Məhkəmə qərarları › İş №2(008)-6223/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6223/2023

06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6223/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Oruzman kəndində anadan olmuş X10 - xx.xx.2016-cı il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yaşadığı evdə beyin xərçəngi xəstəliyi səbəbindən ölməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o Xəlilova (nikahdan əvvəlki soyadı: Ağakişiyeva) Tahirə Gülməmməd qızı xx.xx.1970-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Səfərli kəndində anadan olmuşdur. O, Gürcüstan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Sabunçu rayonunun ərazisində yaşayır. O, xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyasının Belqorod vilayətinin Koroçanski rayonunda X20 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ona ərinin soyadına uyğun olaraq “Xəlilova” soyadı verilib. X8 xx.xx.1969-cu il tarixdə Gürcüstanın Dmanisi rayonunun Yuxarı Oruzman kəndində anadan olub. O, əvvəllər Gürcüstan SSR-nin vətəndaşı olub. 1995-ci ildə əri ilə birlikdə Azərbaycanda yaşayan qohumlarının evinə qonaq gələn zaman Azərbaycanda yaşamaq qərarına gəlmiş və Bakı şəhərində yaşamağa davam etmişlər. Əri Azərbaycana Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmişdir. Azərbaycana gəldikdən sonra əri 2005-ci ildən əvvəl (dəqiq tarixini xatırlamıram) pasportunu itirib, daha sonra nə Azərbaycan dövlət tərəfindən, nə də Gürcüstan dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Azərbaycanda yaşadığı zaman onun X20 ilə birgə nikahından Bakı şəhərinin ərazisində üç uşağı (xx.xx.1996-cı il tarixdə X15, 15.07.2***-ci il tarixdə X21, xx.xx.2001-ci il tarixdə X18) doğulub. Uşaqları tibb müəssisəsindən kənarda doğulduğu üçün və onlar doğularkən doğuşa kömək edən həkim olmadığından, hətta doğuşdan sonra uşaqlarının doğulmağı barədə sənəd almaq üçün onlar heç bir həkimə müraciət etmədiyi üçün uşaqlarının doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi uzun müddət mümkün olmayıb. Ona görə də uşaqları heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyiblər. X8 2014-cü ildən beyin xərçəngi xəstəliyindən əziyyət çəkmiş, 2016-cı ilin dekabr ayına qədər həmin xəstəlikdən ambulator- poliklinik müalicə alıb. Həmin vaxt o, 22 saylı şəhər poliklinikasında tibbi qeydiyyatda olmuşdur. O, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yaşadığı evdə beyin xərçəngi xəstəliyindən təxminən saat 21 radələrində vəfat etdi. Vəfat etdikdən sonra onlar Təcili və X9 çağırmışlar. Təcili və X9 Stansiyasının həkimi X16 müayinə edərək ölüm hadisəsini təsdiq etdi və onun ölümünü təsdiq edən “ölüm haqqında xəbərdarlıq vərəqəsi” verdi. X8 vəfat etdikdən bir gün sonra xx.xx.2016-cı il tarixdə Abşeron rayonunun Məmmədli kəndində el arasında “Tovuz” adlanan qəbiristanlıqda dəfn edilib. Vəfat edərkən ərinin hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yox idi və həmçinin, onlar ölüm haqqında məlumatın verilməli olduğu qanunla müəyyən edilmiş müddət ərzində müvafiq tibb müəssisəsinə müraciət edib ərinin ölüm faktını təsdiq edən sənədi - ölüm haqqında tibbi şəhadətnaməni (Forma AZS-106) almamışlar. Bu səbəbdən də onun ölümü bu vaxta qədər dövlət qeydiyyatına alınmayıb. Əri vəfat etdikdən sonra o uşaqlarının sənədləşdirilməsi işinə başlasa da, uzun müddət bir nəticə əldə edə bilməmişdir. 2021-ci ildə onları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) yönəltdilər. BMT OAK-ın “sənədsiz və vətəndaşlığı olmayan şəxslərə hüquqi vardım” proqramı çərçivəsində onlara hüquqi yardım göstərildi və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qətnamələri əsasında 2023-cü ilin yanvar ayında X1 və X21, aprel ayında isə X18 Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edildilər. Daha sonra Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixdə oğlum X5 (8749289 nömrəli qərarla), xx.xx.2023-cü il tarixdə oğlum X11 (8768442 nömrəli qərarla), xx.xx.2023-cü il tarixdə isə oğlum X6 (8831693 nömrəli qərarla) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul etmişdir. Hazırda, uşaqları Gürcüstan Respublikası vətəndaşı kimi sənədləşdirilməlidirlər. Onların Gürcüstan Respublikası vətəndaşının pasportu ilə təmin edilməsi üçün ilk öncə onların Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin müəyyən edilməsi tələb olunur. Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi üçün Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinə valideynlər yaşayırsa, onların şəxsiyyətini təsdiq edən sənəd, vəfat ediblərsə, onların ölüm haqqında şəhadətnamələri təqdim edilməlidir. Lakin yuxarıda da qeyd etdiyi kimi, uşaqların atası X10 ölümü dövlət qeydiyyatına alınmadığı üçün onlar atalarının ölüm haqqında şəhadətnaməsini Səfirliyə təqdim edə bilmirlər. Bu səbəbdən də, onların Gürcüstan Respublikası vətəndaşlığına mənsubiyyətlərinin müəyyən edilməsi və nəticə etibari ilə Gürcüstan Respublikası vətəndaşının pasportu ilə təmin edilməsi mümkün olmur. Hazırda uşaqlarım heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmirlər. Uşaqları heç bir dövlətin vətəndaşı kimi sənədləşdirilmədiyi üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülüblər. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək “xx.xx.1969cu il tarixdə Gürcüstan Respublikasının Dmarisi rayonunun Yuxarı Oruzman kəndində anadan olmuş, xx.xx.2016-cı il tarixdə Bakı səhərində vəfat etmiş ərim X12 ölümünün Bakı Səhər Təcili və X9 Stansiyası tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş “ölüm haqqında xəbərdarlıq vərəqəsi” əsasında qeydə alınmasını və onun adına ölüm haqqında şəhadətnamə verilməsini” xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi özünün xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15- 494/2023 nömrəli məktubu ilə onun müraciətini aşağıdakı kimi cavablandırmışdır: “ Bildirirki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Müraciətinizə cavab olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət etməlisiniz”. xx.xx.2023-cü il tarixdə o ərinin qeydiyyatda olduğu 22 saylı şəhər poliklinikasına müraciət edərək onun - xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Oruzman kəndində anadan olmuş, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X10 - ölüm faktını, vaxtını, yerini və səbəbini təsdiq edən sənədin ölüm haqqında tibbi şəhadətnamənin ona təqdim edilməsini xahiş etmişdir. 22 saylı şəhər poliklinikası özünün xx.xx.2023-cü il tarixli, 149 nömrəli məktubu ilə onun müraciətini aşağıdakı kimi cavablandırmışdır: “Məlumat üçün bildiririk ki, Balaxanı qəsəbəsi, İİ Mədən küçəsində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi həyat yoldaşı olmuş X20 2014-cü ildən beyin xərçəngindən əziyyət çəkirdi. 2016-cı ilin dekabr ayına qədər ambulator müalicə alıb. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İİ Mədən küçəsində yaşadığı evdə vəfat etmişdir. Vəfat etdikdən sonra Təcili və X9 çağırılıb. Təcili və X9 Stansiyasının həkimi X16 müayinə edərək ölüm hadisəsi təsdiq edilmiş və “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. Mərhumun həyat yoldaşı və heç bir qohumu Forma AZS-106 almaq üçün poliklinikaya müraciət etməmişdir və buna 22 nömrəli Şəhər poliklinikasından Forma AZS-106 vermək mümkün deyil”. Bundan sonra o xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Məmmədli bələdiyyəsinə müraciət edərək ona əri - xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Oruzman kəndində anadan olmuş, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş, xx.xx.2016-cı il tarixdə dəfn edilmiş X10 xx.xx.2016-cı il tarixdə Abşeron rayonunun Məmmədli kəndində el arasında “Tovuz” adlanan qəbiristanlıqda dəfn edilməsinə dair arayış verilməsini xahiş etmişdir. Abşeron rayonu Məmmədli Bələdiyyəsi həmin müraciətə özünün xx.xx.2023-cü il tarixli, 345 nömrəli arayışı ilə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TTYS-nin xx.xx.2016-cı il tarixli xəbərdarlıq vərəqəsinə əsasən dünyasını dəyişmiş X2 rayon Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. X15, X21 və X6 şəxsiyyətini və hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədləri yoxdur, bu səbəbdən də onlar vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədirlər. İşin hallarından o da bəllidir ki, onların Gürcüstan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin edilməsi üçün ilk öncə Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin müəyyən edilməsi tələb olunur. Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi üçün Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinə valideynlər yaşayırsa, onların şəxsiyyətini təsdiq edən sənəd, vəfat ediblərsə, onların ölüm haqqında şəhadətnamələri təqdim edilməlidir. Lakin yuxarıda da qeyd etdiyim kimi, uşaqların atası X10 ölümü dövlət qeydiyyatına alınmadığı üçün onun ölüm haqqında şəhadətnaməsini Səfirliyə təqdim etmək mümkün olmur. Bu səbəbdən də, uşaqlarının Gürcüstan Respublikası vətəndaşlığına mənsubiyyətlərinin müəyyən edilməsi və nəticə etibari ilə Gürcüstan Respublikası vətəndaşı kimi sənədləşdirilməsi - Gürcüstan Respublikası vətəndaşının pasportu ilə təmin edilməsi mümkün olmur. X10 ölümünün dövlət qeydiyyatına alınması üçün o, Sabunçu Rayon Qeydiyyat Şöbəsinə onun ölüm faktını təsdiq edən sənədi - ölüm haqqında tibbi şəhadətnaməni (Forma AZS-106) təqdim etməlidir. Lakin onlar ölüm haqqında məlumatın verilməli olduğu qanunla müəyyən edilmiş müddət ərzində müvafiq tibb müəssisəsinə müraciət edib ərinin ölüm faktını təsdiq edən sənədi - ölüm haqqında tibbi şəhadətnaməni (Forma AZS-106) almamışlar. Bu səbəbdən də həmin sənədi Qeydiyyat Şöbəsinə təqdim edə bilmir. Ona görə də, X4 ölümünün dövlət qeydiyyatına alınması mümkün olmur. Bu səbəbdən də X10 ölüm faktı həmin fakt məhkəmə qaydasında müəyyən olunduqdan sonra məhkəmənin qətnaməsi əsasında Qeydiyyat Şöbəsi tərəfindən qeydə alına bilər. X4 ölüm faktının qeydiyyata alınmaması uşaqlarının Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunmamasına, bu da onların Gürcüstan Respublikası vətəndaşının pasportu ilə təmin olunmamasına və nəticədə vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi yaşamasına səbəb olur ki, bu da uşaqlarının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə onlar ayrı-seçkiliyin qurbanı olurlar. Belə ki, onlar şəxsiyyəti təsdiq edən sənədi olmayan şəxs- vətəndaşsızlıq halında olan şəxs - kimi işləmək, təhsil almaq, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından, sosial müdafiədən, dövlət xidmətlərinə çıxışdan və hər hansı bir dövlətin himayəsindən məhrum olublar. Şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması onların (xüsusən“fın kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışlarının məhdudlaşdırılmasına səbəb olur, nəticədə onlar hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmirlər. X1, X21 və X6 Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilib Gürcüstan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin olunmaları üçün atalan X10 ölüm haqqında şəhadətnaməsinin Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə təqdim olunması lazımdır. X10 adma ölüm haqqında şəhadətnamə verilməsi üçün isə onun ölüm faktının qeydə alınması lazımdır. Ona görə də xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Oruzman kəndində anadan olmuş, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş ərim X10 ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X34 Bakı Baş Səhiyyə X25 Şəxs “22 nömrəli Şəhər Poliklinikası” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum X10 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Abşeron Rayon Məmmədli Bələdiyyəsinin 345 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 Rayon Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. BŞT və TTYS Yardım Stansiyasının ölüm haqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə saat 21:41-də həkimə qədər olan kişi cinsli meyit aşkar edilmişdir. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X17 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. 3 oğlu, bir qızı vardır. X27. 2016-cı ildə dekabrın 9 ölmüşdür. Öləndə də, dəfndə də iştirak etmişdir.Öz yaşadığı evdə rəhmətə getmişdir. Koroçanski rayonu, Bolşaya Xolan kənd VVAQ bürosu tərəfində verilmiş İİ-ЛЕ 307959 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X20 ilə xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X7 izahat verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, Xəlilov Etibar ilə rəsmi nikahda olmuşlar. Onların birgə nikahından 3 oğlu, bir qızı vardır. 2016-cı ildə ərizəçinin yoldaşı Etibar beyin xərçəngi xəstəliyindən ölmüşdür. Onun ölüm yeri Bakı şəhərində yerləşən evləri olmuşdur. Uşağın kiçik olduğu üçün yas mərasimində olmamış, əri iştirak edib. Dəfnində də əri iştirak etmişdir. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X17 izahat verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, Xəlilov Etibar ilə rəsmi nikahda olmuşlar. Onların birgə nikahından 3 oğlu bir qızı vardır. 2016-cı ildə ərizəçinin yoldaşı Etibar ölmüşdür. Xəlolov Etibar ölən zaman o orda olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X20 ərizəçinin əri olmuşdur. O, xx.xx.2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə doğulmuş X10 xx.xx.2016-cı il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar