Məhkəmə qərarları › İş №2(008)-6029/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6029/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6029/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı “cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T Dİ: İddiaçı1 Cavabdeh qarşı “cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan 1 (bir) ədəd divan, 2 (iki) ədəd kreslo, 1 (bir) ədəd yataq otağı üçün taxt, 1 (bir) ədəd dolab (şifoner), 1 (bir) ədəd stenka, 1 (bir) ədəd köhnə, kiçik ölçülü televizor, qab-qacaq dəsti, 2 (iki) ədəd xalça, 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd dördgözlü qaz plitəsi, 1 (bir) ədəd köhnə nəsil paltaryuyan, 1 (bir) ədəd stol və 5 (beş) ədəd stulun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən evdən çıxarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 ilə Cavabdeh Adil qızı 02.11.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan münasibətləri pisləşdiyindən, Ağdam Rayon Məhkəməsinin 2(13)-1905/2018 saylı, 31.10.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh 2018-ci ilin may ayından evdən çıxıb getmiş və həmin vaxtdan evə gəlməmişdir. Buna baxmayaraq, özünə məxsus olan və aşağıda sadalanan əmlakları götürməmişdir. Hal-hazırda cavabdehə məxsus olan və mənzildə yerləşən əşyalar aşağıdakılardır: 1 (bir) ədəd divan, 2 (iki) ədəd kreslo, 1 (bir) ədəd yataq otağı üçün taxt, 1 (bir) ədəd dolab (şifoner), 1 (bir) ədəd stenka, 1 (bir) ədəd köhnə, kiçik ölçülü televizor, qab-qacaq dəsti, 2 (iki) ədəd xalça, 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd dördgözlü qaz plitəsi, 1 (bir) ədəd köhnə nəsil paltaryuyan, 1 (bir) ədəd stol və 5 (beş) ədəd stul. Cavabdehin hərəkəti qanunsuz olmaqla, onun mülkiyyət hüququnun pozulmasına səbəb olur. Buna görə də, həmin pozunutu aradan qaldırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh onun keçmiş gəlinidir. O, 1994-cü ildə həyat yoldaşından ayrılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən evi 2003-cü ildə yaxın qohumlarının köməyi ilə öz şəxsi vəsaiti hesabına tikdirmişdir. Hal-hazırda həmin evdə övladları, digər gəlini və nəvələri ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Oğlu ilə ailə qurduqdan sonra, yəni 02.11.2009-cu il tarixdən Cavabdeh həmin evə gəlin köçüb orada yaşasa da, 2018-ci ilin may ayından həyat yoldaşı ilə birlikdə kirayə evə çıxmışlar və həmin vaxtdan evə gəlməmişdir. Cavabdeh uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən evdə yaşamamasına baxmayaraq, ona məxsus əşyalar həmin evdə qalmışdır. Həmin əşyaların onun evində qalması ona öz evindən sərbəst şəkildə istifadə etməyə mane yaradır. Belə ki, o, həmin əşyaların yerləşdiyi otaqdan ümumiyyətlə istifadə edə bilmir ki, bu hal onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. O, qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ağdam Rayon Məhkəməsinin 2(103)-1905/2018 saylı, 31.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X5 arasında bağlanmış 02.11.2009-cu il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 05.09.2012-ci il təvəllüdlü X4 Cavabdeh Adil qızının yanında saxlanılması, 05.09.2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 130 manat miqdarında alimentin X2 tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli, **********4234 saylı tədiyyə bildirişindən müəyyən olunur ki, Orucova X3 qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən evin yerli vergi ödəyicisidir. - 16.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı1 bələdiyyə əmlak vergisi üzrə ödənişləri həyata keçirmişdir. - Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 263 saylı, 15.08.2019-cu il tarixli arayışdan müəyyən ki, Orucova X3 qəsəbəsi, M.Sənani (2-ci Mədən) küçəsində Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. - Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 88 saylı, 16.04.2021-ci il tarixli arayışdan müəyyən ki, Orucova X3 qəsəbəsi, Ə.Ələkbərov (2-ci Mədən) küçəsində yerləşən evdə oğlu X8, gəlini X6, nəvələri X7 və X9 ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 04444499 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş 23.07.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanası xəstənin stasionar tibbi kartından 1326 saylı çıxarışdan müəyyən olunur ki, X5 28.06.2019-cu il tarixdə “L5-S1 fəqərəarası diskin sol tərəfli yırtığın xaric edilməsi” diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, mülki iş üzrə materiallardan, habelə iddiaçının izahatından həmin evin iddiaçı tərəfindən tikildiyi, onun ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığı müəyyən olunur. Göründüyü kimi, iddiaçının həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Bu baxımdan da, məhkəmə hazırkı işlə bağlı mülkiyyət münasibətlərini tənzimləyən hüquq normalarına müraciət etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü bəndinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evi 2003-cü ildə iddiaçı tərəfindən inşa etdirilmiş, Cavabdeh 2009-cu ildə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olaraq, həmin evə gəlin köçüb, 2018-ci ilin may ayınadək orada yaşamışdır. Həmin nikah 31.10.2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh üç ildən artıqdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən evdə yaşamamasına baxmayaraq, ona məxsus bəzi əşyalar həmin evdə qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, cavabdehə məxsus 1 (bir) ədəd divan, 2 (iki) ədəd kreslo, 1 (bir) ədəd yataq otağı üçün taxt, 1 (bir) ədəd dolab (şifoner), 1 (bir) ədəd stenka, 1 (bir) ədəd köhnə, kiçik ölçülü televizor, qab-qacaq dəsti, 2 (iki) ədəd xalça, 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd dördgözlü qaz plitəsi, 1 (bir) ədəd köhnə nəsil paltaryuyan, 1 (bir) ədəd stol və 5 (beş) ədəd stul Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməklə, cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus 1 (bir) ədəd divan, 2 (iki) ədəd kreslo, 1 (bir) ədəd yataq otağı üçün taxt, 1 (bir) ədəd dolab (şifoner), 1 (bir) ədəd stenka, 1 (bir) ədəd köhnə, kiçik ölçülü televizor, qab-qacaq dəsti, 2 (iki) ədəd xalça, 1 (bir) ədəd çilçıraq, 1 (bir) ədəd dördgözlü qaz plitəsi, 1 (bir) ədəd köhnə nəsil paltaryuyan, 1 (bir) ədəd stol və 5 (beş) ədəd stul Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Ə.Ələkbərov küçəsində yerləşən evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat pul Cavabdeh tutularaq, İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar