Məhkəmə qərarları › İş №2(008)-6194/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6194/2021

04.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6194/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmayan uşaqları - 19.08.2013-cü il təvəllüdlü X6 və 19.11.2014-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilk iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, həmin vaxtdan etibarən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə gəlin köçüb yaşamışdır. Birgə nikahlarından anadan olmuş iki uşağı həmin ünvanda rəsmi qeydiyyatdadır. Sözügedən ünvanda ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparmışdır. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bundan sonra cavabdeh onu yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evdən qovmuşdur. Qeyd olunan evin çıxarışı da mövcud deyil. Uşaqları ilə birlikdə müvəqqəti olaraq orada-burda qalır. Maddi cəhətdən çox çətinlik çəkir, yaşamağa başqa yeri yoxdur. Bütün cehiz əşyaları həmin evdədir. Buna baxmayaraq, cavabdeh onu uşaqları ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə daxil olmağa imkan vermir. Cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evdən istifadə edilməsinə maneçiliyin aradan qaldırılması, cavabdehə məxsus cehiz əşayalarının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 22.01.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. El adəti ilə yaşadıqları evə köçmüşlər və cavabdeh cehiz əşyalarını həmin evə gətirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh ünvan 4ində öz valideynlərinin yaşadığı evə qayıtmışdır. Cavabdeh eyni zamanda ilk iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir. O, etirazını bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, həmin ev ona və onun yaxın qohumlarından heç kimə məxsus deyil. Əldə etdiyi rəsmi sənədlərə əsasən qeyd olunan ev X7 məxsus olmuş və həmin şəxs vəfat etmişdir. X12 adlı övladı, eyni zamanda digər övladları X4 vərəsələridir. İddiaçı sözügedən fərdi yaşayış evinə köçürülməsi, evin mülkiyyətçisi kimi həmin şəxslərin mülkiyyət hüquqlarının pozulmasına, hətta cinayət tərkibinin yaranmasına səbəb ola bilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o, ünvan 2i ünvanında yerləşən corab sexində işləyir, buna görə də, Ağsu rayonunda deyil, uşaqları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur qalmışdır. Yaşamağa başqa yeri yoxdur. Uşaqları da iddia tələbində qeyd olunan ünvanda qeydiyyatdadırlar. O, qeyd olunanlara əsasən, məhkəmədən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz edərək, məhkəmədən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 ilk iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin və qarşılıqlı iddia ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4322/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 22.01.2013-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 19.08.2013-cü il təvəllüdlü X2 və 19.11.2014-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4i ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 12180565 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19.08.2013-cü il təvəllüdlü Nurlan Rüstəmzadə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 12180565 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19.11.2014-cü il təvəllüdlü Ayxan Rüstəmzadə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 26.09.2017-ci il tarixli, 11/5723 saylı müqavilədən görünür ki, həmin müqavilə “Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmışdır. İş materiallarına əlavə edilmiş 28.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2i ünvanında yerləşən “Corab” sexində 18.01.2019-cu il tarixdən hazırkı vaxtadək (iş saatı: 09:00-18:00) toxucu işləyir. Aylıq əmək haqqı 250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.10.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4, 9 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. İlk iddia üzrə cavabdehin isə ev üzərində mülkiyyət hüququnu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun ilk iddia üzrə iddiaçını evdən çıxarması qanunsuzdur. İlk iddia üzrə iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmamasından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən”məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa, çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İlk iddia üzrə cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, ilk iddia üzrə iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni ilk iddia üzrə iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, ilk iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, ilk iddia üzrə iddiaçının da övladları ilə birlikdə ilk iddia üzrə cavabdehlə bərabər həmin evdə yaşamalarını təmin etmək məqsədi ilə, onlar da qeyd olunan evə köçürülməlidir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı 22.01.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından iki uşaqları anadan olmuşdur. İddiaçı ailə qurduğu vaxtdan, yəni 2013-cü ildən qeyd olunan fərdi yaşayış evinə gəlin köçüb yaşamışdır. Özü Ağsu rayonunda qeydiyyatda olsa da, birgə nikahlarından anadan olmuş uşaqlar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evində rəsmi qeydiyyatdadırlar. Məhkəmənin 24.06.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan anadan olmuş uşaqların analarının himayəsində saxlanılmalı olduğu müəyyən edilmişdir. Boşanmadan sonra Rüstəmov Cavabdeh Şöhrət Rövşən qızı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evdən çıxartmışdır. İddiaçı məxsus cehiz əşyaları hal-hazırda iddia tələbində qeyd olunan fərdi yaşayış evində olması qarşılıqlı iddia ərizəsi ilə də təsdiqini tapır. İddiaçı Abşeron rayonu ərazisində daimi işlədiyindən və başqa yaşayış yeri olmadığından, uşaqları ilə birlikdə iddia tələbində qeyd olunan fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Məhkəmə, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinin ona və yaxın qohumlarına deyil, tamamilə başqa şəxsə məxsus olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, həmin halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, İddiaçı ailə qurduğu vaxtdan, yəni 2013-cü ildən etibarən qeyd olunan fərdi yaşayış evində yaşaması, cehiz əmlakının orada olması, birgə nikahdan anadan olmuş uşaqlarının həmin evdə qeydiyyatda olmaları, həmin ünvanın təbii qazla təchiz edilməsi barədə müqavilənin Cavabdeh ilə bağlanması kimi işin mübahisəsiz halları ilə də müəyyən olunur ki, iddia tələbində qeyd olunan fərdi yaşayış evi başqa şəxsin deyil, məhz Cavabdeh faktiki istifadəsində və sahibliyindədir. Həmin fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, mülkiyyət hüququ ilə heç kimə məxsus deyil. Məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qeyd olunan hallara əsasən, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilərək, İddiaçı yetkinlik yaşına çatmayan 19.08.2013-cü il təvəllüdlü X6 və 19.11.2014-cü il təvəllüdlü X9 ilə birlikdə ünvan 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ilk iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı ödənilməli, qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu isə, Cavabdeh özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan 19.08.2013-cü il təvəllüdlü X6 və 19.11.2014-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə köçürülsünlər. Qarşılıqlı iddia rədd edilsin. İlk iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar