Məhkəmə qərarları › İş №2(008)-6119/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6119/2021

03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6119/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhərində ev şəraitində 15.12.2004-cü il tarixdə bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, onun Əhməd adlı şəxslə qeyri-rəsmi nikahından 15.12.2004-cü il tarixdə oğlu Ruslan Bakı şəhərində ev şəraitində doğulmuşdur. Uşağın doğulduğu ev Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 89 saylı evdir. 3 aylıq hamilə olarkən, Əhməd onu tərk etmişdir. Uşağın ev şəraitində doğulması və maddi sıxıntılar səbəbindən, ona doğum haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Uşaq orta məktəbə getməmişdir, lakin halhazırda sağlamdır. Uşağın doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbədən doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, o, ərizəçinin bacısıdır. Bacısı Ərizəçi Əhməd adlı şəxslə qeyri-rəsmi olaraq ailə münasibətlərində olmuşdur. Daha sonra bu münasibətdən onların 15.12.2004-cü il tarixdə bir oğlan uşaqları dünyaya gəlmişdir. Doğum ev şəraitində olmuş, həmin vaxt onunla birlikdə X4 da orada iştirak etmişdir. Uşağa Ruslan adı qoymuşlar. Uşaq hal-hazırda sağlamdır. Maddi imkansızlıq səbəbindən, bacısı bu vaxtadək oğluna doğum haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçi ilə uzun illərdir ki yaxın qonşudur. Ərizəçi Əhməd adlı şəxslə qeyri-rəsmi nikahından 15.12.2004-cü il tarixdə oğlan uşaqları dünyaya gəlmişdir. Doğum zamanı ərizəçinin bacısı ilə birlikdə o da evdə olmuş, doğuma köməklik göstərmişdir. Həmin uşağın adını Ruslan qoymuşlar. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 838-05/15 saylı, 28.04.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 01.04.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Sabunçu rayon Maştağa icra nümayəndəliyi tərəfindən 09.04.1962-ci il tarixdə 240 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Baş Səhiyyə İdarəsinin 12 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 08.07.2021-ci il tarixli tibbi arayışla müəyyən olunur ki, X5 15.12.2004cü il tarixdə anadan olmuşdur, hal-hazırda sağlamdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 05/1S-1663 saylı, 14.07.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.4.5-ci bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir, həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.1-ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onların birinin yaşadığı yerdə Qeydiyyat şöbələri tərəfindən aparılmalıdır. Həmin Qaydaların 2.5-ci maddəsinin tələbinə görə, qeydiyyat şöbəsində doğum faktının qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.6cı bəndinə əsasən, həmin Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi 15.12.2004-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı ünvanda ev şəraitində bir oğlan uşağı doğması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizə əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-311, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bakı şəhərində ev şəraitində 15.12.2004-cü il tarixdə bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Ərizəçi Bakı şəhərində ev şəraitində 15.12.2004-cü il tarixdə doğduğu oğlan uşağının doğumunun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar