Məhkəmə qərarları › İş №2(008)-6305/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6305/2023

04.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6305/2023 04.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixində müddətsiz əmək müqaviləsi üzrə cavabdeh tərəfindən əmək müqaviləsi üzrə məşğulluq təsnifatı üzrə “Satıcı” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2015-ci il tarixində bağlanmışdır. Bir müddət sonra daha dəqiq 3 il sonra fəaliyyət sahəsinin zəif olması cavabdehin fəaliyyətini dayandırmasına səbəb olmuşdur. O, da başqa yerdə əmək fəaliyyəti ilə məşğul olmaq üçün yeni iş təklifləri almışdır. Yeni bir iş yeri axtarmaq məcburiyyətində qalmış, yeni işi tapdıqdan sonra yeni iş yerinin rəhbərliyi onunla əmək müqaviləsi bağlamaq istəsə də, onun sistemdə aktiv iş yeri olduğundan müqavilənin bağlanmasından imtina edilmişdir. Yeni əmək müqaviləsinin bağlanması üçün aktiv əmək müqaviləsi ləğv edilməlidir. Bununla bağlı o, dəfələrlə cavabdehin yaşayış yeri və işlədiyi son iş yerinə getsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Qanunvericiliyin tələblərinə görə o, məcbur olub öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə cavabdehlə bağlanmış əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı rəsmi müraciət etmişdir. Nəticədə ona xx.xx.2020-ci il tarixində rəsmi olaraq müraciətinin X1 Xidmətinin səlahiyyəti xaricində olması ilə bağlı məlumat verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. Pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından o, qanunvericiliyin tələblərinə görə ilk öncə “10 saylı Mediasiya Təşkilatına” cavabdehlə bağlanmış əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı müraciət etmişdir. Nəticədə “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə xx.xx.2023-cü il tarixli arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. Əmək müqaviləsi bildirişi elektron qaydada qeydə alındığından və üzərindən 4 (dörd) ildən çox vaxt keçməsinə baxmayaraq e-gov-da qeydiyyat ləğv edilmədiyindən hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, əmək müqaviləsinə və bildirişə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan internet vergi idarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatından görünür ki, Cavabdeh vergi ödəyicisi olaraq Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə baş idarəsində qeydiyyatdadır (VÖEN **********); -xxxxxxx000100 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən telefon mağazasına “Satıcı” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə qüvvədədir; - Mərkəzləşdirilmiş elektron informasiya sistemindən xxxxxxx000100 saylı əmək müqaviləsi bildirişi üzrə hazırlanmış iş yerinə dair xx.xx.2023-cü il tarixli arayışda İddiaçı Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən telefon mağazasına “Satıcı” vəzifəsinə işə qəbul edildiyi göstərilir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin, İddiaçı ünvanladığı **********7 saylı xx.xx.2020-ci il tarixli məktubunda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət edilməli olduğu göstərilir; -“İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli arayışda Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə mübahisə üzrə ilkin mediasiya sessiyasında iştirak etmədiyi göstərilir. Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən cavabdeh tərəfindən telefon mağazasına “Satıcı” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi üçün müraciət etsə də, cavabdeh aralarında bağlanmış əmək müqaviləsinə xitam verməmiş və bununla bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməmişdir. İddiaçının cavabdehə yazılı müraciəti olmasa da, o, dəfələrlə şifahi müraciət etdiyini və üstəlik mediasiya vasitəsilə də cavabdehə müraciət olunduğunu əsas gətirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-2-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəlsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəlsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehi xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək hüququna malikdir, cavabdeh isə öz növbəsində onun bu barədəki tələblərini yerinə yetirməyə borcludur. Eləcə də əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmalı olduğundan, həmin bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək isə cavabdehin vəzifəsi olduğundan, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilsin və bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar