Məhkəmə qərarları › İş №2(008)-6099/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6099/2021

16.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6099/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı X6 ilə birlikdə cavabdehin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 31.10.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 01.07.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Ailə qurduğu vaxtdan cavabdehin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hazırda rəsmi nikah münasibətindədirlər. Əvvəllər münasibətləri normal olsa da, xeyli müddətdir ki, ailə münasibətləri pisləşmişdir. Bu səbəbdən, cavabdeh onu azyaşlı uşağı ilə qeyd olunan evdən çıxararaq oraya buraxmır. Yaşamağa başqa yeri yoxdur. Onun cehiz və digər əşyaları da həmin evdədir. İddiaçının nümayəndəsi və vəkili X5 03.09.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin olunaraq, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, iddiaçı ilə 31.10.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar iddiaçı ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətlərində soyuqluq yaranmışdır. Eyni evdə yaşamalarına baxmayaraq, son beş ildir ki, ailə münasibətləri faktiki olaraq kəsilmiş, birgə təsərrüfat aparmırlar. Bununla belə, nikahları rəsmi qaydada pozulmamışdır. Onun iddiaçını evdən çıxarması, evə buraxmaması barədə iddiaçının dedikləri həqiqətə uyğun deyil. Belə ki, iddiaçı özü azyaşlı uşağı ilə evdən çıxıb getmişdir. Hazırkı vaxtda da iddiaçının uşaqla birlikdə həmin evə köçürülməsinə etirazı yoxdur. O, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, iddiaçı onun gəlinidir. Oğlu ailə qurduğu vaxtdan hər üçü Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. İddiaçı ona qarşı hörmətsizlik göstərir, onunla yola getmir, hətta bir-birlərindən polis bölməsinə şikayətlər etmişlər. Qeyd olunan ev hazırda sənədsiz olsa da, evin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün sənədləşmə işləri davam edir. Gəlinin deyil, nəvəsinin həmin evə köçürülməsini məhkəmədən xahiş edir. Ona görə də, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin 22.07.2021-ci il tarixli və Sabunçu RİHB-nin Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 2801 saylı arayışlardan görünür ki, Cavabdeh1 Zabrat qəsəbəsi, keçmiş Frunze küçəsi, yeni Namiq Allahverdiyev küçəsi 19Q saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Ucar RPŞ tərəfindən 18.04.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2i ünvanında qeydiyyatdadır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 13.10.2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mirzəyeva X9 qəsəbəsi, keçmiş Frunze küçəsi 19Q saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 522525 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 31.10.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 101085 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 birgə nikahından 01.07.2010-cu il tarixdə X6 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1379/2005 saylı, 24.05.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 həyat yoldaşı və bir uşağı ilə birlikdə Bakı şəhəri, Zabrat qəsəbəsi, Frunze küçəsi 19Q saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin 15.06.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh2 və İddiaçı qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" İB və Azərsu ASC tərəfindən verilmiş qəbzlərdən görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Frunze küçəsi 19Q saylı evdə təbii qazdan və sudan istifadə nəticəsində yaranmış borclar Cavabdeh2 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zabrat Bələdiyyəsi tərəfindən verilmiş “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 08.07.2019-cu il tarixli Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Zabrat qəsəbəsi, Frunze küçəsində yerləşən 169,60 kv.m torpaq sahəsində inşa edilmiş 143,10 kv.m sahəsi olan bir mərtəbədən ibarət olan fərdi yaşayış evinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan fərdi yaşayış evinə dair cavabdehlərin adına heç bir hüquqi sənəd olmadığı, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə, qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehlərin isə ev üzərində mülkiyyət hüquqlarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçını evdən çıxarmaları qanunsuzdur. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə, səlahiyyətverici norma deyil, qadağanedici normadır. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmamasından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə, obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər, yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Ona görə də, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən, İddiaçı ilə Cavabdeh1 hal-hazırda rəsmi nikah münasibətlərində olmasını, Cavabdeh1 İddiaçı azyaşlı övladı ilə birlikdə yaşadıqları evə köçürülməsinə etirazının olmamasını da nəzərə alır. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının övladı ilə birlikdə Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində yaşamasını təmin etmək məqsədi ilə, iddia təmin edilərək, onlar qeyd olunan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşağı X6 ilə birlikdə cavabdehlərin yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar