Məhkəmə qərarları › İş №2(008)-6373/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6373/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6373/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 5 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 5 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X6 23 avqust 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və həmin gün Qaradağ rayonu Müşfiqabad qəbirstanlığında dəfn olunmuşdur. O, həmin vaxtdan sonra ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 30 avqust 2023-cü il tarixli 03-16 5/8-10-2080/2023 nömrəli məktubla ona bildirilmişdir ki, sənədlər tam olmadığından ölüm haqqında akt qeydiyyatı aparıla bilməz. Ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət edilərək, şöbədaxili işlərin çox olması ilə əlaqədar işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Belə olan halda məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X3 ifadəsində bildirmişdir ki, mərhum Sehran xanım onun qonşusu olub, onkoloji xəstəliyi ilə əlaqədar tez-tez yanına gedirmiş. Yaqut xanımı da tanıyır. O, təcili tibbi yardım xidmətində işləyir. Həmin gün, o, işdə olarkən Yaqut xanım ona zəng vurub, anasının rəhmətə getdiyini, ölüm faktının dəqiqləşdirmək üçün təcili tibbi yardım xidmətinə xəbər verdiyini demişdi. Mərhum 2023-cü ilin avqust ayında dünyasına dəyişib. Mərhum Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunub, bütün yas mərasimlərində iştirak edib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X9 ifadəsində bildirmişdir ki, Yaqut xanım onu baldızıdır. Həmin gün onlar, yəni iki baldızı, özü və qaynının həyat yoldaşı evdə mərhumun yanında olublar. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi, əməliyyat olunmuşdu, həkimlərin dediyinə görə son günlərini yaşayırdı. Həmin günün gecəsi də səhərə qədər yata bilməmişdi. 23 avqust 2023-cü il, səhər saatlarında Yaqut xanım mərhumun xəstəlik sənədləri ilə əlaqədar poliklinikaya getmişdi. Mərhum ona dedi ki, otağına aparmağa kömək etsin, o da, onu qucağında otağına gətirdikdən bir neçə saniyə sonra mərhum Sehran xanım dünyasını dəyişmişdir. Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunub, bütün yas mərasimlərində iştirak edib. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 16208976 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonunun B.Mərcanlı kəndində doğulmuşdur, Cəbrayıl rayonunun B.Mərcanlı kəndində qeydiyyatdadır. - Vİ-ЖГ seriyalı 372933 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1978-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur, atası X10, anası X4r. - Təcili və X5 Stansiyası 12 saylı bölmənin xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 və X5 gələnə qədər ölmüşdür. - 5 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8- 10-2080/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölümün qeydiyyatının aparılması mümkün olmamışdır. - AA seriyalı 294384 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Əskərova X7 rayonundan məcburi köçkündür. - Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş 444 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn edilmişdir. - qəbir daşının fotoşəkillərindən görünür ki, X6 xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüşdür. - 12 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 274 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X2 adına Təcili və X5 Stansiyasının 12 saylı bölməsinin xx.xx.2023-cü il tarixli 0951 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq, bu günə qədər müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar