Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6392/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, Ərizəçi vəkili Mustafayev Raqif Həmid oğlunun iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-cı ildə Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndində doğulduğu, milləti-azərbaycanlı, atası X4, anası X2 olduğu faktının müəyyən edilməsi və müəyyən edilmiş həmin fakt üzrə “Doğum haqqında şəhadətnamənin” bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndində doğulmuş, 1987-ci ildə X9 ilə nikaha daxil olmuşdur. Bir müddət sonra Qarabağ müharibəsi başlamış və onlar kəndlərini tərk edərək, qaçqın kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda məskunlaşmışlar. Sonradan ərizəçinin həyat yoldaşı sovxozdan adına torpaq sahəsi alaraq, fərdi yaşayış evi tikdirmiş və ora köçmüşlər. 1988-ci ildə Ermənistandan qaçqın düşən zaman sənədlərini itirmiş, götürə bildiyi əşyalarının içində yalnız Doğum haqqında şəhadətnaməsini aşkar etmişdir. 2023-cü ildə şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Ermənistan Respublikasını Kalinino rayonunun VVAQ şöbəsi tərəfindən verilmiş 13 noyabr 1968-ci il tarixli İ-ЗЖ seriyalı ******* nömrəli Doğum haqqında şəhadətnaməni Sabunçu rayon Polis İdarəsinə təqdim etmişdir. Cavab olaraq bildirilmişdir ki, şəxsiyyət vəsiqəsənin verilməsi üçün “Doğum haqqında şəhadətnamə” əsas sənəd olsa da, “Doğum haqqında şəhadətnamə” başqa dövlət tərəfindən verildiyi üçün ona həqiqətən Azərbaycan Respublikasının vətəndaşı olması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən arayış alınmalıdır. Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixli 3-37/2-180xxxx/2023 nömrəli məktubla arayış verməkdən imtina edərək, əsas olaraq onun qaçqın kimi Azərbaycan Respublikasının ərazisində məskunlaşmağına dair təsdiqedici sənəd tələb olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Qaçqınların və Məcbur Köçkünlərin işlər üzrə Dövlət Komitəsinə müraciət edərək, 1988-ci ildə Azərbaycan Respublikasında qaçqın kimi məskunlaşmasına dair sənəd verilməsini xahiş etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Bundan sonra o hüquqi faktın, yəni Ermənistan Respublikasında qaçqın düşməyi faktının müəyyən edilməsi barədə Sabunçu Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə vermiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-1622 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilərək, qaçqın düşməsi faktı müəyyən edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-1622 nömrəli qətnaməsi əsasında Dövlət Miqrasiya Xidmətinin 30 may 2024-cü il tarixli ******* nömrəli qərarı ilə, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması barədə qərar vermişdir. Şəxsiyyət vəsiqəsi almaq üçün 4 saylı Asan xidmət Mərkəzinin qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinə müraciət etsə də, “Doğum haqqında şəhadətnamə” mərkəzləşdirilmiş elektron sistemdə qeydə alınmadığından ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edilmişdir. Daha sonra Doğum haqqında şəhadətnaməsinin elektron sistemdə qeydə alınması ilə bağlı, 4 saylı Bakı Asan xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etsə də, bu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkməyə müraciət edərək, xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndində doğulmağı faktının (atası-X4, anası-X2 müəyyən edilməsi və qeydiyyatın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhəmə iclasında iştirak edən Ərizəçi vəkili X5 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı Asan xidmət mərkəzində Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin 3-16-5/8- 15-641/2024 nömrəli xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubda, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 817 nömrəli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsiyyətin eyniləşdirilməsinə əsas verən heç bir sənəd təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. Həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Kalinino rayonun, İlməzli kəndində doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1622/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, X1 1988-ci ildə Ermənistandan qaçqın düşməsi faktı müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* nömrəli 30 may 2024-cü il tarixli qərardan görünür ki, 19 sentyabr 1968-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. İş materiallarıda olan sənədlərlə müəyyən edilir ki, Ərizəçi xx.xx.1968-cı ildə Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndində doğulmuş, atası X4 milliyəti azərbaycanlı, anası isə X2 milliyəti azərbaycanlıdır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin eilməli, göstərilən faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndində anadan olması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi soyadı “Əfəndiyeva”, adı “Xöşqədəm”, ata adı “Musa”, doğum tarixi “xx.xx.1968-ci il”, ata qrafasında “X4”, milliyəti “azərbaycanlı”, ana qarfasında isə “X2”, milliyəti “azərbaycanlı” göstərilsin. Qətnamə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-6392/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6392/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver