Məhkəmə qərarları › İş №2(008)-6203/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6203/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6203/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhər 17 nömrəli Notariat ofisi və Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı "qohumluq faktının müəyyən edilməsinə dair” mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Bakı şəhər 17 nömrəli Notariat ofisi və Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı "qohumluq faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X25-Alik Abasoviçin, nənəsi X2 övladı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi hal-hazırda ünvan 1 ünvanında yaşayır. O xx.xx.1957-ci il tarixində Rusiya Federasiyasında anadan olub. Doğum haqqında şəhadətnaməmdə ata adı qrafasında atasının adı “Həmidov Ağa-Alik Abasoviç”, milliyyəti “azərbaycanlı”, Ana qrafasında anasının adı “X9”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilmişdir. X25-Alik Abasoviç 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. X25-Alik Abasoviç, X9 ilə İ-İİİ3 022073 N-li nikah şəhadətnaməsi əsasında Rusiya Federasiyasında nikahını rəsmiləşdirmişdir. 1933-cü il təvəllüdlü X25- Alik Abasoviç xx.xx.2018-ci il tarixində vəfat etmişdir. 1933-cü il təvəllüdlü X25-Alik Abasoviçin atasının adı (babasının adı) “X24”, anasının adı (nənəsinin adı) adı isə “X3” olmuşdur. Ərizəçinin atasının valideyinləri, yəni X24 ilə X3 1908-ci ildə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşlar. Nənəsi X3 1974-cü ildə vəfat etmişdir. 1964-cü ildə nənəsi X2 adına ünvan 1 evə dair evin texniki posportunu almışdır. Hal-hazırda ərizəçi həmin ünvanda yerləşən evdə posport qeydiyyatındadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Nənəsi X3, babası X24, X25-Alik Abasoviç və anası X9 vəfat etmişlər. Bu səbəbdən də nənəsi X2 adına olan ünvan 1 ünvanında yerləşən evə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhər 17 nömrəli Notariat ofisinə müraciət edib. Lakin X25-Alik Abasoviçin doğum şəhadətnaməsi olmadığı üçün X25-Alik Abasoviçin nənəsi X2 övladı olmasına dair qohumluq faktını təsdiq edən sənəd istənilmişdir. Həmçinin nənəsi X2 və babası X18 ölüm haqqında şəhadətnaməsini Bakı şəhər Sabunçu Rayon Qeydiyyat şöbəsindən ala bilmədyi üçün yenə də ondan X25-Alik Abasoviçin nənəsi X2 övladı olmasına dair qohumluq faktını təsdiq edən sənəd istənmişdir. Həmidov Ağa-Alik Abasoviçin doğum şəhadətnaməsi olmadığı üçün ərizəçi nənəsi X1 miras qalmış əmlaka dair vərəsəlik işi açdıra bilmir. Bu səbəbdən də ərzəçi X25-Alik Abasoviçin nənəsi X2 övladı olmasına dair qohumluq faktını təsdiqi üçün məhkəməyə müraciət edərək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X13 ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər 17 nömrəli Notariat ofisi və Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşıdır, Rusiyada doğulublar. O vaxt Rusiyada sənəd alanda hərf səhvi yarandığından hazırda problem olur. X22 Rusiyada yaşayan zaman, özü qələm ilə “Ali” yazısına müdaxilə edərək “Alik” edib. Məhkəmə iclasına dəvət olunmuş şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşıdır. Həmidova X6 nənələri olmaları faktını təsdiq edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İ-ŞZ 024264 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulmuşdur. İş materiallarında olan AZ-İ 934065 nömrəli, 24 iyul 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həmidov Ağa-Alik Abasoviç xx.xx.2018ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.1957-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həmidov Ağa-Alik Abasoviç ilə X10 arasında nikah 24 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport X11 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə cavab olaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Həmidov Ağa-Alik Abasoviçin təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Bilgəh məscidinin sənədlərində X19 ilə X2 nikahları haqqında məlumat aşkar olunub. Nikah tarixi 26 noyabr 1908- ci il. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır Həmin Məcələnin 308-ci maddəsinə əsasən isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcələnin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması, hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması, hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmişdir ki, Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə olduğu halda məhkəmə hesab edir ki ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, Həmidov Ağa-Alik Abasoviçin, X2 övladı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Gösətrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi X25-Alik Abasoviçin, X2 övladı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar