Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6086/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə əsasən xx.xx.2002-ci ildən başlayaraq işəgötürən cavabdeh Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışıb. xx.xx.2025-ci il tarixində müəllimlərin təkrar sertifıkasiyası keçirilmişdir. İddiaçı təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla əmək müqaviləsinə xitam verilmişdir. Nəticədə xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qəbul edilmişdir. Əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı dəfələrlə cavabdehin səlahiyyətli şəxslərinin diqqətinə çatdırmışdır ki, onun öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü (anası) var və AR Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən onun bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bütün bunlara baxmayaraq cavabdeh əmək qanunvericiliyinin tələbini kobud surətdə pozaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının ailə üzvü olan anası X6 birinci qrup əlildir. X6 iddiaçının himayəsindədir və onun kənar şəxsin köməyinə ehtiyacı var. İşin faktlarından məlumdur ki, uzunmüddətli əmək münasibətlərindən sonra müqaviləyə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir. AR Əmək Məcəlləsinin 79.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Bu o deməkdir ki, AR Əmək Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuş müddəalar AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə şamil edilir və cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv olunmamışdan əvvəl AR Əmək Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuş müddəalar nəzərdən keçirilməli idi. Lakin, bu baş tutmamış, iddiaçının qanunla qorunan maraqları ciddi surətdə pozulmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin surəti iddiaçıya yalnız xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. Hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə edərək qanunsuz və əsassız bir əmr qəbul etmişdir. Bu qanunsuz əmr 30 ildən çoxdur mövcud sistemdə işləyən, bu sahədə kifayət qədər təcrübəsi olan işçinin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı Bakı şəhəri Kamal Məmmədov adına 209 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı (Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 20 iyun 2025-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri Kamal Məmmədov adına 209 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırma imtahanından 16 bal toplamış və bununla da keçid balını (30 bal) toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Xitam verilən vaxt İddiaçı tərəfindən öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması barədə heç bir məlumat (təsdiqedici sənəd) təqdim edilməmişdir. Əlavə olaraq bildirir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36- 2.1-ci maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67- 2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Həmin Qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.2-ci maddəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 2-ci və 3-cü hissələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndində sertifikatlaşdırmadan keçirilməyən şəxslərin siyahısı müəyyən olunmuşdur. Həmin normalarda sertifikatlaşdırmaya cəlb edilməyən şəxslərin siyahısı müəyyən edilərkən müvəqqəti hallar nəzərə alınmışdır. Məsələn, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər və s. müvəqqəti üzrlü hallar aradan qalxdıqdan sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Yəni hamiləlik sona çatdıqdan (hamiləliyə və doğuşa görə məzuniyyətdən qurtardıqdan) sonra, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan təhsilverənlər işə çıxdıqdan bir il sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan və işçinin öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması mahiyyət etibarilə daimi xarakter daşıyır. Və bu işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasının qarşısının alınması təhsilalanların hüquqlarının pozulması ilə nəticələnir, təhsil sahəsində aparılan islahatlarla və Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasəti ilə uyğunsuzluq yaradır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-929/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Həmçinin bir normanın tətbiqi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan suiistifadəsinə şərait yaratmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən hallar baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda 70-ci maddənin “c” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmiş digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan suiistifadəsinə şərait yaratmış olur. Bundan əlavə qeyd etmək istiyir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69\3-2-29F/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyinin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi təmin edilsin. Yəni İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin göstərişi əsasında Bakı şəhəri Kamal Məmmədov adına 209 nömrəli tam orta ümumtəhsil məktəbinin əmri əsasında xitam verilib. İddia tələbi tamamilə əsassızdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, test imtahanının nəticəsinin ləğv edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib, o da Təhsil İdarəsi tərəfindən verilmiş əmri icra etmiş, işəgötürən kimi əmək müqaviləsini ləğv etmişdir. Müəllimin işə bərpa olunmasını istəyərdi, lakin Təhsil İdarəsinin mövqeyi eynidir, barışığa gəlmək mümkün deyildir. Təəssüf edir ki, ailə vəziyyətinə kömək etmək üçün iddiaçını başqa işlə təmin etmək mümkün olsaydı, əlindən gələni edə bilər. Amma onu məktəbə qaytarmaq şansı yoxdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, şəxsin himayəsində əlil şəxs olması insanlıq halı kimi nəzərə alınır. Əgər iddiaçı iş olaraq sosial pedaqoq kimi müraciət etsəydi, buna baxıla bilərdi. İddiaçının təhsil verən olaraq hüquqlarını düşündükləri kimi təhsil alanların da hüquqlarını düşünməlidirlər. Onların keyfiyyətli təhsil almaq hüquqları barədə də düşünməlidirlər. İddiaçı sertifikasiya imtahanında iştriak edib, 60 sual olub, 30 balı keçid balıdır. O, cəmi 16 bal yığıb və idarə onu artıq qeyri-peşəkar kadr kimi qiymətləndirmişdir. İddiaçını artıq işdə saxlaya bilmirlər. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı vardır ki, bu şəxsin himayəsində olan şəxsdən sui-istifadə halı kimi qiymətləndirilir. Baldızının da əlil olduğunu qeyd edir ki, onun yaxın qohum kimi əlaqəsi yoxdur. Hətta imtahandan keçə bilməyəndə bir il şans verilib maaş saxlanılır. Keçirilmiş imtahan təkrar sertifikasiya imtahanı olub. Bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, toplanmış sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. - əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Məmmədov Kamal adına 209 nömrəli tam orta məktəbdə aylıq əmək haqqı 453.91 manat olmaqla, riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. - ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Sabunçu rayonu, K.Məmmədov adına 209 nömrəli orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə qəbul olunmuş, xx.xx.2025-ci il tarixdə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədiə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün məktəbin riyaziyyat müəllimi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli, **********077/e nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Kamal Məmmədov adına 209 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesabın aparılması əmr edilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri olmuşdur. Həmin əmr xx.xx.2025-ci il tarixdə İddiaçı təqdim edilmişdir. - İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur, atası X11, anası X3r. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasinda sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 gözdən əlil olduğundan birinci dərəcə əlilik statusuna malikdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 152 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, vətəndaş X4 birinci dərəcəli əlildir və kənar şəxlərin köməyinə ehtiyacı vardır, İddiaçı xx.xx.1980-ci il təvəllüdlü X1 üzərində patron təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MEİS məlumatından görünür ki, X4 (iddiaçının baldızı) birinci dərəcə əlilik statusuna malikdir. - İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/6/01358 nömrəli arayışdan görünür ki, İddiaçı və cavabdehin nümayəndəsi X8 ilkin mediasiya sessiyasında iştirak etmişlər. İddiaçı 50 manat mediasiya və 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir. - Bakı şəhəri Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb tərəfindən həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışan İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsindən ikinci dəfə kəsildiyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göstərişi ilə xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsi:
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Əmək Məcəlləsinin 66-cı maddəsi: Aşağıdakı işçilərin attestasiyası keçirilmir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. 67-2.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83-cü maddəsinin:
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbin **********077/e nömrəli xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri olmuşdur. Həmin əmr hazırda qüvvədədir və təkrar sertifikatlaşdırmanın nəticəsi inzibati icraat qaydasında ləğv edilməmişdir. İddiaçının (işçi) bilik səviyyəsi əmək müqaviləsi üzrə tutduğu vəzifəyə uyğun olmamışdır. İddiaçı sertifikasiya imtahanında minimum keçid balı, yəni 30 baldan 16 bal toplamışdır. Göstərilənlər mülki işin mübahisəsiz halıdır. Odur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli, **********077/e nömrəli əmri qanunidir. İşçinin müəllim kimi uzun illər işləməsi ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmır. Əmək müqaviləsi üzrə işçi həm əmək funksiyalarını layiqincə həyata keçirtməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Savad, bilik, peşəkarlıq baxımdan uyğun olmayan işçilərin əmək müqavilələrinə xitam verilməlidir. Əks halda, Təhsil Nazirliyi tərəfindən əsaslı olaraq keçirilən sertifikasiya imtahanlarının hər hansı hüquqi nəticəsi olmayacaqdır. Sertifikasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxs biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının işləmiş olduğu qurum təhsil baxımından cəmiyyətin aparıcı, həssas qurumlarındandır. İddiaçı öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş anası və baldızının olması, sonuncunun üzərində patron təyin olmasına əsaslanmaqla əmri mübahisələndirmişdir. Həmin arqumentə münasibətdə məhkəmə bildirir ki, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək. İlkin olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya və s. qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması halı ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Bu halın baş verməsi və sübut olması vəziyyətində işçinin Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadla qoruma altında olmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə son verilməsini qadağan etmək, işçinin hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq belə halların təkrar baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması zamanı 70-ci maddənin c bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Baxılan iş üzrə isə iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasının əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə iddiaçının qoruma altında olan şəxs kimi iddiası istinad olunanlar baxımından məhkəmə tərəfindən ədalətli və qanuni hesab edilə bilməz. İddiaçı tərəfin müdafiəsinin digər arqumenti odur ki, xx.xx.2025-ci il tarixli əmrin surəti iddiaçıya yalnız xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Əmək qanunvericiliyinə əsasən əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. xx.xx.2025-ci il tarixli əmrin surətinin iddiaçıya yalnız xx.xx.2025-ci il tarixdə təqdim edilməsi iş materialları ilə təsdiqini tapsa da, habelə bu hal pozuntu sayılsa da hazırda mübahisə predmeti olan əmrin ləğv edilməsi və işçinin işə bərpa edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, mübahisə predmeti olan əmr qanunidir və əsaslıdır, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, mediasiya xərci iddiaçıya, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddiaçı cavabdeh Bakı şəhəri Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. 60 manat məbləğində mediasiya xərci iddiaçıya, ödənilməli olan dövlət rüsumu isə dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova