Məhkəmə qərarları › İş №2(008)-610/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-610/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-610/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 432 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 8-də yaşayır. Həmin ev onun atası Camalov Əliağanın mülkiyyətində olmuşdur, hazırda o vəfat etmişdir, o isə həmin evə ata vəfat etdikdən sonra sahiblik etmiş və orda qeydiyyatda olmaqla yaşayır. Onu da bildirmişdir ki, həmin evdə o, doğulandan yaşamış, evdən istifadə hüququ vardır. Evin kommunal xidmətlərinün ölçüsünü aparan sayğaclar da onun adınadır, onunla cavabdeh arasında evə qaz təchizatının təmin edilməsi haqqında müqavilə bağlanmışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona 432 manat borc yazılmışdır, həmin borcun ödənilməsi ondan şifahi şəkildə tələb edilmiş, əks təqdirdə qazın verilişinin dayandırılacağı bildirilmişdir. O, qaz ilə bağlı borcun nəyin əsasında yaranması ilə maraqlandıqda ona bildirildi ki, 2022-ci ilin mart ayında tərtib edilmiş akta görə qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsi deşilmişdir, odur ki, ona 432 manat borc hesablanmışdır. Həmin aktı ona təqdim edildikdə aktda göstərilmişdir ki, guya o akta imza etməkdən imtina etmiş, amma onun yanında ümumiyyətlə belə bir akt tərtib edilməmişdir. Bundan başqa ona təqdim edilmiş aktın surətində ümumiyyətlə imzalar yoxdur. Qaz sayğacı onun evindən kənarda yerləşir, mən həmin qaz sayğacının vəziyyətinə görə cavabdeh deyil, əgər qaz sayğacında deşik əmələ gəlmişdirsə buna görə o məsuliyyət daşımır. Onun tərəfindən sayğaca da heç bir müdaxilə olunmamışdır. Bundan başqa onunla cavabdeh arasında bağlanmış müqavilədə qaz paylayıcısının (cavabdehin) istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstəricisinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcun mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Qaz sayğacına müdaxilə olunmadığı halda və ya həmin müdaxilənin onun tərəfindən olunması sübut olunmadığı halda əsassız borc yaranmışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Bu maddənin tələbinə əsasən haqlı olaraq bildirir ki, sayğaca aidiyyəti qaydada nəzarət etmək cavabdeh tərəfin vəzifəsidir. Çünki o, fiziki şəxsdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı - hazırki iş üzrə Cavabdeh daşıyır. Bundan başqa həmin sayğac nə onun həyətində, nə də evində quraşdırılmışdır, habelə cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirməmiş və heç bir əsas olmadan ona borc hesablamışdır. Yaşadığı yer Bakı şəhərinin Sabunçu rayonunun ərazisində yerləşir ki, bu barədə yaşayış yerindən arayış iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus **********00000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə istehlakçıya 2022-ci ilin mart ayı üçün qalıq və aktlar üzrə 518.40 manat borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt surətindən görünür ki, 29/1710-01224-1 saylı rəyə əsasən 1702AZ**********22 nömrəli sayğacın hesablama mexanizmi qoruyucu örtüyü üst hissədən deşilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli dəymiş ziyanın bərpasına dair tələbnamədə görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən 4320 kub metr qaz sərfiyyatı yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 4320 kub metr hesablanaraq dəymiş zərər 518.40 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün deşilməsi məhz iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən **********00000 saylı abonentə hesablanmış borc 518.40 manat olsa da, iddiaçının nümayəndəsi 432 manat borc tələbinin silinməsinə israr etdiyindən, 432 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən **********00000 saylı abonentə qanunsuz olaraq hesablanmış borcdan 432 (dörd yüz otuz iki) manat olan hissəsi silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar