinad etmişdir. Ona xx.xx.2025-ci il tarixində yazdığı ərizənin üstü yazılı halda şəkli göndərilməsinə baxmayaraq (orada xitam tarixi xx.xx.2025 göstərilmişdir) heç bir halda geri dönüş etməmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixində özünü onun yeni iş yerinin rəhbəri kimi təqdim edən Elnur bəy tərəfindən onlara zəng edilmiş və onun xx.xx.2025 tarixindən etibarən həmin müəssisədə fəaliyyətə başlayacağı bildirilib. Bu gün səhər saatlarında onun yeni iş yeri ilə WhatsApp üzərindən əlaqə saxlanılmış və əgər orada işə başlamışsa, ona klinikada təhvil-təslim prosesini həyata keçirmək üçün icazə verilməsi və onunla bağlanılmış əmək müqaviləsinin təqdim olunması xahiş edilmişdir (onlar hər hansı gələn telefon zəngi ilə işçinin başqa işəgötürənlə müqavilə bağladığına əmin ola bilməzlər, bu səbəbdən əmək müqaviləsinin təqdim olunmasını istəməsi tam qanunauyğundur və qeyd edir ki, ƏMAS portalı üzərindən onun başqa bir işəgötürənlə əmək müqaviləsi bağladığı görünmür). Qarşı tərəf isə cavab olaraq onun sabah işə yaxınlaşacağını bildirmişdir. Halbuki bu gün yeni iş yerində işə başlamadığı halda, əsas iş yeri olan Cavabdeh klinikasına da gəlməmişdir. Hazırkı vaxta qədər də tərəfindən heç bir məlumat təqdim olunmamışdır. Klinika rəhbəri olaraq ona işə gəlməyə və təhvil-təslim prosesini rəsmi qaydada həyata keçirməyə çağırırlar. -xx.xx.2025-ci il tarixli xidmət üçün müraciətlə bağlı bildirişdən görünür ki, işçi İddiaçı çox saylı müraciətlərindən sonra dünən saat 17:35-də klinikaya yaxınlaşdı. Onunla klinikanın rəhbərliyi birlikdə görüşdü. Görüş zamanı 5-7 iyul tarixlərində işə gəlməməsinin səbəbləri soruşuldu, üzürlü bir səbəb varsa bildirməyi istənildi. Lakin o, üzürlü səbəb olmadığını, yeni iş yerində işdə olduğunu bildirdi və günlərdir ondan istənilən əmək müqaviləsini təqdim etdi. Bu zaman ona bildirildi ki, "ƏM-nin 58-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır" və davamında deyildi, "ƏM-nin 58-ci maddəsinin 3-cü bəndinə əsasən iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir". 2 iyul tarixində X10 ilə bağladığı əmək müqaviləsinin 2.21-ci bəndində iş vaxtının rejimi həftədə 20 saatdan çox olmamaq şərti ilə qeyd edilmiş və işlədiyi iş saatları göstərilməmişdir. Bu səbəbdən "xxxx" MMC rəhbərliyinin razılığı olmadan o əsas iş yerində qeyd olunan iş saatları ərzində (10:00-19:00) əlavə iş yerində işləyə bilməz. Dəfələrlə ona həm şifahi, həm də yazılı şəkildə xəbərdarlıqlar və məlumatlar verilməsinə baxmayaraq, əmək funksiyalarına məsuliyyətsiz yanaşmış, ƏM-nin 186-cı maddəsinin tələblərini pozmağa davam etmişdir. Bu səbəbdən bu gün gün sonuna qədər iş yerinə gəlməsi və işini icra etməsi tələb edilir. Əks halda, əmək funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiyi üçün əmək münasibətlərinə ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi prosesi başlanacaqdır. - 27 nömrəli Şəhər Poliklinikası tərəfindən açılmış XV0001NSP nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək funksiyalarının icrasından azad edilmişdir. İşə başlama tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində X3 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:47-də əməkdaş İddiaçı 27 nömrəli Şəhər Poliklinikası tərəfindən xəstəlik vərəqəsinin açılması barədə bildiriş göndərilmişdir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 6X/25 nömrəli əmrdən görünür ki, Cavabdeh bölməsində "Qeydiyyatçı" vəzifəsində işləyən İddiaçı Əbülfət qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən işçinin işə gəldiyi zaman əmək funksiyalarını düzgün icra etməməsi və son 3 iş günü ərzində üzürlü səbəb olmadan ardıcıl olaraq işə gəlməməsi səbəbindən xx.xx.2025-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 5 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində X3 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:48-də əməkdaş İddiaçı 27 nömrəli Şəhər Poliklinikası tərəfindən açılmış XV0001NSP nömrəli xəstəlik vərəqəsi imzalanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-5/1-70776/2025 nömrəli müraciətinə baxılmışdır. Nəzərə çatdırılır ki, vətəndaş İddiaçı müraciətində əmək müqaviləsində qeyd olunmuş iş saatlarından artıq müddətdə və bayram günlərində əmək fəaliyyətinə cəlb olunduğu, əlavə iş saatlarına görə ödəniş ödənilmədiyindən şikayət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən vətəndaş İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Araşdırma zamanı xx.xx.2025-ci il tarixli 3-17-5/2-60425/2025 nömrəli məktubla müraciət olunaraq vətəndaşa aid olan sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta məsuliyyətinin nəzərdə tutulduğu barədə məlumatlandırılmışdır. Təqdim olunan sənədlərdən vətəndaş İddiaçı əmək müqaviləsinə əmək qabiliyyətinin olmaması vərəqəsinin olmasına baxmayaraq xitam verildiyi müəyyən edilmiş və bununla əlaqədar müəssisənin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müraciətində əmək müqaviləsində qeyd olunmuş iş saatlarından artıq müddətdə və bayram günlərində əmək fəaliyyətinə cəlb olunduğu, əlavə iş saatlarına görə ödəniş ödənilmədiyindən şikayət etsə də, müəssisə tərəfindən təqdim olunan sənədlərə baxış zamanı onun 6 iyun 2025-ci il, 16 iyun 2025-ci il və 26 iyun 2025-ci il tarixlərdə artıq iş saatlarına cəlb olunsa da, 3 gün üzrə ona 59.71 manat əmək haqqı və artıq iş saatlarına cəlb olunmaqla bağlı 3 günlük əmək haqqının 2 misli miqdarında 119.42 manat hesablanaraq son haqq-hesab olaraq ödənildiyi müəyyən olunmuşdur. Həmçinin, müəssisə tərəfindən təqdim olunan sənədlərdən əmək müqaviləsinə əmək qabiliyyətinin olmaması vərəqəsinin olmasına baxmayaraq xitam verildiyi müəyyən edilmiş və bununla əlaqədar müəssisənin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ******* nömrəli, xx.xx.2025-ci tarixli qərarı ilə vətəndaş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə işçinin xətəlik vərəqəsinin olmasına baxmayaraq İddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozularaq həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyi məlum olmuş, nəticədə Cavabdeh direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli MŞB/11/2025-01163 nömrəli arayışdan görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində göstərilən əsaslarla xitam verilməsi barədə əmrin ləğv edilməsi və sair tələblər üzrə ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 60 manat mediasiya xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh 6X/25 saylı, xx.xx.2025-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı və 79-cu maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

79. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.

70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

74. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda.

290. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixində əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə əsasən iddiaçının 6 günlük iş rejimi olmuş, xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin ləğv edilməsini işəgötürən Cavabdehndən xahiş etmişdir. İddiaçı ərizəsində başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduğunu göstərməmişdir. Cavabdehin işçinin işə gəldiyi zaman əmək funksiyalarını düzgün icra etməməsi arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, işəgötürən məhz İddiaçı xx.xx.2025-ci il tarixli işdən çıxma barədə ərizəsindən sonra onun barəsində tədbirlər görməyə çalışmış, həmin vaxta qədər işçinin heç bir pozuntusu müəyyən edilməmişdir. Odur ki, işçinin işə gəldiyi zaman əmək funksiyalarını düzgün icra etməməsi inandırıcı deyildir və bu hal sübuta yetirilməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin digər səbəbi kimi göstərilən və işçinin son 3 iş günü ərzində üzürlü səbəb olmadan ardıcıl olaraq işə gəlməməsi barədə cavabdehin arqumentinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı məhkəmə iclasında yalnız 2 iş günü, yəni xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsini etiraf etmişdir. Bu hal Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmış işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biridir. Lakin cavabdeh müvafiq əmrdə son 3 iş günü qeyd etmiş, halbuki xəstəlik vərəqəsindən göründüyü kimi İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək funksiyalarının icrasından azad edilmişdir. İşə başlama tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. İddiaçı üzürlü səbəbi olmuş, mübahisələndirilən əmr isə cavabdeh tərəfindən öz etirafına əsasən xx.xx.2025-ci il tarixdə saat 11:00-da qəbul edilmişdir. Cavabdeh işçinin bütün iş günü işə gəlməməsi ilə bağlı əmək qanunvericiliyinin tələbini pozaraq tələsik əmr vermişdir. Halbuki, X3 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:47-də əməkdaş İddiaçı 27 nömrəli Şəhər Poliklinikası tərəfindən xəstəlik vərəqəsinin açılması barədə bildiriş göndərilmişdir. Məhkəmə, həmçinin cavabdehin xəstəlik vərəqəsinin xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə saat 14:48-də imzalanması dəlilinə münasibətdə qeyd edir ki, işçinin işə başlama tarixi xx.xx.2025-ci il qeyd edildiyindən və həmin tarixdə xəstəlik vərəqəsi imzalanaraq işçiyə işəgötürənə təqdim edilməsi üçün təqdim olunduğundan məhz həmin gün imzalanmış və bu barədə xx.xx.2025-ci il tarixdə saat 14:48-də işəgötürənə elektron qaydada bildiriş göndərilmişdir. Odur ki, bu dəlil də əsaslı sayıla bilməz. Göründüyü kimi Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi bu hallardan biri kimi göstərilmişdir. Eyni zmanda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Eyni zamanda, 79-cu maddənin tələbinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağan olunduğundan mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 6X/25 nömrəli əmr qanunsuzdur və ləğv edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin:

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunda müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin:

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. Göründüyü kimi, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin iddiaçının barəsində birbaşa ən ciddi tənbeh növü, yəni əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılan araşdırma zamanı da İddiaçı əmək müqaviləsinə əmək qabiliyyətinin olmaması vərəqəsinin olmasına baxmayaraq xitam verildiyi müəyyən edilmiş və bununla əlaqədar müəssisənin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, vətəndaş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə işçinin xətəlik vərəqəsinin olmasına baxmayaraq İddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozularaq həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyi məlum olmuş, nəticədə Cavabdeh direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Həmçinin, müvafiq inzibati orqanda araşdırma zamanı iddiaçı əmək müqaviləsində qeyd olunmuş iş saatlarından artıq müddətdə və bayram günlərində əmək fəaliyyətinə cəlb olunduğu, əlavə iş saatlarına görə ödəniş ödənilmədiyindən şikayət etsə də, müəssisə tərəfindən təqdim olunan sənədlərə baxış zamanı onun 6 iyun 2025-ci il, 16 iyun 2025-ci il və 26 iyun 2025-ci il tarixlərdə artıq iş saatlarına cəlb olunsa da, 3 gün üzrə ona 59.71 manat əmək haqqı və artıq iş saatlarına cəlb olunmaqla bağlı 3 günlük əmək haqqının 2 misli miqdarında 119.42 manat hesablanaraq son haqq-hesab olaraq ödənildiyi müəyyən olunmuşdur. İddiaçının bununla bağlı iddia ərizəsində göstərdiyi dəlil əsaslı sayıla bilməz. Beləliklə, Cavabdeh direktoru X1 6X/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə uyğun verilmədiyindən iddiaçının əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilərək, İddiaçı Əbülfət qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh direktoru X1 6X/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ləğv edilməlidir. Məhkəmə, iddiaçının işəgötürən tərəfindən ona dəymiş 2000 manat mənəvi ziyanın ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı cavabdehdən 2000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Odur ki, iddia tələbi 2000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 12-ci bəndində göstərilmişdir ki, Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Əbülfət qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh direktoru X1 6X/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, iddia qalan hissədə rədd edilməli, Cavabdehndən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Əbülfət qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh 6X/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar