Məhkəmə qərarları › İş №2(008)-614/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-614/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-614/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Əbdurəhim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:̇ İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"-Ş MTK ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 40 saylı müqavilə üzrə cavabdeh "xxxx"-Ş MTK-tərəfindən ona ödənilməyən mənzilin kirayə haqqına görə 130.000 manat, ünvan 1 ünvanında inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş, Xİ mərtəbəsində, 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan mənzillə bağlı 1,43 kv.m sahəyə görə cavabdeh "xxxx"-Ş MTK-dan 3.000 manat olmaqla, cəmi 133.000 manat məbləğində pulun və ödədiyi 423 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx"-Ş MTK-dan alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə iş üzrə cavabdeh "xxxx"-Ş MTK ilə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 40 saylı müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx"-Ş MTK-nın ünvan 2 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş, Xİ mərtəbəsində, 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan mənzili təmir edərək ona təhvil verilməsini, onun isə öz növbəsində özünə məxsus olan Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 23 saylı ünvanında ümumi sahəsi 368,8 kv.m olan 3 saylı mənzilini "xxxx"-Ş MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək ona hər ay 5.000 manat olmaqla kirayə haqqı (arenda pulu) ödənilməsi qeyd olunmuşdur. Müqavilənin şərtlərinə əməl edərək o, xüsusi mülkiyyətində olan həmin mənzili cavabdehə təhvil vermiş və cavabdeh də Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 17 saylı ünvanında inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzili ona təhvil vermişdir. Lakin cavabdeh həmin müqavilənin 5.2-ci bəndinin tələblərini də pozmuşdur. Belə ki, cavabdeh ona 30 aya görə hər ay 5.000 manat kirayə haqqı, yəni 150.000 manat pul ödəməli olsa da, həmin puldan 20.000 manat kirayə haqqını ödəmiş, qalan 130.000 manat kirayə haqqını ona bu günə qədər ödəməmişdir. Cavabdeh həmin pulu ona ödəməkdən boyun qaçırır. Dəfələrlə o, cavabdehə və aidiyyəti orqanlara müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bundan başqa o, həmin müqavilənin şərtlərinə əməl edərək xüsusi mülkiyyətidə olan həmin mənzili cavabdehə təhvil vermiş və cavabdeh də Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 17 saylı ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzili ona təhvil vermişdir. O, xx.xx.2021-ci il tarixdə həmin mənzilə çıxarış alarkən çıxarışda mənzilin sahəsi 74,15 kv.m göstərilmişdir. Müqavilədə isə mənzilin sahəsi 75,58 kv.m göstərilmişdir. Beləliklə də, cavabdeh onu aldadaraq az sahə vermişdir. O, dəfələrlə cavabdehə müraciət edərək 1,43 kv.m sahənin pulunun geri qaytarılmasını xahiş etsə də, cavabdeh həmin məbləği ona verməmişdir. Həmin 1,43 kv.m sahəyə görə cavabdeh ona 3.000 manat pul ödəməlidir, lakin həmin pulu ödəməkdən imtina edir. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi, cavabdeh "xxxx"-Ş MTK ilə XXİ Əsr MTK arasında xx.xx.2017-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda ümumi sahəsi 368,8 kv.m olan 3 saylı mənzilin əvəzinə, iddiaçıya ünvan 4 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov 12 ünvanında yerləşən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 380 kv.m olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. ünvan 6 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzil iddiaçıya 2019-cu ilin fevral ayında təhvil verilmişdir. Mənzil iddaçıya təhvil verilənədək cavabdeh tərəfindən iddiaçıya aylıq 5000 manat məbləğində kirayə haqqı ödənilmişdir. Bundan başqa, iddia ərizəsi isə məhkəməyə verilərkən iddia müddəti ötürülmüşdür. İddianın mahiyyətcə əsaslı olub-olmamasından aslı olmayaraq iddia müddətinin ötürülməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Qeyd edilən digər əsaslarla yanaşı, iddia müddətini tətbiq etməklə nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş: - Cavabdeh ilə İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisinə dair 40 nömrəli xx.xx.2018-ci il tarixli müqavildən görünür ki, Bərgüşad-Ş MTK-nın ünvan 7 ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli sahəsi 75.58 kv.m olan mənzili təmir edərək İddiaçı təhvil verilməsini, İddiaçı isə öz növbəsində ona məxsus Ə.Ağayev küçəsi 23 saylı ünvanda ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzili Cavabdeh MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 5.2-ci bəndindən görünür ki, müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək vətəndaşa hər ay 5000 manat olmaqla kirayə haqqı ödəniləcəyinə tərərflər razılaşmışlardır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 133, 135, mənzil 49 yeni qaydalarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X7 küçəsi, 135, M11, mənzil 4 xx.xx.2021-ci ildən İddiaçı mülkiyyətindədir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 5332/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən də görünür ki, ünvan 8 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzil iddiaçıya 2019-cu ilin fevral ayında təhvil verilmişdir. Göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 40 saylı müqavilə üzrə cavabdeh tərəfindən kirayə haqqının ödənilməməsi barədədir. Məhkəmə bununla bağlı qeyd edir ki, ünvan 4 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzilin iddiaçıya 2019-cu ilin fevral ayında təhvil verilməsi işin mübahisəsiz halıdır. Ona görə də, iddia müddətinin axımının başlanmasını 2019-cu ilin fevral ayından hesablanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci və 375.2-ci maddələrinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də, üç illik iddia müddəti tətbiq edilməklə, iddia tələbi həmin hissədə rədd edilməlidir. İddia tələbinin ünvan 9 ünvanda inşa edilmiş sahəsi mənzillə bağlı 1,43 kv.m sahəyə görə cavabdehdən cəmi 3000 manat məbləğində pulun ödənilməsi hissəsində də məhkəmə iddianı əsassız hesab edir. Belə ki, 3000 manat məbləğin hansı üsulla hesablanması iddiaçı tərəfindən nə iddia ərizəsində, nə də məhkəmə iclasında əsaslandırılmış, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, sözügedən mənzilə dair çıxarışın xx.xx.2021-ci il tarixdə verildiyi nəzərə alınarsa, iddiaçının həmin pulu cavabdehdən tələb etmək üçün kifayət qədər zamanı olmuşdur. Lakin üzərindən xeyli müddət keçdikdən sonra iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi iddianın formal əsaslarla qaldırıldığına dəlalət edir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 423 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, 423 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi̇ : İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul” tələbinə dair dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 423 (dörd yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu iddaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar